PDF Oxu

Siyasət

  • 954

Tarixdən zəfərə, zəfərdən dirçəlişə - ŞƏRH

image

Azərbaycanın qədim və strateji əhəmiyyətli yaşayış məskənlərindən biri olan Laçın öz zəngin tarixi, təbii gözəllikləri və mədəni irsi ilə xalqımızın yaddaşında xüsusi yer tutur. 26 avqust – Laçın Şəhəri Günü isə şəhərin tarixində yeni mərhələnin başlanmasını, ərazi bütövlüyümüzün bərpasını və Laçının yenidən doğuluşunu simvolizə edən əlamətdar tarixdir.

Laçın rayonu Azərbaycanın qərbində yerləşən, geostrateji baxımdan mühüm əhəmiyyət daşıyan bölgələrdən biridir. Rayon 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal nəticəsində Laçın əhalisi doğma yurd-yuvasından didərgin salınaraq etnik təmizləməyə məruz qaldı. Üç yüzdən artıq hərbi və mülki şəxs həlak oldu və ya itkin düşdü. Minlərlə insan uzun illər ərzində doğma torpaqlarına qayıtmaq həsrəti ilə yaşadı.

İşğal Laçının yalnız insan talelərinə deyil, onun maddi və mənəvi irsinə də ağır zərbə vurdu. Rayon ərazisində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət obyekti, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, internat məktəbi, orta texniki peşə məktəbi, avtonəqliyyat və müxtəlif istehsal müəssisələri talan və məhv edildi. Laçının 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi abidəsi vandalizmə məruz qaldı. Bu faktlar işğalın miqyasını və xalqımızın üzləşdiyi itkilərin ağırlığını aydın şəkildə göstərir.

Lakin Laçın heç vaxt Azərbaycan xalqının yaddaşından silinmədi. Uzun illər ərzində laçınlıların doğma torpaqlara qayıdacağı günə olan inamı yaşadı. 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yolun əsasını qoydu. 2020-ci il dekabrın 1-də Laçın rayonunun Azərbaycana qaytarılması ilə rayonun yeni tarixinin təməli atıldı.

Laçın şəhərinin azad olunması isə bu tarixi prosesin mühüm mərhələlərindən biri oldu. 26 avqust 2022-ci ildə Azərbaycan Ordusunun bölmələrinin şəhərə daxil olması ilə Laçın şəhəri nəzarətə götürüldü. Bununla da üç onillikdən artıq davam edən həsrətə son qoyuldu. 26 avqustun Laçın Şəhəri Günü kimi qeyd olunması da məhz bu tarixi hadisənin əhəmiyyətini gələcək nəsillərə çatdırmaq baxımından mühüm rəmzi məna daşıyır.

Bu gün Laçında genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Şəhərin müasir siması formalaşdırılır, yaşayış məhəllələri, sosial obyektlər və infrastruktur yaradılır, tarixi-mədəni irsin qorunması istiqamətində mühüm addımlar atılır. Laçının yenidən qurulması yalnız fiziki bərpa prosesi deyil, həm də doğma yurda qayıdışın, milli həmrəyliyin və tarixi ədalətin təntənəsidir.

Laçın bu gün keçmişin ağrılarını özündə yaşadan, lakin gələcəyə böyük inamla addımlayan bir şəhərdir. Dağları, meşələri, çayları və zəngin təbiəti ilə seçilən bu qədim yurd artıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Doğma torpaqlarına qayıdan laçınlıların səsi, qurulan yeni həyat və aparılan abadlıq işləri şəhərin yenidən canlandığını nümayiş etdirir.

26 Avqust – Laçın Şəhəri Günü həm də şəhidlərimizin xatirəsinə ehtiram, keçmişdən dərs çıxarmaq və gələcəyə inam günüdür. Bu tarix bizə bir daha göstərir ki, doğma torpağa bağlılıq, milli iradə və əzmkarlıq ən ağır sınaqların belə öhdəsindən gəlməyə imkan verir.

Laçın bu gün azaddır, yenidən qurulur və öz sahiblərini qoynuna alır. Şəhərin dirçəlişi Azərbaycanın Böyük Qayıdış siyasətinin mühüm səhifələrindən birini təşkil edir. 26 Avqust bundan sonra yalnız bir şəhərin təqvimdəki xüsusi günü deyil, həm də Laçının işğaldan azad olunmasının, xalqımızın tarixi yaddaşının və Zəfərimizin rəmzi kimi yaşayacaq.

Lalə Mədətova

YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Digər xəbərlər