1995-ci il noyabrın 12-də Azərbaycan xalqı ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil dövlətimizin ilk Konstitusiyasını qəbul etmişdir. Bu tarixi hadisə ölkəmizin dövlətçilik salnaməsində yeni mərhələnin başlanğıcını qoymuş, müstəqil Azərbaycanın hüquqi, siyasi və institusional inkişafının əsasını formalaşdırmışdır.
Konstitusiyanın qəbul edilməsi Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun inkişafı, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması istiqamətində mühüm əhəmiyyət daşımışdır.
Konstitusiyada hakimiyyət bölgüsü, xalqın suveren hüquqları, qanunun aliliyi, dövlət müstəqilliyinin və ərazi bütövlüyünün qorunması kimi fundamental prinsiplər öz əksini tapmışdır. Eyni zamanda, sənəd insan hüquq və azadlıqlarının müdafiəsini dövlətin əsas vəzifələrindən biri kimi müəyyən etmişdir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində Konstitusiyanın müəyyən etdiyi prinsiplər, milli maraqların qorunması, dövlət suverenliyinin möhkəmləndirilməsi və hüquqi dövlət quruculuğunun davam etdirilməsi mühüm yer tutur.12 Noyabr – Konstitusiya Günü xalqımızın müstəqil dövlətçilik iradəsini, hüquqi dövlət qurmaq əzmini və gələcək nəsillər qarşısında məsuliyyətini ifadə edən əlamətdar tarixdir. Bu gün hər bir Azərbaycan vətəndaşına Konstitusiyaya hörmət, qanunlara riayət və dövlətçilik dəyərlərinin qorunmasının əhəmiyyətini xatırladır.
Konstitusiyamız müstəqil dövlətçiliyimizin hüquqi təməli, milli suverenliyimizin və gələcəyə inamımızın əsas təminatlarından biridir.
Əlvan Rəcəbov,
YAP Lerik rayon təşkilatının əməkdaşı