Azərbaycanın qədim dövlətçilik və mədəniyyət tarixində xüsusi yeri olan Naxçıvan özünəməxsus tarixi, zəngin mədəni irsi, görkəmli şəxsiyyətləri və əlverişli coğrafi mövqeyi ilə seçilir. Bu qədim diyar əsrlər boyu Azərbaycan xalqının siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayıb. Bu gün Naxçıvanda həyata keçirilən genişmiqyaslı tədbirlər də yalnız müasir inkişaf məqsədlərinə deyil, həm də bu zəngin irsin qorunaraq gələcək nəsillərə çatdırılmasına xidmət edir.
11 avqust 2026-cı ildə Prezident İlham Əliyevin Naxçıvana səfəri çərçivəsində tarixi-mədəni irslə bağlı məsələlərin xüsusi diqqət mərkəzində olması da təsadüfi deyil. Azərbaycan Televiziyasına verdiyi müsahibədə dövlət başçısının Naxçıvanın zəngin tarixi və memarlıq mədəniyyəti barədə səsləndirdiyi fikirlər bu istiqamətdə dövlət siyasətinin mahiyyətini aydın göstərdi. Naxçıvanın qədim Atabəylər dövlətinin paytaxtı olması, burada müxtəlif dövrlərə aid dünya əhəmiyyətli tarixi abidələrin yerləşməsi bu ərazinin milli-mədəni irsimiz baxımından nə qədər böyük əhəmiyyət daşıdığını bir daha təsdiqləyir. Bu baxımdan Möminə xatun məqbərəsinin bərpası, digər tarixi-mədəni obyektlərin konservasiyası və qorunması ilə bağlı həyata keçirilən tədbirlər mühüm əhəmiyyət daşıyır. XII əsrin görkəmli memarı Əcəmi Naxçıvaninin yaratdığı Möminə xatun məqbərəsi Azərbaycan memarlıq məktəbinin ən qiymətli nümunələrindən biridir. Abidənin bərpasına göstərilən diqqət tarixi irsin qorunması ilə yanaşı, milli memarlıq ənənələrinin yaşadılmasına da xidmət edir.
Naxçıvanın mədəni irsi yalnız qədim abidələrlə məhdudlaşmır. Bu torpaq Azərbaycan xalqına çoxsaylı görkəmli şəxsiyyətlər bəxş edib. Onların arasında Azərbaycan dövlətçilik tarixində müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin xüsusi yeri var. Naxçıvan Ulu Öndərin həyatında və siyasi fəaliyyətində mühüm tarixi mərhələnin keçdiyi məkan olmaqla yanaşı, onun dövlətçilik ideyalarının daha da möhkəmləndiyi siyasi məktəbə çevrilib. Məhz Naxçıvanda Ulu Öndərin rəhbərliyi ilə milli dövlətçilik düşüncəsinin, müstəqillik ideyalarının və milli həmrəyliyin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
Naxçıvanda əsası qoyulan bu mühüm siyasi xətt sonrakı mərhələdə bütün Azərbaycanın inkişafında özünü göstərdi. Ulu Öndər Heydər Əliyevin Naxçıvanda formalaşdırdığı dövlətçilik mövqeyi və milli ideyaları daha sonra onun Azərbaycana rəhbərliyi dövründə ümummilli inkişaf strategiyasına çevrildi. Müstəqil dövlətçiliyin möhkəmləndirilməsi, siyasi sabitliyin və iqtisadi inkişafın təmin olunması, Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətin təməlində məhz bu möhkəm dövlətçilik fəlsəfəsi dayanırdı. Bu mənada Naxçıvanda başlayan mühüm tarixi proseslər yalnız həmin dövr üçün deyil, Azərbaycanın sonrakı inkişaf yolu üçün də böyük əhəmiyyət daşıdı.
Məhz buna görə Naxçıvanın inkişafına yalnız iqtisadi göstəricilər prizmasından yanaşmaq düzgün olmazdı. Müasir infrastrukturun yaradılması, sosial-iqtisadi imkanların genişləndirilməsi ilə yanaşı, milli kimliyi formalaşdıran tarix, mədəniyyət, dil, ədəbiyyat və memarlıq irsinin qorunması da bu inkişafın ayrılmaz hissəsidir. Müasir Naxçıvanın simasında qədim tarixlə yeni inkişaf modelinin vəhdəti formalaşır.
Bu inkişafın mühüm istiqamətlərindən biri də insanların sosial rifahının yüksəldilməsi və müasir xidmət imkanlarının genişləndirilməsidir. Naxçıvanda DOST Mərkəzinin fəaliyyətə başlaması, “ASAN xidmət” imkanlarının yaradılması və sosial infrastrukturun yenilənməsi dövlət xidmətlərinin vətəndaşlara daha əlçatan olmasına şərait yaradır. Bu yanaşmanın əsas məqsədi iqtisadi göstəricilərlə yanaşı, insanların gündəlik həyat keyfiyyətinin də yüksəldilməsidir.
Naxçıvanın kənd təsərrüfatı potensialından daha səmərəli istifadə olunması da qarşıdakı inkişaf mərhələsinin mühüm istiqamətlərindəndir. Kənd təsərrüfatının inkişafına dair qəbul edilmiş Dövlət Proqramında muxtar respublikaya xüsusi yer ayrılması bunun göstəricisidir. Suvarma layihələrinin həyata keçirilməsi, yeni artezian quyularının qazılması və müasir suvarma sistemlərinin qurulması kənd təsərrüfatı üçün istifadə imkanlarını genişləndirəcək, məhsuldarlığın artırılmasına və kənd yerlərində məşğulluğun yüksəldilməsinə şərait yaradacaq.
Digər tərəfdən, Naxçıvanda sənayenin inkişaf etdirilməsi və yeni iş yerlərinin yaradılması sosial-iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Naxçıvan Sənaye Parkının yaradılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Müasir sənaye müəssisələrinin formalaşdırılması, yerli istehsalın genişləndirilməsi və yeni məşğulluq imkanlarının yaradılması muxtar respublikanın iqtisadi fəallığının artmasına mühüm töhfə verəcək. Bu proses xüsusilə gənclərin və əmək qabiliyyətli əhalinin yeni imkanlarla təmin olunması baxımından əhəmiyyətlidir.
Naxçıvanın inkişaf potensialının mühüm istiqamətlərindən biri də turizmdir. Qədim tarixi abidələr, zəngin mədəni irs, özünəməxsus təbiət, dağlıq ərazilər, təmiz hava və mənzərəli məkanlar muxtar respublikada turizmin inkişafı üçün geniş imkanlar yaradır. Bu potensialın tam reallaşdırılması üçün müasir turizm infrastrukturunun yaradılması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Naxçıvan şəhərində yeni beşulduzlu mehmanxananın təməlinin qoyulması mühüm addımlardan biridir. Müasir hotel infrastrukturunun genişləndirilməsi həm yerli, həm də xarici turistlərin bölgəyə marağının artırılmasına xidmət edə bilər. Turizmin inkişafı öz növbəsində digər sahələrə də müsbət təsir göstərir. Tarixi abidələrin qorunması, yolların və xidmət infrastrukturunun yaxşılaşdırılması, ictimai iaşə və digər xidmət sahələrinin genişləndirilməsi Naxçıvanın iqtisadi həyatına əlavə dinamizm gətirə bilər. Beləliklə, tarixi-mədəni irsin qorunması ilə iqtisadi inkişaf arasında qarşılıqlı əlaqə daha da möhkəmlənir.
Naxçıvanın gələcək inkişafına daha geniş regional kontekstdə yanaşmaq da vacibdir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı quruculuq işlərinin aparılması, Zəngəzur istiqamətində yeni nəqliyyat və iqtisadi bağlantıların formalaşması Naxçıvanın ölkənin digər regionları ilə əlaqələrinin daha da güclənməsi üçün yeni perspektivlər yaradır. Tarixən bir-biri ilə sıx bağlı olmuş Naxçıvan, Zəngəzur və Qarabağ coğrafiyasının müasir inkişaf prosesində yenidən daha sıx iqtisadi və nəqliyyat əlaqələri ilə bir-birinə bağlanması regionun ümumi potensialını artıracaq.
Bir sözlə, Naxçıvanın bugünkü inkişaf mənzərəsi göstərir ki, qədim tarixə və zəngin mədəni irsə malik bu diyar müasir inkişafın bütün istiqamətlərində yeni imkanlar qazanır. Tarixi abidələrin qorunmasından sosial xidmətlərin genişləndirilməsinə, kənd təsərrüfatının və sənayenin inkişafından turizm potensialının reallaşdırılmasına qədər həyata keçirilən tədbirlər Naxçıvanın hərtərəfli inkişafına hesablanıb. Bu proses qədim və müasirliyin vəhdətində Naxçıvanın özünəməxsus inkişaf modelini daha da möhkəmləndirir.
Elnur Hüseynov,
Salyan rayon Statistika İdarəsinin rəisi, YAP fəalı