PDF Oxu

Siyasət

  • 478

26 Avqust – Laçın Şəhəri Günü: tarixi ədalətin zəfərlə bərpa olunduğu şəhər

image

Tariximizdə elə şəhərlər var ki, onların adı təkcə bir coğrafi məkanı ifadə etmir. Onların taleyində bir xalqın yaddaşı, itkiləri, mübarizəsi və qayıdış iradəsi yaşayır. Laçın da Azərbaycan tarixində məhz belə şəhərlərdən biridir. Bu adın arxasında doğma yurddan ayrılığın ağrısı, işğalın ağır izləri və nəhayət, böyük Zəfərlə gerçəkləşən qayıdış dayanır.

Bir vaxtlar işğalın ağır izlərini daşıyan Laçın bu gün həmin izlərin üzərində yeni həyatın qurulduğu, keçmişin ağrısının gələcəyin quruculuğuna çevrildiyi məkandır. Həkəri boyunca şəhərin yeni siması formalaşır, illər boyu doğma yurd həsrəti çəkən laçınlılar öz küçələrinə, evlərinə, şəhərlərinə qayıdırlar. Bu gün Laçının mənzərəsində yalnız genişmiqyaslı quruculuğun deyil, uzun illər gözlənilən Böyük Qayıdışın da izləri görünür. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsinin Laçın adlandırılaraq şəhər statusu alması ilə bu yaşayış məntəqəsi yeni inzibati və ictimai mövqeyə sahib olub. 1930-cu il avqustun 8-də Laçın rayonunun yaradılması ilə şəhər rayonun inzibati mərkəzinə çevrilib.
1992-ci il mayın 18-də Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi Azərbaycanın ərazi bütövlüyünə vurulmuş ən ağır zərbələrdən biri oldu. Rayonun əhalisi doğma yurd-yuvasından didərgin salındı, 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və ya itkin düşdü. Şəhərin və rayonun sosial-iqtisadi infrastrukturu dağıdıldı, tarixi-mədəni irsə ciddi ziyan vuruldu. Hər bir kəndin, hər bir şəhərin işğalı böyük faciə idi. Lakin Laçının işğalı strateji baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Çünki bununla Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradıldı. Laçının itirilməsi Azərbaycanın sonrakı itkilərinin başlanğıcını şərtləndirən amillərdən biri oldu. İşğal illərində Laçının yalnız insanları deyil, onun tarixi və mədəni irsi də hədəfə alındı. Tarixi abidələrə qarşı törədilən vandalizm, yaşayış məntəqələrinin dağıdılması, coğrafi adların dəyişdirilməsi, təbii sərvətlərin talan edilməsi və ərazinin demoqrafik tərkibinin dəyişdirilməsinə yönəlmiş qanunsuz siyasət işğalın ağır nəticələrini daha da dərinləşdirdi. Lakin Laçının işğal altında keçən illəri onun tarixinin sonu olmadı.
2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycanın nəzarətinə qaytarıldı. Lakin Laçın şəhəri, Zabux və Sus kəndləri həmin vaxt hələ Ermənistanın nəzarətində idi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Bununla 31 ilə yaxın davam edən ayrılığa son qoyuldu və Laçının tarixində tamamilə yeni bir dövr başladı.
26 avqustun Laçın Şəhəri Günü kimi müəyyən edilməsi də məhz bu tarixi hadisə ilə bağlıdır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib və 26 avqust Laçın Şəhəri Günü kimi müəyyənləşdirilib.
Bu tarix artıq yalnız Laçının azad edildiyi günü xatırlamır. 26 avqust həm də illərlə doğma yurd həsrəti çəkən insanların qayıdışının, şəhərin yenidən həyatla dolmasının və Laçının yeni inkişaf mərhələsinə qədəm qoymasının rəmzidir. Laçının azad olunması uğrunda döyüşlərdə Azərbaycan hərbçiləri böyük qəhrəmanlıq və şücaət göstəriblər. Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 8418 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.
Laçın artıq keçmişin xatirəsi ilə yaşayan şəhər deyil. Burada yeni yaşayış məhəllələri salınır, məktəblər, sosial obyektlər, istehsal müəssisələri, turizm infrastrukturu yaradılır. Şəhərin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş Planın təsdiqlənməsi isə Laçının gələcək simasının uzunmüddətli və sistemli şəkildə formalaşdırıldığını göstərir. Şəhərin inkişafında insan amili əsas yer tutur. Çünki Laçının dirçəlişinin ən böyük göstəricisi yeni binalar deyil, illər sonra öz doğma torpağında yaşayan insanlardır.
2023-cü il mayın 28-dən etibarən laçınlıların doğma yurda qayıdışı başlayıb. 2026-cı ilin iyulunadək Laçın şəhərinə, Zabux, Sus və Bəylik kəndlərinə yüzlərlə ailənin köçürülməsi təmin edilib. Beləliklə, uzun illər “qayıdış günü”nü gözləyən insanların arzusu artıq reallığa çevrilib. Rayonun dağlıq relyefi və zəngin su ehtiyatları burada hidroenergetikanın inkişafı üçün böyük imkanlar yaradır. Güləbird, Zabux, Qarıqışlaq, Mişni, Alxaslı, Aşağı Malıbəyli və Mirik kimi su elektrik stansiyalarının istifadəyə verilməsi Laçının enerji xəritəsində yeni mərhələ yaradıb. 2026-cı il iyulun 11-də isə Hoçaz çayı üzərində yerləşən 14,7 meqavatlıq “Ağbulaq-1”, 14,25 meqavatlıq “Ağbulaq-2” və 4 meqavatlıq “Şeylanlı” su elektrik stansiyalarının açılışı keçirilib. Bununla Laçının enerji potensialının reallaşdırılması istiqamətində daha bir mühüm addım atılıb. Bu layihələr Laçının yalnız öz enerji tələbatının ödənilməsinə deyil, artıq istehsal olunan yaşıl enerjinin ölkənin enerji sisteminə ötürülməsinə imkan yaradır.
2025-ci il mayın 28-də Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi isə şəhərin regiondakı mövqeyini daha da gücləndirdi. Mürəkkəb dağlıq relyefdə inşa edilən hava limanı işğaldan azad olunmuş ərazilərdə yaradılan üçüncü beynəlxalq hava limanıdır. Laçın Beynəlxalq Hava Limanı yalnız nəqliyyat infrastrukturu deyil. O, Laçının Azərbaycanın digər şəhərləri və beynəlxalq məkanla əlaqəsini gücləndirən, turizm və biznes imkanlarını genişləndirən mühüm strateji layihədir.
Bərpa prosesi iqtisadi həyatın canlandırılması ilə paralel aparılır. Laçın sənaye zonasında mebel fabriki, tikiş və ayaqqabı istehsalı müəssisələri, prefabrik evlərin istehsalı sahəsi yaradılır. “Laçın Aqro-Sənaye Parkı”nın fəaliyyəti isə rayonun gələcək iqtisadi potensialının daha geniş miqyasda reallaşdırılmasına hesablanıb. Laçının 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunması isə şəhərin mədəni potensialına verilən beynəlxalq qiymətin göstəricilərindən biri oldu. Bu status çərçivəsində keçirilən tədbirlər Laçının yalnız Azərbaycanın deyil, daha geniş coğrafiyanın mədəni məkanlarından birinə çevrilməsi baxımından əhəmiyyət daşıdı. Prezident İlham Əliyevin Laçının gələcəyi ilə bağlı vurğuladığı kimi, məqsəd Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirməkdir. Bu gün Laçında aparılan işlər həmin məqsədin real ifadəsinə çevrilir. Bu gün Laçında atılan hər addım bir şəhərin yenidən qurulmasından daha böyük məna daşıyır, burada itirilmiş illərin yerini yeni həyat tutur, Laçın isə Azərbaycanın Zəfərdən sonrakı quruculuq salnaməsində özünəməxsus yerini möhkəmləndirir.
Laçın şəhəri günümüz mübarək!

Ceyhun Ağazadə
YAP Biləsuvar rayon təşkilatının gənc fəalı

Digər xəbərlər