PDF Oxu

Siyasət

  • 1 105

Bişkek səfərindən yadda qalanlar: sülh, müttəfiqlik və əməkdaşlıq

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına işgüzar səfəri sentyabrın 1-də başa çatıb. İlham Əliyevin Bişkek səfəri təkcə ŞƏT-in yubiley zirvə toplantısında iştirakla məhdudlaşmadı. Səfər Azərbaycanın Mərkəzi Asiya ilə yaxınlaşması, Azərbaycan-Ermənistan sülh prosesinin yeni mərhələsi və ölkənin Avrasiya nəqliyyat bağlantılarında mövqeyinin möhkəmlənməsi diqqət çəkən məqamlarla yadda qaldı.

28 sənədin imzalandığı Şanxay Əməkdaşlıq Təşkilatının yubiley zirvə toplantısında narkotik vasitələrə nəzarət, süni intellekt, enerji, logistika, iqlim, biomüxtəliflik kimi sahələrdə razılaşma əldə edilib. Əsas siyasi sənəd ŞƏT-in 25-ci ildönümü ilə bağlı Bişkek Bəyannaməsi idi. Eyni zamanda, zirvə toplantısında ŞƏT Nizamnaməsinə dəyişiklik və əlavələr edən protokol qəbul edildi, iki yeni təhlükəsizlik mərkəzi üçün müddəa təsdiqləndi və 2030–2031-ci illərə qədər əməkdaşlıq proqramları qəbul edildi. Liderlər həmçinin Təhlükəsizlik Çətinlikləri və Təhdidləri ilə Mübarizə üzrə Universal Mərkəz və Narkotiklərlə Mübarizə Mərkəzinin İcraiyyə Komitəsi haqqında qaydaları təsdiqlədilər.

Azərbaycan Prezidentinin bu səfərdə Ermənistanın baş naziri ilə görüşməsi xüsusi siyasi əhəmiyyət kəsb edirdi. ŞƏT-in Zirvə toplantısı çərçivəsində keçirilən görüşdə Azərbaycan-Ermənistan sülh prosesi istiqamətində əldə olunan nəticələr və qarşıda duran vəzifələr müzakirə edildi.İlham Əliyev və Nikol Paşinyan 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamənin imzalanmasının və “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyətindən də bəhs ediblər.

Görüşün mühüm məqamlarından biri sülh prosesinin praktik nəticələrə çevrilməsi ilə bağlı məsələlərin müzakirəsi oldu. Tərəflər bildirdilər ki, konkret iqtisadi və nəqliyyat əlaqələrin tamamlanması vacibdir. Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər əmtəələrin Azərbaycan ərazisi ilə Ermənistana tranziti, eləcə də iki ölkə arasında ticarət əlaqələrinin qurulması sülh dividendlərinin mühüm əyani təzahürü kimi qeyd edildi.

Söhbət zamanı dövlət sərhədinin delimitasiyası, iqtisadi, ticarət və enerji əməkdaşlığının genişləndirilməsi imkanları, həmçinin “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) həyata keçirilməsi ilə bağlı praktiki addımlar da müzakirə edildi. Beləliklə, Bişkek görüşü Azərbaycan-Ermənistan münasibətlərində əldə olunmuş irəliləyişlərin möhkəmləndirilməsi ilə yanaşı, sülhün regionda yeni nəqliyyat və iqtisadi bağlantılar yaratmaq potensialını da ortaya qoydu. Bu görüş Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması prosesində birbaşa siyasi dialoqu davam etdirdiyini göstərən növbəti təmas oldu.

Bişkekdə dost və qonşu ölkə rəhbərləri ilə keçirilən görüşlər Azərbaycanın eyni vaxtda müxtəlif regional istiqamətlərdə diplomatik xətt apardığını göstərdi. Hindistanla ikitərəfli əlaqələr, Qazaxıstanla strateji tərəfdaşlıq, Türkiyə ilə müttəfiqlik, İranla qonşuluq münasibətləri və Qırğızıstanla müttəfiqlik münasibətləri Azərbaycanın Mərkəzi Asiya–Cənubi Qafqaz xəttində çoxşaxəli diplomatik əlaqələr qurduğunu nümayiş etdirdi.

Səfərin mühüm siyasi platformalarından biri “ŞƏT plyus” formatında keçirilən görüş oldu. Prezident İlham Əliyevin bu tədbirdə çıxışı Azərbaycanın yalnız təşkilatla əməkdaşlığa marağını deyil, beynəlxalq münasibətlərin aktual məsələlərinə dair mövqeyini də ortaya qoydu. Dövlətimizin başçısı çıxışında Qırğızıstanla münasibətlərin yüksək səviyyəsinə diqqət çəkərək, bir ay əvvəl imzalanmış Azərbaycan-Qırğızıstan Müttəfiqlik münasibətləri haqqında Müqavilənin iki ölkə arasındakı əlaqələri ən yüksək səviyyəyə qaldırdığını bildirdi. Bu səfər və dövlətimizin başçısının səfər çərçivəsində həyata keçirdiyi görüşlər həm Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsində inkişaf etdiyini sübut etdi, həm də ölkəmizin Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin regional əməkdaşlığın mühüm komponentinə çevrildiyini nümayiş etdirirdi.

Prezident İlham Əliyev “ŞƏT plyus”dakı çıxışında Azərbaycanın Ermənistanla sülh prosesində əldə etdiyi nəticələr barədə də geniş danışdı. Dövlətimizin başçısı 30 ildir davam edən münaqişənin başa çatdığını, Cənubi Qafqazın artıq sülh zonasına çevrilməkdə olduğundan bəhs etdi: “Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir. Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması, onun nomenklaturasının genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq”.

İlham Əliyevin bu qətiyyətli yanaşması bir daha sübut etdi ki, Cənubi Qafqazda formalaşan yeni reallıqlar yalnız iki ölkə arasındakı münasibətlərin normallaşmasına deyil, bütövlükdə regionun daha geniş Avrasiya məkanına inteqrasiyasına xidmət edə bilər.

Prezident İlham Əliyev çıxışında BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrə də toxundu. Dövlətimizin başçısı Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdiyini vurğulayaraq, BMT qətnamələrinin icrası üçün daha səmərəli mexanizmlərin hazırlanmasının təşkilatın nüfuzunun və münaqişələrin nizamlanmasındakı rolunun güclənməsinə xidmət edə biləcəyini vurğuladı. Dörd il ərzində Qoşulmama Hərəkatına rəhbərlik etmiş Azərbaycanın bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə töhfə verəcəyinin bildirilməsi ölkəmizin qlobal gündəmdə öz mövqeyini fəal şəkildə müdafiə etmək niyyətini göstərir.

Beləliklə, Bişkek səfəri Azərbaycanın Qırğızıstanla müttəfiqlik, Qazaxıstanla strateji tərəfdaşlıq, Türkiyə ilə qardaşlıq və müttəfiqlik, İranla qonşuluq və Ermənistanla sülh gündəliyi üzrə paralel şəkildə fəal siyasət həyata keçirdiyini nümayiş etdirdi. Səfər, həmçinin Azərbaycanın Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi, iqtisadi və nəqliyyat bağlantılarının gücləndirilməsi istiqamətində fəallığını və dəyişən Avrasiya geosiyasi-geoiqtisadi arxitekturasında mövqeyinin əhəmiyyətini bir daha ortaya qoydu.

Lalə Mehralı

Digər xəbərlər