Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının inzibati binasında yeni qəbul olunmuş partiya üzvlərinin bacarıqlarının müəyyənləşdirilməsi, maraq dairələrinin aşkarlanması və ideoloji maarifləndirilməsi məqsədilə “YAP üzvü olmaq həm məsuliyyət, həm də fəal vətəndaşlıq mövqeyidir” mövzusunda tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, müasir müstəqil Azərbaycan Dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev iştirakçıları salamlayaraq Yeni Azərbaycan Partiyasının yaranma tarixindən və Azərbaycanın dövlətçilik salnaməsində oynadığı misilsiz roldan ətraflı bəhs edib.
“Yeni Azərbaycan Partiyası ölkəmizin ağır, taleyüklü günlərində xalqın yekdil arzusu və tələbi ilə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında təsis olunub. Ötən illər ərzində YAP yalnız bir siyasi təşkilat kimi deyil, ümumxalq partiyası kimi formalaşaraq dövlətimizin inkişafı, sabitliyi və qüdrətlənməsində mühüm tarixi missiyanı uğurla yerinə yetirib. Bu gün Möhtərəm Prezidentimiz, Partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə YAP böyük zəfərlərə, möhtəşəm uğurlara imza atan, gələcəyə inamla irəliləyən bir güc mərkəzidir,” — deyə İqbal Əmənullayev vurğulayıb. Sədr bildirib ki, YAP sıralarına daxil olmaq sadəcə bir siyasi mənsubiyyət deyil, eyni zamanda müstəqil dövlətimizin tərəqqisinə töhfə vermək, ümummilli mənafelər uğrunda fəal vətəndaşlıq mövqeyi nümayiş etdirmək deməkdir.
Tədbirdə çıxış edən Viyən kənd ərazi partiya təşkilatının sədri Fəxri Hüseynov yeni qəbul olunan üzvləri səmimiyyətlə təbrik edib. O, öz zəngin təcrübəsindən bölüşərək, rayon təşkilatının fəaliyyətinin gənclərin daxili potensialının üzə çıxarılmasında, onların bir şəxsiyyət və fəal vətəndaş kimi formalaşmasında oynadığı mühüm rolu qeyd edib və gənclərə dəyərli tövsiyələrini verib.
Partiya sıralarına yeni qoşulan gənclərdən Şovu kənd tam orta məktəbinin müəllimi Sevər Bayramova və LDU nəzdində Sosil və Aqrar-Texnoloji Kollecin tələbəsi Elvina Həsənli çıxış edərək Ümummilli Lider Heydər Əliyev ideyalarına sadiq qalacaqlarını, ölkə rəhbərinin ətrafında sıx birləşərək Yeni Azərbaycan Partiyasının üzvü adını şərəflə daşıyacaqlarını və bundan böyük qürur duyduqlarını ifadə ediblər.
Tədbirin yekununda təntənəli təqdimat mərasimi keçirilib. YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev və ƏPT sədrləri partiyaya yeni qəbul olunan gənclərə üzvlük vəsiqələrini təqdim ediblər. Ərazi partiya təşkilatları sədrlərindən Viyən kənd ƏPT sədri Hüseynov Fəxri, Kosalar kənd ƏPT sədri Abdullayev Kamran və Şovu kənd tam orta məktəbinin direktoru Bayramova Könül, partiya fəalı Qasımova Türkan partiyanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətlərinə görə Təşəkkürnamə və qiymətli hədiyyələrlə təltif olunublar.
Sonda İqbal Əmənullayev bir daha yeni üzvlərə partiya fəaliyyətində uğurlar arzulayaraq, onlara gələcək işlərində məsuliyyətli, təşəbbüskar və Vətənə layiq fərdlər olmalarını tövsiyə edib.
Tədbir xatirə fotosunun çəkdirilməsi ilə başa çatıb.