PDF Oxu

Siyasət

  • 483

LAÇIN RAYONUNUN YENİ İNKİŞAF DÖVRÜ - ŞƏRH

image

Laçın Azərbaycanın qədim tarixini, zəngin mədəni irsini və əsrarəngiz təbiətini özündə birləşdirən dilbər guşələrimizdəndir. Qarabağın və Şərqi Zəngəzurun mühüm ərazilərindən biri olan Laçın strateji mövqeyi, dağları, meşələri, çayları və mineral suları ilə hər zaman ölkəmizin diqqət mərkəzində olub. Bu qədim yurdun işğaldan azad edilməsi Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu gün isə Laçın özünün yeni inkişaf və quruculuq dövrünü yaşayır.

2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yolu açdı. Laçın rayonu da dövlətimizin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində azadlığına qovuşdu. Laçın şəhərinin 2022-ci il avqustun 26-da nəzarətə götürülməsi ilə rayonun həyatında yeni mərhələ başlandı. 2023-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə 26 avqustun Laçın Şəhəri Günü kimi təsis edilməsi bu tarixin milli yaddaşımızdakı əhəmiyyətini daha da artırdı.

Laçının azadlığı ilə qarşıda böyük və məsuliyyətli vəzifələr dayanırdı. Uzun illər ərzində dağıdılmış yaşayış məntəqələrinin bərpası, insanların doğma torpaqlarına qayıdışının təmin edilməsi, müasir infrastrukturun yaradılması və rayonun iqtisadi potensialının yenidən hərəkətə gətirilməsi dövlət siyasətinin əsas istiqamətlərinə çevrildi.

Bu gün Laçında aparılan genişmiqyaslı bərpa-quruculuq işləri həmin məqsədlərin ardıcıl şəkildə həyata keçirildiyini göstərir. Yeni yaşayış məhəllələri, fərdi evlər, sosial obyektlər, yollar, elektrik və su xətləri, məktəblər, uşaq bağçaları, istirahət məkanları yaradılır. Dövlətin əsas məqsədi yalnız dağıdılmış tikililəri bərpa etmək deyil, Laçını müasir, rahat, təhlükəsiz və dayanıqlı yaşayış məkanına çevirməkdir.

Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planın təsdiq edilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Baş Plan müasir şəhərsalma prinsiplərinə, ekoloji yanaşmalara və şəhərin tarixi-memarlıq xüsusiyyətlərinin qorunmasına əsaslanır. Şəhərdə yaşayış məhəllələri ilə yanaşı, xəstəxana, məktəblər, peşə təhsili müəssisəsi, mədəniyyət və turizm obyektləri, Memorial Park və digər sosial infrastrukturların yaradılması nəzərdə tutulur.

Laçının inkişafında “15 dəqiqəlik şəhər” prinsipi də xüsusi yer tutur. Bu yanaşma insanların gündəlik ehtiyac duyduğu obyektlərə yaşayış yerlərindən qısa müddətdə çatmasına imkan yaradır. Belə şəhər modeli həm rahatlığı, həm ekoloji tarazlığı, həm də müasir həyat keyfiyyətini təmin edir.

Laçında Böyük Qayıdış prosesi isə rayonun inkişafının ən mühüm istiqamətlərindən biridir. İllərlə doğma yurd həsrəti ilə yaşayan laçınlıların öz torpaqlarına qayıtması böyük tarixi hadisədir. 2023-cü ilin mayından etibarən Laçın şəhərinə və rayonun kəndlərinə köç prosesinə başlanılıb. Artıq Laçın şəhərində, Zabux, Sus və Bəylik kəndlərində ailələr öz doğma torpaqlarında məskunlaşıb. 2026-cı ilin iyul ayına olan məlumatlara görə Laçın şəhərinə 614 ailənin – 2264 nəfərin, Zabux kəndinə 217 ailənin – 823 nəfərin, Sus kəndinə 59 ailənin – 215 nəfərin, Bəylik kəndinə isə 89 ailənin – 363 nəfərin daimi köçü təmin edilib. Böyük Qayıdış yalnız insanların yaşayış yerinin dəyişməsi deyil. Bu proses doğma yurdlarda yeni həyatın qurulması deməkdir. Məktəblərin, uşaq bağçalarının, tibb müəssisələrinin, xidmət və istirahət obyektlərinin yaradılması qayıdan sakinlərin rahat və firavan həyatına xidmət edir. Yeni yaşayış məntəqələrində müasir kommunal infrastrukturun yaradılması dövlətin insan amilinə verdiyi yüksək qiymətin göstəricisidir.

Laçının yeni inkişaf dövründə nəqliyyat infrastrukturu da mühüm əhəmiyyət daşıyır. Rayonun digər bölgələrlə əlaqələrinin yaxşılaşdırılması iqtisadi, sosial və turizm imkanlarının genişlənməsinə şərait yaradır. 2025-ci il mayın 28-də Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi bu baxımdan tarixi hadisə oldu. Hava limanı mürəkkəb dağlıq relyefdə inşa olunaraq işğaldan azad edilmiş ərazilərdə yaradılan üçüncü beynəlxalq hava limanıdır.

Laçın Beynəlxalq Hava Limanı rayonun nəqliyyat imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Hava limanı həm regionun iqtisadi əlaqələrinin inkişafına, həm də turizm potensialının daha geniş təqdim olunmasına imkan yaradır. Laçının beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası rayonun gələcəkdə mühüm turizm və iqtisadi mərkəzlərdən birinə çevrilməsi üçün geniş imkanlar açır.

Laçının inkişafında enerji infrastrukturu da xüsusi yer tutur. Rayonun zəngin su ehtiyatlarından istifadə etməklə su elektrik stansiyalarının yaradılması həm enerji istehsalının artırılmasına, həm də yaşıl enerji siyasətinin həyata keçirilməsinə xidmət edir. 2025-ci ildə Aşağı Malıbəy və Mirik su elektrik stansiyalarının açılışı həyata keçirilib, Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin yaradılması isə enerji sisteminin müasir əsaslarla idarə olunmasına imkan verib.

Laçının iqtisadi inkişaf perspektivləri də olduqca genişdir. Rayonun təbii sərvətləri, kənd təsərrüfatı imkanları, zəngin su ehtiyatları, meşələri və turizm potensialı yeni iqtisadi layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradır. Burada aqrar-sənaye, heyvandarlıq, arıçılıq, balıqçılıq, emal və digər sahələrin inkişaf etdirilməsi üçün imkanlar mövcuddur.

Yeni müəssisələrin yaradılması əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayır. Laçında müxtəlif istehsal və xidmət obyektlərinin fəaliyyətə başlaması rayon iqtisadiyyatının canlanmasına təkan verir. Mebel və ayaqqabı istehsalı, aqrar-sənaye layihələri, balıqçılıq və digər fəaliyyət sahələri yerli iqtisadiyyatın şaxələndirilməsinə xidmət edir.

Laçında çaykənarı bulvarın, istirahət zonalarının, yaşıllıq ərazilərinin və digər turizm obyektlərinin yaradılması şəhərin simasını daha da gözəlləşdirir. Həkəri çayı ətrafında formalaşdırılan istirahət məkanları şəhər sakinləri və qonaqlar üçün yeni sosial və turizm imkanları yaradır. Bu layihələr Laçının yalnız yaşayış məkanı deyil, həm də Azərbaycanın mühüm turizm istiqamətlərindən biri olmasına zəmin yaradır.

Laçının yeni inkişaf dövründə mədəniyyət və tarixi irsin qorunması da diqqət mərkəzindədir. Laçın uzun illər ərzində zəngin mədəni irsi ilə seçilən bölgələrimizdən olub. Bu torpağın tarixi abidələri, folkloru, sənət ənənələri və təbiəti Azərbaycan milli mədəniyyətinin ayrılmaz hissəsidir.

Laçının 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunması şəhərin mədəni əhəmiyyətinin beynəlxalq səviyyədə tanınmasına mühüm töhfə verdi. Bu status çərçivəsində keçirilən tədbirlər Laçının mədəni həyatının canlanmasına və şəhərin beynəlxalq mədəni əlaqələrinin genişlənməsinə xidmət etdi. Mədəniyyət müəssisələrinin yaradılması, muzeylərin və digər sənət ocaqlarının fəaliyyətinin təmin edilməsi gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində mühüm əhəmiyyət daşıyır. Laçında yaradılması nəzərdə tutulan İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park gələcək nəsillərə bu torpağın keçmişi və Zəfər yolu haqqında mühüm məlumatlar çatdıracaq.

Laçının inkişafı həm də yeni nəsil üçün yeni imkanların yaradılması deməkdir. Müasir məktəblərin, peşə təhsili müəssisələrinin, mədəniyyət ocaqlarının və idman obyektlərinin yaradılması rayonun gələcək insan kapitalının formalaşmasına xidmət edəcək. Doğma torpaqlarına qayıdan uşaqların və gənclərin burada böyüməsi, təhsil alması və gələcək həyatlarını Laçında qurması Böyük Qayıdışın ən mühüm nəticələrindən biri olacaq.

Laçının yeni inkişaf dövrü Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa siyasətinin parlaq nümunələrindən biridir. Burada həyata keçirilən layihələr yalnız bu günün deyil, gələcək onilliklərin inkişafını nəzərə alır. 2040-cı ilədək nəzərdə tutulan Baş Plan da şəhərin uzunmüddətli və sistemli inkişafına hesablanıb. Laçının dirçəlişi dövlət-xalq birliyinin gücünü nümayiş etdirir. Bir zamanlar həsrətlə xatırlanan doğma yurd bu gün yenidən həyatla nəfəs alır. Qayıdan ailələrin evlərində işıqlar yanır, məktəblərdə uşaqların səsi eşidilir, küçələrdə yeni həyatın izləri görünür.

Əminliklə demək olar ki, Laçın qarşıdakı illərdə Azərbaycanın ən müasir, abad və inkişaf etmiş şəhər və rayonlarından birinə çevriləcək. Onun təbii gözəllikləri müasir şəhərsalma ilə, tarixi-mədəni irsi yeni mədəniyyət layihələri ilə, iqtisadi potensialı isə innovativ istehsal və turizm imkanları ilə birləşəcək.

Laçın artıq öz tarixinin yeni səhifəsini yazır. Bu səhifənin adı quruculuq, qayıdış, inkişaf və tərəqqidir. Gündən-günə gözəlləşən Laçın gələcək nəsillərə Azərbaycanın qüdrətini, xalqımızın əzmini və doğma torpaqlara bağlılığını nümayiş etdirən mühüm bir şəhər kimi yaşayacaq.

Şükufə Bağırova

YAP Culfa şəhər İncəsənət məktəbi ərazi partiya təşkilatının sədri

Digər xəbərlər