Naxçıvanın iqtisadi inkişafında qarşıya qoyulan əsas məqsədlərdən biri regionun mövcud potensialını daha səmərəli şəkildə dövriyyəyə cəlb etmək, istehsal imkanlarını genişləndirmək və iqtisadiyyatın şaxələndirilməsini təmin etməkdir. Bu baxımdan Naxçıvan Sənaye Parkının yaradılması mühüm strateji addımdır. Sənaye Parkı sadəcə yeni istehsal müəssisələrinin yerləşəcəyi ərazi deyil, Naxçıvanın iqtisadi strukturunda sənayenin rolunu artırmağa, sahibkarlığı stimullaşdırmağa və regionu daha rəqabətqabiliyyətli istehsal məkanına çevirməyə hesablanmış uzunmüddətli layihədir.
Naxçıvan Sənaye Parkının yaradılması Prezident İlham Əliyevin 5 dekabr 2024-cü il tarixli Fərmanı ilə qərara alınıb. Fərmanda Parkın müasir texnologiyaların tətbiqi ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlərin göstərilməsi, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən infrastrukturun formalaşdırılması məqsədi daşıdığı müəyyən edilib. Park üçün Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan–Sədərək avtomobil yolunun cənubunda 310 hektar ərazi nəzərdə tutulub.
Bu qərarın əhəmiyyəti Naxçıvanın iqtisadi inkişafının yeni mərhələyə keçirilməsi baxımından xüsusilə böyükdür. Çünki müasir iqtisadiyyatda regionun rəqabət qabiliyyəti yalnız təbii resursların və mövcud müəssisələrin sayından asılı deyil. Bunun üçün müasir infrastruktur, əlverişli biznes mühiti, texnologiyalar, investisiya imkanları və istehsalın bazarlara çıxışını təmin edən logistika sistemi tələb olunur. Sənaye Parkı məhz bu amilləri bir məkanda birləşdirməyə imkan verir.
Naxçıvanın sənayeləşməsi üçün belə bir platformanın yaradılması həm də iqtisadiyyatın daha çox əlavə dəyər yaradan sahələrə istiqamətləndirilməsi deməkdir. Yerli xammalın emal olunaraq hazır məhsula çevrilməsi, yeni istehsal zəncirlərinin yaradılması və rəqabətqabiliyyətli məhsulların istehsalı Naxçıvanın iqtisadi potensialının daha səmərəli istifadəsinə şərait yarada bilər. Bu isə regionun yalnız daxili tələbatın ödənilməsində deyil, ixrac imkanlarının genişləndirilməsində də rolunu artırar.
Naxçıvanın sosial-iqtisadi inkişaf strategiyasında da ixracyönlü sənayenin inkişafına xüsusi əhəmiyyət verilir. Rəsmi sənədlərdə Sənaye Parkının yaradılması, müasir texnologiyaların tətbiqi, rəqabətqabiliyyətli sənaye sahələrinin formalaşdırılması, xarici bazarlara çıxışın stimullaşdırılması və investisiyaların cəlb edilməsi əsas istiqamətlər sırasında müəyyənləşdirilib.
Sənaye Parkının yaradılmasını Naxçıvanın digər inkişaf layihələrindən təcrid olunmuş şəkildə nəzərdən keçirmək də düzgün olmaz. Qarşıdakı mərhələdə nəqliyyat bağlantılarının genişlənməsi, enerji potensialının artırılması və yaşıl enerji layihələrinin reallaşdırılması sənaye üçün daha əlverişli şərait formalaşdıracaq. Xüsusilə Naxçıvanın böyük günəş enerjisi potensialının iqtisadi dövriyyəyə cəlb edilməsi istehsal müəssisələrinin dayanıqlı və uzunmüddətli enerji təminatı baxımından yeni imkanlar yarada bilər.
Nəqliyyat amili də burada xüsusi əhəmiyyət daşıyır. Zəngəzur bağlantısının reallaşması ilə Naxçıvanın Azərbaycanın əsas hissəsi və daha geniş regional nəqliyyat sistemi ilə əlaqələrinin güclənməsi sənaye məhsullarının daşınması üçün əlavə imkanlar yarada bilər. Beləliklə, Sənaye Parkı ilə nəqliyyat layihələri arasında qarşılıqlı tamamlayıcılıq formalaşır: biri istehsal imkanlarını artırır, digəri həmin istehsalın bazarlara çıxışını asanlaşdırır.
Sənaye Parkının başqa bir mühüm xüsusiyyəti sahibkarlığın inkişafına yaratdığı institusional şəraitdir. Parkın idarə olunmasının İqtisadi Zonaların İnkişafı Agentliyinə həvalə edilməsi və burada elektrik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, istehsal və sosial infrastrukturun yaradılmasının nəzərdə tutulması sahibkarların fəaliyyətini asanlaşdıran vahid sənaye mühiti formalaşdırmağa xidmət edir.
Bu model Naxçıvan üçün xüsusilə əhəmiyyətlidir. Çünki sənaye müəssisəsinin yaradılması yalnız investisiya qoyuluşu ilə bitmir. Sahibkar üçün enerji, logistika, kommunal xidmətlər, istehsal sahəsi və digər infrastruktur məsələlərinin əvvəlcədən həll olunması layihənin reallaşma imkanlarını əhəmiyyətli dərəcədə artırır. Dövlətin əsas infrastruktur yükünü üzərinə götürməsi isə özəl investisiyaların istehsala yönəldilməsi üçün daha əlverişli mühit yaradır.
Naxçıvan Sənaye Parkının perspektivləri regionun məşğulluq imkanlarının genişləndirilməsi baxımından da diqqətəlayiqdir. Yeni müəssisələrin yaradılması yalnız birbaşa iş yerlərinin artmasına deyil, onların ətrafında xidmət, logistika, təchizat və digər sahələrin inkişafına da səbəb ola bilər. Bununla yanaşı, müasir texnologiyaların tətbiqi yerli əmək bazarında yeni peşə və bacarıqlara tələbat yaradacaq, gənclərin sənaye və texnologiya sahələrinə cəlb olunmasına əlavə imkanlar verəcək.
Burada əsas məqsəd yalnız müəssisələrin sayını artırmaq olmamalıdır. Naxçıvan Sənaye Parkının əsl uğuru onun dəyər zəncirləri yarada bilməsində ölçüləcək. Yəni xammalın istehsalından emala, emaldan hazır məhsula, hazır məhsuldan isə daxili və xarici bazarlara çıxışa qədər vahid iqtisadi zəncir formalaşmalıdır. Bu baş verdikdə Sənaye Parkı ayrı-ayrı müəssisələrin yerləşdiyi ərazi olmaqdan çıxaraq Naxçıvan iqtisadiyyatının yeni istehsal mərkəzinə çevrilə bilər.
Bu baxımdan Naxçıvan Sənaye Parkı ölkənin digər sənaye parkları ilə formalaşan ümumi sənaye siyasətinin də mühüm halqasıdır. Azərbaycan regionlarda sənayeləşməni sürətləndirməklə iqtisadi fəallığı yalnız paytaxt və iri şəhərlərdə cəmləşdirməməyə, müxtəlif regionların öz potensialına uyğun istehsal imkanlarını genişləndirməyə çalışır. Naxçıvan üçün yaradılan bu sənaye platforması da həmin siyasətin özünəməxsus regional ifadəsidir.
Digər tərəfdən, Naxçıvanın Türkiyə ilə birbaşa sərhədi, Zəngəzur bağlantısının perspektivləri və Azərbaycanın Avrasiya nəqliyyat sistemində artan rolu Sənaye Parkının gələcək ixrac imkanlarını daha da genişləndirə bilər. Naxçıvan burada yalnız istehsal məkanı deyil, həm də istehsal olunan məhsulların regional bazarlara çıxarıla biləcəyi strateji coğrafiya kimi çıxış edə bilər.
Beləliklə, Naxçıvan Sənaye Parkının yaradılması bir layihədən daha artıq məna daşıyır. Bu, Naxçıvanın iqtisadiyyatının strukturunda sənayenin çəkisinin artırılması, sahibkarlığın gücləndirilməsi, yerli resurslardan daha səmərəli istifadə və ixracyönlü istehsalın genişləndirilməsi üçün institusional baza yaradır.
Prezident İlham Əliyevin Naxçıvanın gələcək inkişafı ilə bağlı müəyyən etdiyi yanaşma da məhz kompleks xarakter daşıyır: enerji, nəqliyyat, sənaye, investisiya və infrastruktur bir-birini tamamlamalıdır. Sənaye Parkı bu sistemdə istehsal və əlavə dəyər yaradan əsas həlqələrdən biri ola bilər.
Nəticə etibarilə, Naxçıvan Sənaye Parkı muxtar respublikanın iqtisadi həyatında yeni mərhələnin başlanğıcını qoyan strateji layihələrdəndir. Onun qarşısında duran əsas vəzifə Naxçıvanın mövcud imkanlarını müasir texnologiyalar, investisiya və sahibkarlıq təşəbbüsləri ilə birləşdirərək rəqabətqabiliyyətli sənaye mühiti yaratmaqdır.
Naxçıvanın gələcəyində sənaye yalnız iqtisadiyyatın bir sahəsi olmayacaq. O, yeni iş yerlərinin, ixrac imkanlarının, texnoloji inkişafın və iqtisadi dayanıqlılığın əsas dayaqlarından birinə çevrilə bilər. Naxçıvan Sənaye Parkı da məhz bu yeni iqtisadi modelin formalaşması üçün mühüm platformadır.
İldırım Zeynallı,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Neftçala şəhər İƏD üzrə nümayəndə