Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 11 avqust 2026-cı il tarixində Naxçıvan Muxtar Respublikasına növbəti rəsmi səfəri Azərbaycanın bu strateji bölgəsinin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Dövlət başçısının Naxçıvana sayca 17-ci səfəri regionun sosial-iqtisadi inkişafı, idarəetmə sisteminin təkmilləşdirilməsi, təhlükəsizlik potensialının gücləndirilməsi və genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi baxımından mühüm siyasi və praktiki əhəmiyyət daşıyır.
Səfərin xüsusi əhəmiyyəti həm də onun Naxçıvanda Prezidentin Xüsusi Nümayəndəliyi institutunun formalaşdığı və 2026-cı ilin martında Muxtar Respublikanın Konstitusiyasına edilmiş dəyişikliklərdən sonrakı yeni mərhələyə təsadüf etməsi ilə bağlıdır. Bu proses Naxçıvanın idarə olunmasında müasir yanaşmaların tətbiqini, dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasını və regionun vahid milli inkişaf strategiyasına daha sıx inteqrasiyasını şərtləndirir.
Son illərdə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq və şəhərsalma layihələri Azərbaycanın yeni inkişaf modelinin mühüm nümunəsinə çevrilib. Naxçıvanda da müasir şəhərsalma prinsiplərinin tətbiqi bu modelin ölkənin digər strateji ərazilərinə inteqrasiyasının göstəricisidir. Naxçıvan şəhərinin yeni Baş Planının hazırlanması, şəhər infrastrukturunun yenilənməsi, sosial obyektlərin tikintisi və nəqliyyat sisteminin müasirləşdirilməsi qarşıdakı dövrdə bölgənin simasının əhəmiyyətli dərəcədə dəyişəcəyini göstərir.
Səfər çərçivəsində təməli qoyulan Naxçıvan Sənaye Parkı xüsusi diqqət çəkir. Sumqayıtdan sonra ölkənin ən böyük sənaye zonalarından birinə çevrilməsi nəzərdə tutulan bu layihə regionun iqtisadi potensialının artırılması, yeni istehsal sahələrinin yaradılması və məşğulluğun genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Sənaye Parkının ərazisində 300 meqavatlıq İstilik Elektrik Stansiyasının təməlinin qoyulması isə sənaye inkişafı ilə enerji təhlükəsizliyinin paralel şəkildə təmin olunmasına xidmət edir.
Naxçıvanın enerji potensialının reallaşdırılması da yeni inkişaf strategiyasının əsas istiqamətlərindəndir. Günəş enerjisi baxımından əlverişli coğrafi mövqeyə malik olan muxtar respublikanın 500–1000 meqavat həcmində bərpaolunan enerji potensialından istifadə etməklə 2050-ci ilədək “xalis sıfır karbonlu” əraziyə çevrilməsi qarşıya mühüm hədəf kimi qoyulub. “Şəms 1” və “Qərbi Üfüq” layihələri də bu istiqamətdə həyata keçirilən işlərin miqyasını nümayiş etdirir. Yaşıl enerji sahəsində görülən tədbirlər yalnız daxili enerji tələbatının ödənilməsinə deyil, gələcəkdə elektrik enerjisinin regional və Avropa bazarlarına çıxarılmasına da yeni imkanlar yarada bilər.
Naxçıvanın inkişafında nəqliyyat-logistika amili də xüsusi yer tutur. Muxtar Respublikanın Türkiyə ilə birbaşa sərhədə malik olması onun regional nəqliyyat əlaqələrində strateji əhəmiyyətini artırır. Zəngəzur dəhlizi və İğdır–Naxçıvan xətti üzrə həyata keçirilən layihələr Naxçıvanın regional ticarət və logistika qovşağına çevrilməsi üçün mühüm perspektivlər açır. Dəmir yolunun Naxçıvan seqmentində aparılan yenidənqurma işləri nəticəsində yükdaşımaların illik həcminin 15 milyon tona çatdırılmasının nəzərdə tutulması da bu strategiyanın miqyasını göstərir.
Horadiz–Ağbənd avtomobil yolunun tikintisinin yekun mərhələyə çatması və həmin istiqamətdə dəmir yolu layihəsinin davam etdirilməsi Azərbaycanın regionda nəqliyyat əlaqələrinin bərpasına verdiyi strateji önəmi bir daha təsdiqləyir. Bu layihələrin reallaşması Naxçıvanın Orta Dəhliz üzrə beynəlxalq nəqliyyat marşrutlarına daha fəal şəkildə qoşulmasına və onun mühüm logistika mərkəzinə çevrilməsinə imkan verəcək.
Səfər zamanı Naxçıvanın müdafiə və təhlükəsizlik məsələləri də diqqət mərkəzində olub. Əlahiddə Ümumqoşun Orduda yeni komando bölmələrinin yaradılması və onlara Döyüş bayraqlarının təqdim edilməsi muxtar respublikanın müdafiə qabiliyyətinin müasir tələblər səviyyəsində təmin edilməsinə yönəlmiş tədbirlərin ardıcıl xarakter daşıdığını göstərir. Bu, eyni zamanda, Azərbaycanın dövlət sərhədlərinin və ərazi bütövlüyünün etibarlı müdafiəsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu nümayiş etdirir.
Naxçıvanın sosial inkişafı da diqqətdən kənarda qalmır. Şəhərin nəqliyyat sistemində köhnə avtobusların yenilənməsi, yeni elektrik avtobuslarının istifadəyə verilməsi, rayonlararası daşımaların müasirləşdirilməsi üçün 217 yeni avtobusun alınmasının planlaşdırılması əhalinin gündəlik həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Yeni beşulduzlu hotelin təməlinin qoyulması, uşaq bağçalarının tikintisi və təmiri ilə bağlı layihələrin nəzərdən keçirilməsi isə turizm və sosial infrastrukturun paralel inkişaf etdirildiyini göstərir.
Bütün bunlar Naxçıvanın inkişafının yalnız bir istiqamətlə məhdudlaşmadığını göstərir. Burada təhlükəsizlik, sənaye, enerji, nəqliyyat, turizm, şəhərsalma və sosial siyasət vahid inkişaf konsepsiyasının tərkib hissələri kimi çıxış edir. Dövlət başçısının bölgəyə xüsusi diqqəti və həyata keçirilən layihələr Naxçıvanın Azərbaycanın gələcək iqtisadi və geosiyasi xəritəsində daha mühüm mövqe tutacağını deməyə əsas verir.
Naxçıvanın Türkiyə ilə birbaşa əlaqələri onun türk dünyasının inteqrasiyasında da xüsusi rolunu şərtləndirir. Azərbaycanın Şərqlə Qərb, Mərkəzi Asiya ilə Avropa arasında mühüm nəqliyyat və enerji bağlantıları yaratmaq siyasətində Naxçıvanın strateji mövqeyi getdikcə daha aydın görünür.
Beləliklə, Prezident İlham Əliyevin Naxçıvana 11 avqust səfəri yalnız görülən işlərlə tanışlıq xarakteri daşımır. Bu səfər regionun gələcək inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, strateji layihələrin sürətləndirilməsi və Naxçıvanın Azərbaycanın vahid inkişaf modelinə daha dərindən inteqrasiyasının növbəti mərhələsini ifadə edir. Naxçıvan qarşıdakı illərdə güclü sənaye bazasına, müasir nəqliyyat infrastrukturuna, yaşıl enerji potensialına və yüksək təhlükəsizlik imkanlarına malik strateji mərkəz kimi Azərbaycanın regional mövqelərinin möhkəmləndirilməsində mühüm rol oynaya bilər.
Nurlana Yusifova
YAP Samux rayon təşkilatının əməkdaşı