Dil hər bir millətin mənəvi sərvəti, onun varlığı və simasını müəyyən edən ən mühüm amildir. Tarix boyu ana dilini qoruyan xalqlar öz müstəqilliyini və milli ruhunu da qoruyub saxlamağı bacarıblar. Azərbaycan dilinin sadəcə ünsiyyət vasitəsi olmaqdan çıxıb dövlət dili statusuna yüksəlməsi isə şanlı dövlətçilik tariximizin qızıl səhifəsidir. Bu şərəfli yolda Şah İsmayıl Xətainin dövlət fərmanlarından başlayaraq, Həsən bəy Zərdabinin “Əkinçi”si, Cəlil Məmmədquluzadənin “Anamın kitabı” və s. ideallar böyük rol oynayıb.
Belə fədailərimizdən biri də Ö.F.Nemanzadədir. O bir türkçü ideoloq kimi Azərbaycanın varlığını birmənalı şəkildə daim müdafiə edib. Bu dövrdə qələmə aldığı “Milliləşmək” və digər məqalələrində Azərbaycan türklərinin dövlətinə, dilinə, mədəniyyətinə sahib çıxmasının vacibliyindən söz açan Nemanzadə hesab edirdi ki, ilk növbədə milli dilin-türk dilini qoruyub-saxlamaq lazımdır: “Hər millətin ədəbiyyata malik dili o millətin ruhu, nişaneyi mövcudatıdır. Ondan məhrum olduğu gün mərhum olmuş, ondan uzaqlaşdığı gün qəbrinə yaxlaşmış deməkdir. Tarix bizə göstərir ki, bir millətin cahangirliyi, hökuməti hətta yeri-yurdu da əlindən alınsın, madam ki, milli ədəbiyyatı var, o millət məhv edilməz. Dili kəsilməyən millətin vücudu kəsilməz, ədəbiyyatı yaşayan millət heç vaxt ölməz”.
Azərbaycan dili, onun yad ünsürlərdən qorunması, yayılması üçün Nemanzadə daim mübarizə aparmış, publisistik və mətbu fəaliyyətinin bütün mərhələlərində dil məsələsini diqqətdə saxlayamış və bu problemə müxtəlif aspektlərdən yanaşmışdır. “Bədbəxt o millətdir ki, özgə millətin silahından ziyada dil və ədəbiyyatına əsir olaraq yaşamaqdadır”- söyləyən Ömər Faiq bu problemin nə qədər ciddi olduğunu vurğulayır və deyir:”...dili kəsilməyən millətin vücudu kəsilməz, ədəbiyyatı yaşayan millət heç vaxt ölməz”.
O, maarif sahəsində azərbaycanlılara qarşı olan öğey münasibəti öz yazılarında cəsarətlə göstərirdi. Dövrün qabaqcıl ziyalısı kimi öz xalqını dünyanın ən mədəni xalqları səviyyəsində görmək arzusu ilə yaşayan və nicat yolunu isə elmdə, təhsildə, xalqın maariflənməsində görən Nemanzadə bunu bütün açıqlığı ilə öz məqalələrində yazırdı. Nemanzadə dili mədəniyyətin əsası hesab edir, ona istisna əhəmiyyət verirdi. Dil məsələsi onun üçün ən vacib və birinci məsələlərdən idi. Bu məsələ baglı o daim narahatlıq keçirirdi. Dil o qədər vacib ünsürdür ki, onsuz nəinki milli mədəniyyət, hətta millət belə mövcud ola bilməz. Əgər bir milləti məhv etmək lazım gələrsə onun dilini əlindən almaq onun üçün ən böyük qəsddir. Dili xalq yaradır və xalq da təkmilləşdirir.
Ana dilinə olan məhəbbətin ifadəsidir ki, Ömər Faiq yazırdı: “Dil yoxluğu millət yoxluğudur”, “Mən inanmıram ki, dilini sevməyən xalqını sevsin”, “Məhəbbətlərimizin ən üst qatına dil məhəbbətini çıxarmalıyıq”, “Yazımız, dilimiz”, “İkinci ilimiz” adlı məqalələrində müəllif dilimizin ahəng qanununu inkar edib, onu ərəb-fars qəlibinə salmaq istəyənlərə tutarlı cavablar da verir. O, mübariz bir mətbuat işçisi, vətənpərvər ziyalı kimi daim Azərbaycan dilinin təmizliyi keşiyində dayanmış və bu sahəyə aid bir sıra məqalələr yazıb çap etdirmişdir. Ömər Faiqə görə milləti sevməyin birinci əlaməti onun dilini sevməkdir. Milli dil problemi onun yaradıcılığında başlıca yer tuturdu. Bu da təsadüfi deyildi. Çünki XX əsrin Azərbaycan ziyalılarının əsas mübarizə hədəflərindən biri də milli dilə xor baxan, ona biganə olanlar idi. Dilimizdə əsl öz sözlərimiz olduğu halda alınma sözlərin işlədilməsinə öz etirazını bildirirdi. Şamil Qurbanov yazırdı: “…Biz deyirik: çox heyflər olsun ki, dilimizin yarısını ərəb və fars sözləri ilə doldurub bizi dilsiz və bədbəxt etmişlər. Elm və mərifətin camaat arasında yayılmağına böyük əngəl olmuşlar. Dilimizi genişləndirərkən, qaşımızı qayırarkən gözümüzü çıxarmışlar”.
“Eşq və məhəbbət” məqaləsində Ömər Faiq dilimiz dünyadakı asan və gözəl dillərdən biri adlandırır. Ana dilimizə həqarətlə baxanları və bu dildə danışmağı şəninə kəsir bilənləri kəskin tənqid edərək deyirdi: “Bizim bəzi ağalar dilimizin çətinliyini bəhanə edib evdə arvad-uşaq ilə də özgə dil ilə danışmaq xəyalında bulunurlar. Tiflisdə beş ziyalı bir araya gələndə görməzsiniz ki, öz dili ilə danışsın. Buranın qonaqlarında, yığıncaqlarında milli dil, milli adət, milli süfrə, milli sadəlik bulmazsız. Hələ xanımlar deyəsən ki, milli dilə düşməndirlər. Bunların adları özgə, dilləri özgə, adətləri özgə, diləkləri özgə, tərbiyələri özgə, gələcəkləri özgə, məhəbbətləri özgə! Bilmirəm bunların millilikdən payları nədir? Bilmirəm bu gedişlə hara gedirik?
Xalqa məhəbbət anlayışı dilə məhəbbət anlayışı ilə bir-birindən ayrılmazdır. Ana dilinə olan məhəbbətini onun milli təəssübkeşliyi ilə əlaqələndirən yazıçı fikrini aşağıdakı cümlələrlə yekunlaşdırır. Ömər Faiq üçün Azərbaycan dilinin təmizliyi və inkişafı uğrundakı mübarizə bilavasitə milli azadlıq və inkişaf uğrundakı mübarizənin əsas mərhələlərindən biri idi və bu son dərəcə aktual problem onun yaradıcılığında bir ana xətt təşkil edirdi. Nemanzadə publisistikası ilə Azərbaycan dilinin qarşısına çəkilən sədləri dəf etməyə, dili alçaldanların, ona yuxarıdan aşağı baxanların əsl simasını açıb xalqa göstərməyə çalışırdı və onun publisistikasının həyatiliyi, istedadı, hərarəti bu istəyə nail olurdu.
Dil problemi Ömər Faiq yaradıcılığının əsas təməlini təşkil edirdi. Publisistik və mətbu fəaliyyətinin bütün mərhələlərində dil məsələsini diqqətdə saxlayan Ö.F.Nemanzadə bu problemə müxtəlif aspektlərdən yanaşmış, onu kompleks halda dəyərləndirmişdir. “Bədbəxt o millətdir ki, özgə millətin silahından ziyada dil və ədəbiyyatına əsir olaraq yaşamaqdadır”- söyləyən Ömər Faiq bu problemin nə qədər ciddi olduğunu vurğulayır. Nemanzadə xalqının maariflənməsi yolunda, onun cahillik, cəhalət girdabından xilas olması üçün çox çalışıb, çox zəhmət çəkib.
Bu gün Azərbaycan dili suveren dövlətimizin rəsmi dili kimi qürurla səslənir və hər birimizin borcu bu milli sərvəti göz bəbəyi kimi qorumaqdır.
Afaq Sadıqova
Bakı Dövət Universitetinin elmi işçisi