PDF Oxu

Siyasət

  • 892

Laçın şəhərinin yeni siması müasir şəhərsalma nümunəsidir - ŞƏRH

image

İşğaldan azad edilmiş ərazilərin bərpası Azərbaycanın qarşısında dayanan mühüm vəzifələrdən biridir. Bu prosesdə Laçın şəhəri xüsusi nümunə kimi diqqəti cəlb edir. Burada həyata keçirilən quruculuq işləri yalnız dağıdılmış yaşayış məkanlarının yenidən bərpası ilə məhdudlaşmır, eyni zamanda müasir şəhərsalma prinsiplərinə əsaslanan yeni və rahat şəhər mühitinin formalaşdırılmasını nəzərdə tutur.
Laçının yeni inkişaf mərhələsinin əsasını şəhərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən Baş Plan təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 13 iyun tarixli qərarı ilə “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilib. Sənəddə şəhərin yaşayış, sosial, mədəni və turizm infrastrukturu ilə kompleks şəkildə inkişaf etdirilməsi nəzərdə tutulur.
Yeni şəhərsalma konsepsiyasında əsas məqsədlərdən biri sakinlərin rahatlığı və gündəlik ehtiyaclarının əlçatanlığının təmin edilməsidir. Bu baxımdan Laçında “15 dəqiqəlik şəhər” prinsipi tətbiq olunur. Prinsipə əsasən yaşayış məhəllələri ilə gündəlik tələbat obyektləri bir-birinə yaxın yerləşdirilir, aşağı sürətli yol infrastrukturu yaradılır və insanların şəhər daxilində rahat hərəkəti üçün əlverişli mühit formalaşdırılır.
Laçının yeni simasının mühüm hissəsini yaşayış infrastrukturu təşkil edir. Şəhərdə artıq yüzlərlə fərdi ev və mənzil istifadəyə verilib. Eyni zamanda yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi davam etdirilir. Qarşıdakı mərhələlər üçün də çoxsaylı fərdi evlərin və çoxmənzilli binaların inşası planlaşdırılır. Bu layihələr şəhərin mərhələli şəkildə genişləndirilməsinə və sakinlərin qayıdışı üçün yeni yaşayış imkanlarının yaradılmasına xidmət edir.
Müasir şəhər yalnız yaşayış binalarından ibarət deyil. Laçının inkişaf konsepsiyasında sosial infrastrukturun yaradılması da mühüm yer tutur. Şəhərdə məktəbəqədər və tam orta təhsil müəssisələrinin, peşə məktəbinin, xəstəxananın, mədəniyyət və turizm obyektlərinin yaradılması nəzərdə tutulur. İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park isə şəhərin həm tarixi yaddaşını qoruyan, həm də gələcək nəsillərə ötürən mühüm məkanlardan biri olacaq.
Laçının bərpasında şəhərin təbii xüsusiyyətləri də nəzərə alınır. Dağlıq relyefi, meşələri, çayları və zəngin təbiəti ilə seçilən Laçında yeni şəhər mühitinin formalaşdırılması təbiətlə harmoniyanın qorunması prinsiplərinə əsaslanır. Şəhərdə yaradılan çaykənarı bulvar, Həkəri çayında formalaşdırılan göl və ətraf ərazilərdə salınan yaşıllıqlar sakinlərin və qonaqların istirahəti üçün yeni imkanlar yaradır.
Şəhərin ictimai məkanlarının inkişafı da yeni Laçının simasının formalaşmasında mühüm rol oynayır. Həkəri çayı ətrafında yaradılan istirahət məkanları, asma körpü, yaşıllıq sahələri və gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulan kanat yolu şəhərin həm sakinlər, həm də qonaqlar üçün cəlbediciliyini artıracaq. Kanat yolunun Bulvar ərazisində yerləşməsi və iki hissədən ibarət olması nəzərdə tutulur.
Laçının yeni şəhərsalma modelində sosial rahatlıqla yanaşı, müasir texnologiyalardan və dayanıqlı həllərdən istifadə də diqqət mərkəzindədir. Rayonun kəndlərində olduğu kimi, şəhərin inkişafında da ekoloji yanaşmalar və yaşıl enerji imkanlarından istifadə xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma gələcəkdə Laçının daha dayanıqlı və ekoloji baxımdan əlverişli yaşayış məkanına çevrilməsinə imkan verir.
Laçında aparılan quruculuq işlərinin miqyası şəhərin qısa müddətdə necə dəyişdiyini aydın göstərir. Bir vaxtlar işğal nəticəsində dağıdılmış və sakinlərindən ayrı salınmış şəhər bu gün müasir yaşayış binaları, sosial obyektləri, ictimai məkanları və yeni infrastrukturu ilə yenidən formalaşır. Burada yaradılan hər bir obyekt şəhərin ümumi inkişaf konsepsiyasının tərkib hissəsi kimi çıxış edir.
Prezident İlham Əliyevin Laçının gələcək siması ilə bağlı vurğuladığı kimi, Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildikdən sonra bu ərazilərin cənnətə çevrilməsi qarşıya məqsəd qoyulub. Laçında həyata keçirilən layihələr həmin məqsədin konkret nəticələrdə öz əksini tapdığını göstərir. Gözəl təbiətlə müasir memarlığın vəhdəti şəhərin yeni simasının əsas xüsusiyyətlərindən birinə çevrilir.
Laçının 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş Plan şəhərin yalnız bu günü üçün deyil, uzunmüddətli gələcəyi üçün də aydın istiqamətlər müəyyənləşdirir. Bu baxımdan Laçında aparılan quruculuq işləri təsadüfi və ayrı-ayrı layihələrin məcmusu deyil. Burada vahid şəhərsalma konsepsiyası əsasında insanların rahat yaşayacağı, işləyəcəyi, təhsil alacağı və istirahət edəcəyi müasir şəhər mühiti yaradılır.
Bu gün yeni Laçın keçmişin izlərini gələcəyin imkanları ilə birləşdirən şəhərə çevrilir. Şəhərin bərpası yalnız fiziki dəyişiklik deyil, həm də uzun illər işğal altında qalmış bir məkanın yenidən həyatla dolmasıdır. Laçının yeni siması Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə quruculuq siyasətinin miqyasını və müasir şəhərsalma yanaşmasının imkanlarını nümayiş etdirir.

Gülmirə Səfərova,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini
Neftçala rayon gənclər və idman sektorunun baş məsləhətçisi

Digər xəbərlər