PDF Oxu

Siyasət

  • 236

Konstitusiyamız – müstəqil dövlətçiliyimizin möhkəm hüquqi təməli - ŞƏRH

Konstitusiyamız – müstəqil dövlətçiliyimizin möhkəm hüquqi təməli - ŞƏRH

Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin hüquqi əsaslarını müəyyən edən, xalqımızın milli iradəsini, dövlətçilik ənənələrini və demokratik inkişaf prinsiplərini özündə birləşdirən ali hüquqi sənəddir. Hər il noyabrın 12-də qeyd olunan Konstitusiya Günü ölkəmizin hüquqi dövlət quruculuğu tarixində mühüm hadisənin ildönümü kimi xüsusi əhəmiyyət daşıyır.
1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi dövlətçilik tariximizin ən mühüm mərhələlərindən biri olmuşdur. Bu tarixi sənədin hazırlanması və qəbul edilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Müstəqilliyin ilk illərində ölkədə mövcud olan mürəkkəb ictimai-siyasi şərait, dövlət idarəçiliyinin yeni prinsiplər əsasında qurulması zərurəti müasir tələblərə cavab verən Konstitusiyanın hazırlanmasını vacib edirdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Konstitusiya Komissiyası tərəfindən hazırlanan layihə geniş ictimai müzakirələrə çıxarıldı və xalqın iradəsi əsasında qəbul edildi.
Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizi demokratik, hüquqi, dünyəvi və unitar dövlət kimi təsbit etdi. Əsas Qanunda dövlət hakimiyyətinin mənbəyinin Azərbaycan xalqı olduğu bəyan edildi, hakimiyyət bölgüsü prinsipi müəyyənləşdirildi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması dövlətin ali məqsədi kimi təsbit olundu. Sənəddə hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyət hüququ, təhsil, əmək, sosial təminat, fikir və söz azadlığı kimi fundamental hüquqlar öz əksini tapdı. Bununla da ölkədə demokratik cəmiyyətin və hüquqi dövlətin formalaşdırılması üçün möhkəm konstitusion baza yaradıldı.
Konstitusiyanın ən mühüm xüsusiyyətlərindən biri onun milli dövlətçilik ənənələrini ümumbəşəri hüquqi dəyərlərlə uzlaşdırmasıdır. Ulu Öndər Heydər Əliyev yeni Əsas Qanunun hazırlanması prosesində xalqımızın tarixi irsini, milli-mənəvi dəyərlərini və müasir dünyanın qabaqcıl hüquqi təcrübəsini əsas götürmüşdür. Məhz bu yanaşma nəticəsində Konstitusiya yalnız dövlət idarəçiliyinin hüquqi çərçivəsini müəyyən edən sənəd deyil, həm də Azərbaycanın gələcək inkişaf strategiyasının mühüm dayağına çevrilmişdir.
Ötən dövr ərzində ölkəmizdə həyata keçirilən siyasi, iqtisadi və hüquqi islahatlar Konstitusiyanın müəyyən etdiyi prinsiplərin inkişafına və dövlət idarəçiliyinin təkmilləşdirilməsinə xidmət etmişdir. Əsas Qanuna edilmiş dəyişikliklər və əlavələr ictimai münasibətlərin inkişafı, yeni çağırışlar və müasir idarəçilik tələbləri nəzərə alınmaqla konstitusion sistemin təkmilləşdirilməsinə imkan yaratmışdır. Bu prosesdə insan hüquq və azadlıqlarının müdafiəsi, dövlət institutlarının fəaliyyətinin səmərəliliyinin artırılması və hüquqi mexanizmlərin müasirləşdirilməsi mühüm yer tutmuşdur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl dövlət siyasəti nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ölkəmizin iqtisadi qüdrətinin artması, beynəlxalq mövqelərinin möhkəmlənməsi, dövlət idarəçiliyinin müasirləşdirilməsi və milli maraqlara əsaslanan müstəqil siyasətin həyata keçirilməsi dövlətçilik tariximizin mühüm nailiyyətlərindəndir. Bu inkişafın hüquqi əsasını isə Konstitusiyamızın müəyyən etdiyi suverenlik, qanunun aliliyi, dövlət müstəqilliyi və insan hüquqlarına hörmət prinsipləri təşkil edir.
Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası müasir tariximizin ən əlamətdar hadisələrindəndir. 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində suverenliyin bərpa olunması dövlətçilik tariximizdə yeni mərhələnin əsasını qoydu. Bu tarixi nailiyyətlər Azərbaycanın müstəqil dövlət kimi gücünü, xalqımızın birliyini və milli iradəsini nümayiş etdirdi. Eyni zamanda, Konstitusiyada təsbit edilmiş dövlət suverenliyi və ərazi bütövlüyü prinsiplərinin əhəmiyyətini bir daha ön plana çıxardı.
2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi də bu baxımdan xüsusi tarixi və siyasi əhəmiyyət daşıyırdı. Konstitusiyanın qəbulunun 30 illiyi və ölkəmizin suverenliyinin tam bərpası ilə əlaqədar bu təşəbbüs milli dövlətçilik dəyərlərinin daha geniş təbliğinə, hüquqi maarifləndirmənin gücləndirilməsinə və tarixi nailiyyətlərimizin gələcək nəsillərə çatdırılmasına xidmət etmişdir.
Konstitusiyanın aliliyinin qorunmasında, onun müddəalarının düzgün tətbiqində məhkəmə hakimiyyəti və xüsusilə Konstitusiya Məhkəməsi mühüm rol oynayır. Konstitusiya Məhkəməsi hüquqi aktların Əsas Qanuna uyğunluğuna konstitusion nəzarəti həyata keçirərək ölkədə hüquqi sabitliyin və qanunçuluğun təmin olunmasına töhfə verir. Bu institutun fəaliyyəti hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsi, konstitusion prinsiplərin qorunması və vətəndaşların hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Konstitusiyanın mahiyyətinin cəmiyyətə çatdırılması, xüsusilə gənc nəslin hüquqi biliklərinin artırılması da qarşıda duran mühüm vəzifələrdəndir. Hər bir vətəndaş öz hüquq və azadlıqlarını bilməli, eyni zamanda üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməlidir. Qanunlara hörmət, dövlət rəmzlərinə ehtiram, Vətənin müdafiəsi və milli dəyərlərin qorunması vətəndaş məsuliyyətinin əsas istiqamətlərindəndir. Hüquqi maarifləndirmənin gücləndirilməsi cəmiyyətdə qanunun aliliyinə inamı artırır, ictimai məsuliyyət və vətəndaş həmrəyliyini möhkəmləndirir.
12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü hər bir vətəndaş üçün müstəqilliyimizin hüquqi əsaslarını, Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsini və müasir Azərbaycanın qazandığı nailiyyətləri bir daha xatırladan əlamətdar tarixdir. Konstitusiyamız dövlətimizin müstəqilliyinin, suverenliyinin, milli birliyinin və davamlı inkişafının hüquqi təminatıdır. Bu ali sənədə hörmətlə yanaşmaq, onun prinsiplərinə əməl etmək və hüquqi dövlət quruculuğuna töhfə vermək hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

Lalə Məmmədova
YAP Samux rayon təşkilatının əməkdaşı

Digər xəbərlər