PDF Oxu

Siyasət

  • 538

Prezidentin Özbəkistan səfəri: Yeni inkişaf erasının başlanğıcı! - ŞƏRH

image

Birmənalı şəkildə qeyd etməliyik ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında son illərdə sürətlə inkişaf edən münasibətlərin məntiqi davamı olmaqla yanaşı, Azərbaycan–Özbəkistan müttəfiqliyinin yeni mərhələyə keçidini nümayiş etdirən mühüm siyasi və tarixi hadisədir.

Səfərin gündəliyində yüksəksəviyyəli danışıqların və Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsinin nəzərdə tutulması münasibətlərin artıq daha yüksək institusional səviyyəyə yüksəldiyini göstərir.
Ən əsası, Azərbaycan və Özbəkistan arasında münasibətlərin əsas üstünlüyü onların ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərə söykənməsidir. Son illərin əsas xüsusiyyəti isə məhz bu tarixi və mənəvi yaxınlığın konkret siyasi, iqtisadi və institusional mexanizmlərlə tamamlanmasıdır.
Digər tərəfdən, Azərbaycanla Özbəkistan arasında iqtisadi-ticari münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə daxil olub. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi üç dəfədən çox artaraq 795 milyon dollara çatıb. Cari ilin yanvar-may aylarında isə ötən ilin eyni dövrü ilə müqayisədə daha 33 faizlik artım qeydə alınıb. Bu dinamika iqtisadi əlaqələrin artıq yalnız siyasi münasibətlərin yüksək səviyyəsinə deyil, real biznes və investisiya əməkdaşlığına söykəndiyini göstərir.

2024-cü ildə imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilə bu prosesin mühüm mərhələsi olub. Ali Dövlətlərarası Şuranın yaradılması isə iki ölkə arasında münasibətlərin strateji istiqamətlərinin sistemli şəkildə müəyyənləşdirilməsi üçün mühüm institusional platforma formalaşdırıb. Prezident İlham Əliyevin budəfəki səfərinin xüsusi əhəmiyyəti siyasi müttəfiqliyin iqtisadi məzmununun daha da gücləndirilməsinin əsas prioritetlərdən biri olması ilə bağlıdır. Son illərdə ticarət dövriyyəsinin sürətli artması, Azərbaycan və Özbəkistan şirkətlərinin qarşılıqlı investisiya layihələri, avtomobil istehsalı sahəsində əməkdaşlıq və regionlararası forumların keçirilməsi əlaqələrin artıq praktiki iqtisadi nəticələr yaratdığını göstərir. Növbəti mərhələdə əsas məqsəd bu dinamikanı daha böyük investisiya layihələrinə, sənaye kooperasiyasına və qarşılıqlı ticarətin şaxələndirilməsinə çevirməkdir. Burada söhbət yalnız ticarət göstəricilərinin artırılmasından getmir. Azərbaycan və Özbəkistan şirkətlərinin birgə istehsal, investisiya və ixracyönümlü layihələrdə daha fəal iştirakı iki ölkənin iqtisadi tərəfdaşlığını keyfiyyətcə yeni mərhələyə çıxara bilər.

Azərbaycan və Özbəkistanın Mərkəzi Asiya, Xəzər hövzəsi və daha geniş Avrasiya məkanını birləşdirən marşrutlar üzərində yerləşməsi iki ölkəyə logistika sahəsində mühüm imkanlar yaradır. Bu baxımdan tranzit əməkdaşlığının genişləndirilməsi yalnız ikitərəfli iqtisadi maraq deyil, həm də Orta Dəhlizin potensialının artırılması baxımından strateji əhəmiyyət daşıyır. Özbəkistanın istehsal və ixrac potensialının Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ilə daha sıx əlaqələndirilməsi Mərkəzi Asiya məhsullarının Xəzər üzərindən Azərbaycan, Türkiyə və Avropa bazarlarına çıxış imkanlarını genişləndirə bilər. Səfərin digər mühüm tərəfi Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin daha geniş regional kontekstdə inkişafıdır.

Azərbaycan və Özbəkistan artıq 2030-cu ilədək ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması üçün konkret fəaliyyət planı, eləcə də 2025–2027-ci illər üzrə sənaye əməkdaşlığı proqramı qəbul edib. Bu baxımdan birgə müəssisələrin yaradılması və Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin imkanlarından daha geniş istifadə edilməsi ticarətin strukturunu daha dayanıqlı edə bilər. Eyni zamanda, nəqliyyat və logistika xüsusi əhəmiyyət daşıyır. Özbəkistanın Azərbaycan üzərindən Avropa bazarlarına çıxış imkanlarının genişlənməsi, Orta Dəhlizin potensialından daha fəal istifadə edilməsi və Xəzər üzərindən yükdaşımaların artırılması iki ölkə arasında ticarətin maya dəyərini aşağı sala və tranzit müddətini qısalda bilər.
Xüsusilə vurğulamaq yerinə düşər ki, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı Bakı ilə region ölkələri arasında əməkdaşlığın yeni format və məzmun qazandığını göstərir. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsi artıq ayrıca ikitərəfli münasibətlər çərçivəsindən çıxaraq daha böyük regional əməkdaşlıq modelinin formalaşmasına xidmət edir.

Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri

Digər xəbərlər