İyulun 31-i Azərbaycan–Qırğızıstan münasibətlərinin tarixində yeni bir səhifə kimi yadda qalacaq. Bişkekdə keçirilən yüksək səviyyəli görüşlər və imzalanan sənədlər təkcə iki dövlət arasında əməkdaşlığın növbəti mərhələsini müəyyənləşdirmədi. Bu səfər Türk dünyasının həmrəyliyinə, regional təhlükəsizliyə və Avrasiyanın gələcəyinə ünvanlanan mühüm siyasi mesaj oldu. Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri göstərdi ki, ortaq tarixə, qardaşlığa və qarşılıqlı etimada söykənən münasibətlər artıq strateji tərəfdaşlıq çərçivəsini geridə qoyaraq müttəfiqlik zirvəsinə yüksəlir. Qırğız torpağında böyük hörmət və qonaqpərvərliklə qarşılanan Azərbaycan Prezidenti İlham Əliyevlə Qırğızıstan Prezidenti Sadır Japarov arasında keçirilən görüşlər, aparılan geniş tərkibli danışıqlar və əldə olunan razılaşmalar iki ölkənin gələcək inkişaf yolunu müəyyən edən mühüm siyasi hadisəyə çevrildi. Verilən mesajlar göstərdi ki, Bakı ilə Bişkek arasında münasibətlər bundan sonra daha möhkəm hüquqi əsaslara, daha geniş iqtisadi imkanlara və daha dərin siyasi etimada söykənəcək.
Səfərin ən mühüm nəticəsi "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin imzalanması oldu. Bu sənəd iki qardaş ölkənin münasibətlərini ən yüksək siyasi mərhələyə yüksəldərək gələcək əməkdaşlığın strateji yol xəritəsini müəyyənləşdirdi.
Qırğızıstan Prezidenti Sadır Japarov bu sənədi "Azərbaycan–Qırğızıstan əməkdaşlığının yeni mərhələsinin əsasını qoyan tarixi hadisə" adlandırdı. O vurğuladı ki, son illərdə dövlət başçıları arasında formalaşan qarşılıqlı etimad və müntəzəm siyasi dialoq belə mühüm qərarın qəbulunu mümkün edib.
Prezident İlham Əliyev isə müttəfiqliyin yalnız yeni status deyil, həm də böyük məsuliyyət olduğunu bildirərək dedi:
"Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə – həm beynəlxalq platformalarda, həm iqtisadi-ticari sahədə, həm də təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik."
Bu bəyanat iki ölkənin gələcəyini ortaq strateji maraqlar əsasında birlikdə qurmaq əzmini açıq şəkildə ortaya qoydu.
Səfər iqtisadi sahədə də mühüm nəticələrlə yadda qaldı. Azərbaycan–Qırğız İnvestisiya Fondunun vəsaitinin iki dəfə artırılaraq 200 milyon ABŞ dollarına çatdırılması iqtisadi əməkdaşlığa verilən yüksək siyasi dəstəyin göstəricisi oldu.
Artıq Fond çərçivəsində üç birgə layihə uğurla həyata keçirilib, səkkiz yeni layihənin icrasına başlanılıb. Bu təşəbbüslər sənaye, kənd təsərrüfatı, logistika və digər sahələrdə yeni imkanlar açmaqla yanaşı, hər iki ölkədə məşğulluğun və qarşılıqlı investisiyaların artmasına xidmət edəcək. Danışıqlarda Orta Dəhlizin inkişafı, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və enerji əməkdaşlığının dərinləşdirilməsi xüsusi yer tutdu. Azərbaycanın Avropa ilə Mərkəzi Asiyanı birləşdirən etibarlı nəqliyyat və enerji körpüsü kimi rolu bir daha təsdiqləndi.
Azərbaycan və Qırğızıstan arasındakı münasibətlərin ən böyük üstünlüyü onların yalnız siyasi maraqlara deyil, ortaq mənəvi dəyərlərə söykənməsidir. İssık-Kul gölünün sahilində Azərbaycanın maliyyə dəstəyi ilə inşa edilən beşulduzlu "Bakı" hotelinin açılışı bunun ən parlaq nümunələrindən biri oldu. Bu layihə iqtisadi əhəmiyyətindən daha çox xalqlar arasında dostluğun və etimadın rəmzi kimi diqqət çəkir. Prezident İlham Əliyev çıxışında Qırğızıstanın Qarabağın bərpasına verdiyi qardaş dəstəyini yüksək qiymətləndirərək Ağdamda tikilən "Manas" məktəbini iki xalqın sarsılmaz birliyinin simvolu adlandırdı. Bakıda Çingiz Aytmatovun abidəsinin ucaldılması və adını daşıyan parkın salınması, Bişkekdə Qırğızıstan–Azərbaycan Dostluğu Parkının yaradılması, qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi də bu mənəvi bağların daha da möhkəmləndiyini nümayiş etdirir.
Səfərin mühüm siyasi nəticələrindən biri də Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığının yeni mərhələyə qədəm qoyması oldu.
Prezident İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə dəvət edilməsini yüksək qiymətləndirərək bunun Türk dünyasının inteqrasiyası istiqamətində mühüm addım olduğunu vurğuladı. Bu gün Bakı ilə Bişkek arasında qurulan strateji körpü əslində Xəzərdən Altaya, Qafqazdan Mərkəzi Asiyaya qədər uzanan böyük coğrafiyada əməkdaşlığın və həmrəyliyin yeni modelini formalaşdırır.
Bişkekdə imzalanan sənədlər və səsləndirilən siyasi mesajlar göstərdi ki, Azərbaycan və Qırğızıstan artıq təkcə dost və tərəfdaş deyil, ortaq maraqları, ortaq məqsədləri və ortaq gələcəyi bölüşən həqiqi müttəfiqlərdir. Energetikadan nəqliyyata, investisiyadan təhsilə, kibertəhlükəsizlikdən humanitar əməkdaşlığa qədər uzanan geniş gündəlik iki ölkə arasında əlaqələrin daha da güclənəcəyini göstərir.
İyulun 31-də Bişkekdə yazılan bu siyasi salnamə gələcək nəsillər üçün bir həqiqəti təsdiqlədi: Azərbaycan və Qırğızıstanın qardaşlığı artıq təkcə tarixdən gələn mənəvi bağ deyil, həm də ortaq gələcəyi birlikdə quran möhkəm müttəfiqlik iradəsidir.
Yalçın Əliyev
YAP Lənkəran rayon təşkilatının təşkilati işlər üzrə məsləhətçisi