Laçın Azərbaycanın tarixində və dövlətçilik yaddaşında xüsusi yeri olan şəhərlərdən biridir. Strateji mövqeyi, zəngin təbiəti və geniş ərazisi ilə seçilən Laçın 1923-cü ildə şəhər statusu alıb, 1930-cu ildə isə rayon mərkəzinə çevrilib. 1835 kvadratkilometr əraziyə malik rayonun şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəd olması onun geosiyasi və strateji əhəmiyyətini müəyyənləşdirən başlıca amillərdən olub.
Məhz bu strateji mövqeyinə görə Laçının işğalı Azərbaycanın üzləşdiyi ən ağır faciələrdən birinə çevrildi. 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Laçın rayonunda əhali etnik təmizləməyə məruz qaldı, 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və itkin düşdü. İşğal nəticəsində rayonun sosial, iqtisadi və mədəni infrastrukturu dağıdıldı. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, yüzlərlə ticarət və digər obyekt talan və məhv edildi. Rayon ərazisindəki dünya və yerli əhəmiyyətli tarixi abidələr də vandalizmə məruz qaldı.
Laçının işğalı yalnız bir rayonun itirilməsi deyildi. Bu hadisə Azərbaycanın ərazi bütövlüyünə qarşı həyata keçirilən işğal siyasətinin strateji nəticələrindən biri idi. Laçının itirilməsi Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqənin yaranmasına imkan verdi və ölkəmizin sonrakı itkilərinin əsas mərhələlərindən birinə çevrildi.
İşğal illərində Ermənistan Laçında beynəlxalq hüququn fundamental prinsiplərini və üzərinə düşən öhdəlikləri kobud şəkildə pozdu. Rayonun tarixi-coğrafi adlarının dəyişdirilməsi, təbii resurslarının talan edilməsi, ərazidə qanunsuz məskunlaşdırma siyasətinin aparılması və demoqrafik tərkibin dəyişdirilməsinə yönəlmiş addımlar işğal siyasətinin sistemli xarakter daşıdığını göstərirdi.
Lakin Azərbaycan xalqının Laçınla bağlı yaddaşında işğalın ağrısı ilə yanaşı, doğma torpaqlara qayıdış inamı da daim yaşadı. Bu inam 2020-ci ildə Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərlə gerçəyə çevrildi. Üçtərəfli bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. Bununla da Laçının azadlığına aparan yolun mühüm mərhələsi başa çatdı.
2022-ci il avqustun 26-sı isə Laçının tarixində yeni bir səhifə açdı. Həmin gün Laçın şəhəri, eləcə də Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Beləliklə, uzun illər davam edən işğala son qoyuldu və Laçın üzərində Azərbaycanın dövlət suverenliyi tam şəkildə bərpa edildi. Məhz bu tarixi hadisənin ildönümü ilə əlaqədar 26 avqust Laçın şəhəri günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərin şəhər günlərinin təsis edilməsi də bu tarixi yaddaşın dövlət səviyyəsində yaşadılmasına xidmət edir.
Laçının azadlığı, ilk növbədə, Azərbaycan əsgərinin qəhrəmanlığının və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş hərbi-siyasi strategiyanın nəticəsidir. Laçının azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət göstərən 8418 hərbi qulluqçunun “Laçının azad olunmasına görə” medalı ilə təltif olunması bu Zəfərin arxasında dayanan qəhrəmanlığın miqyasını göstərir.
Bu gün Laçın tarixi ədalətin bərpasının canlı nümunəsidir. Bir vaxtlar işğal nəticəsində viran qoyulan və əhalisi doğma yurdundan didərgin salınan şəhərdə Azərbaycan dövlətinin suverenliyi yenidən hökm sürür. Laçının azad edilməsi ilə yalnız ərazi bütövlüyümüzün mühüm hissəsi bərpa olunmadı, həm də xalqımızın tarixi yaddaşında uzun illər qoruduğu qayıdış arzusu gerçəyə çevrildi.
Laçın şəhəri günü bu baxımdan sadəcə təqvimdə qeyd olunan bir tarix deyil. Bu gün Azərbaycan xalqının öz torpaqlarına sahib çıxmaq əzmini, dövlətimizin ərazi bütövlüyünün bərpasını və tarixi ədalətin təntənəsini ifadə edir. Laçının azadlığı Azərbaycan dövlətinin gücünün, xalqımızın birliyinin və Vətən uğrunda mübarizənin Zəfərlə nəticələnməsinin daha bir parlaq göstəricisidir.
Laçının bugünkü dirçəlişinin təməlində məhz bu Zəfər dayanır. İşğaldan azad edilmiş şəhər artıq Azərbaycanın suveren ərazisinin ayrılmaz hissəsi kimi yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu isə Laçının tarixində daha bir mühüm dönüşdür: işğalın izləri üzərində tarixi ədalət, dövlətçilik və gələcəyə inam möhkəm şəkildə bərqərar olur.
Tükəzban Mehtiyeva,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini
Neftçala rayon Uşaq-İncəsənət məktəbinin müəllimi