Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm prioritetlərindən biri rəşadətli Ordumuzun döyüş qabiliyyətinin davamlı olaraq artırılması ilə yanaşı, hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial müdafiəsinin etibarlı şəkildə təmin olunmasıdır. 44 günlük Vətən müharibəsində və sonrakı zəfər yürüşlərində Azərbaycan xalqına böyük qürur və tarixi Qələbə sevinci bəxş etmiş hərbçilərimizin rifahının yüksəldilməsi dövlətimizin daim diqqət mərkəzindədir. Son illər ərzində ölkəmizdə reallaşdırılan ardıcıl sosial islahatlar hərbi qulluqçuları da geniş əhatə etmiş, onların əməkhaqlarında və pensiya təminatında iki dəfəyə yaxın ciddi artımlara nail olunmuşdur. Təqdim edilən yeni islahat paketi isə bu sahədə keyfiyyətcə yeni bir mərhələnin başlandığından xəbər verir.
Yeni islahat tədbirlərinin başlıca istiqamətlərindən birini Müdafiə Nazirliyinin hərbi qulluqçularının əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması təşkil edir. Nəzərdə tutulan dəyişikliklərə əsasən, Müdafiə Nazirliyində xidmət edən hərbçilərin əməkhaqları orta hesabla 22,8 faiz artırılacaqdır. Bu artımın maliyyələşdirilməsi məqsədilə dövlət büdcəsindən illik əsasda əlavə olaraq 550 milyon manat vəsaitin ayrılması planlaşdırılır. Bu nəhəng maliyyə tutumlu addım yalnız hərbi heyətin maddi rifahına xidmət etməklə qalmayacaq, eyni zamanda bütün cəmiyyətimiz tərəfindən böyük rəğbət və təqdirlə qarşılanan sosial ədalət nümunəsidir. Zəfər qazanmış ordumuzun şəxsi heyətinə göstərilən bu diqqət ölkə ictimaiyyətində dərin minnətdarlıq hissi doğurur.
İslahatın digər strateji tərəfi əməkhaqqı strukturunun köklü şəkildə yenidən qurulması və beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. Hazırda hərbçilərin əməkhaqqı sistemində mövcud olan çoxsaylı müxtəlif əlavələr və birdəfəlik ödənişlər ləğv edilərək, daha sadə, şəffaf, aydın və dayanıqlı bir ödəniş modeli formalaşdırılır. Yeni sistemdə xidmətkeçmənin yeri, xidmət şəraitinin xüsusiyyətləri, çətinliyi və ağırlıq dərəcəsi dəqiq nəzərə alınacaqdır. Ən mühüm yeniliklərdən biri isə baza maaşı hesab edilən vəzifə maaşının rütbə maaşı ilə əvəzlənməsi və ümumi maaş strukturunda rütbə maaşının xüsusi çəkisinin 70 faizə çatdırılmasıdır. Bu, ordu quruculuğunda qabaqcıl dünya təcrübəsinin tətbiqi deməkdir.
Bu yanaşma hərbi xidmətin cəlbediciliyini və əmək bazarında rəqabət qabiliyyətini ciddi şəkildə artıracaqdır. Hərbçilər orduda daha uzun müddət xidmət etməkdə maraqlı olacaq, xidmət illəri artdıqca və yeni rütbələrə yüksəldikcə daha yüksək əməkhaqqı almaq imkanı əldə edəcəklər. Bu stimullaşdırma mexanizmi peşəkar, ixtisaslı kadrların hərbi sistemdə uzunmüddətli karyera qurmasını təmin edəcəkdir. Nəticədə, Azərbaycan Ordusunun kadr potensialı daha da güclənəcək, böyük döyüş və hərbi təcrübəyə malik peşəkar zabit və gizir heyətinin payı ilbəil artacaqdır. Beləliklə, yeni əməkhaqqı islahatı həm hərbçilərin sosial müdafiəsini möhkəmləndirir, həm də ordumuzun müdafiə qüdrətinin yüksəldilməsinə birbaşa töhfə verir.
Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri