Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin qabaqcıl beynəlxalq təcrübəyə, ədalətli və sığorta prinsiplərinə uyğun olaraq təkmilləşdirilməsi istiqamətində növbəti mühüm addım atılır. Yeni islahat tədbirləri çərçivəsində hərbçilər, dövlət qulluqçuları, deputatlar və digər xüsusi kateqoriyadan olan şəxslərin pensiya təminatı mexanizmi köklü şəkildə yenidən qurulur. Bu dəyişikliklərin əsas məqsədi pensiya təyinatı prosesini sadələşdirmək, şəffaflığı artırmaq və vətəndaşların gələcəkdə daha yüksək pensiya kapitalı toplayaraq daha çox pensiya almalarına şərait yaratmaqdır.
Yeni modelin ən mühüm mahiyyəti Müdafiə Nazirliyinin hərbi qulluqçularının, eləcə də dövlət qulluqçularının pensiya məbləği ilə təminat xərcliyi (və ya əməkhaqqı) arasındakı birbaşa asılılığın aradan qaldırılmasıdır. Qanunvericiliyə ediləcək yeniliyə əsasən, bu şəxslərin pensiyaları fərdi şəxsi hesablarında qeydə alınmış pensiya kapitalı və sabit məbləğdə aylıq pensiya əlavəsi əsasında hesablanacaqdır. Eyni zamanda, hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən olunacaqdır. Aparılan dəqiq analitik təhlillər və hesablamalar göstərir ki, növbəti mərhələlərdə pensiya hüququ yaranacaq hərbi qulluqçuların pensiya məbləğlərində hər hansı bir azalma baş verməyəcək, əksinə, yeni mexanizm pensiyaların artmasına zəmin yaradacaqdır.
Bu islahat hərbçiləri və dövlət qulluqçularını xidmətdə daha uzun süre qalmağa, öz peşəkarlıqlarını artırmağa, vəzifə və rütbə pillələrində irəliləməyə həvəsləndirir. Şəxs xidmət müddətini uzatdıqca və rütbəsini yüksəltdikcə daha yüksək əməkhaqqı alacaq, nəticədə fərdi hesabına daha çox pensiya kapitalı toplanacaqdır. Toplanan yüksək kapital isə gələcəkdə onun daha yüksək pensiya məbləği ilə təmin olunmasına zəmanət verəcəkdir. Pensiya sistemində sığorta prinsipinin gücləndirilməsi son illər öz müsbət bəhrəsini vermiş, minimum və orta aylıq pensiyalarda 3 dəfəyədək artım qeydə alınmışdır.
İslahatın gətirdiyi digər böyük üstünlük pensiya təyinatı prosesinin tam avtomatlaşdırılması və rəqəmsallaşdırılmasıdır. Dövlət qulluqçuları, deputatlar və hərbçilər üçün pensiyaların əməkhaqqından asılılığının ləğv olunması və fərdi şəxsi hesab kapitalı modelinə keçilməsi pensiya təyinatı prosedurlarını bürokratik maneələrdən azad edir. Artıq vətəndaşların hər hansı quruma müraciət etməsinə, sənəd toplamasına və ya növbələrdə gözləməsinə ehtiyac qalmayacaq. Pensiyalar elektron sistem vasitəsilə, proaktiv qaydada və çox qısa müddətdə avtomatik təyin ediləcəkdir. Bu isə dövlət xidmətlərinin operativliyini, vətəndaş məmnunluğunu və sosial ədaləti yeni pilləyə qaldırır.
Abbas Pənahov,
Yeni Azərbaycan Partiyası
Nəsimi rayon təşkilatının sədr müavini