Azərbaycan Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının iclasında iştirakı ölkəmizin beynəlxalq münasibətlər sistemində artan siyasi və diplomatik çəkisinin növbəti mühüm göstəricisi kimi qiymətləndirilə bilər. Prezidentin bu mötəbər platformada iştirakı, dünyanın aparıcı dövlətlərinin liderləri ilə keçirdiyi görüşlər və regional, eləcə də qlobal gündəmin aktual məsələləri ətrafında fikir mübadiləsi Azərbaycanın müasir xarici siyasət kursunun çoxvektorlu və fəal xarakterini bir daha nümayiş etdirdi. Bu səfər xüsusilə Azərbaycan-Ermənistan münasibətlərinin yeni mərhələyə daxil olduğu bir vaxtda mühüm siyasi məna daşıyır. Prezident cənab İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə sülh prosesinin perspektivlərinin müzakirə olunması göstərir ki, Azərbaycan artıq regionda formalaşmış yeni reallıqların əsas siyasi aktorlarından biri kimi çıxış edir.Azərbaycan-Ermənistan liderlərinin illər əvvəlki görüşləri ilə bu gün baş tutan təmasları müqayisə etdikdə, regionda baş vermiş fundamental siyasi dəyişikliklərin miqyasını aydın görmək mümkündür. Vaxtilə Azərbaycan-Ermənistan danışıqları işğal faktının mövcud olduğu, Azərbaycanın ərazi bütövlüyünün pozulduğu və danışıqlar prosesinin qeyri-müəyyənlik içərisində saxlanıldığı şəraitdə aparılırdı. Azərbaycan tərəfi həmin görüşlərə öz torpaqlarının işğal altında olduğu dövlət kimi qatılırdı. Bu gün isə vəziyyət köklü şəkildə dəyişib. Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq ərazi bütövlüyünü bərpa edib və regionda yeni siyasi reallıq yaradıb. Qarabağ məsələsinin hərbi-siyasi gündəmdən çıxarılması, Azərbaycanın suverenliyinin bütün ərazisində tam təmin olunması və postmünaqişə dövrünün başlanması danışıqların mahiyyətini də dəyişib. Bu baxımdan, bu gün Azərbaycan-Ermənistan liderlərinin görüşlərini illər əvvəlki danışıqların davamı kimi deyil, tamamilə yeni geosiyasi reallığın nəticəsi kimi qiymətləndirmək lazımdır.
Əgər əvvəlki mərhələdə əsas müzakirə mövzusu işğal olunmuş ərazilərin taleyi, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi idisə, hazırkı mərhələdə əsas məsələ iki dövlət arasında sülhün hüquqi və siyasi əsaslarının formalaşdırılması, dövlətlərarası münasibətlərin normallaşdırılması və regionda davamlı əməkdaşlıq mühitinin yaradılmasıdır. Azərbaycanın danışıqlar masasına qalib dövlət kimi oturması məhz bu tarixi transformasiyanın siyasi ifadəsidir.
ŞƏT platformasında Prezident İlham Əliyevin dünya liderləri ilə keçirdiyi görüşlər Azərbaycanın xarici siyasətinin yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmadığını, ölkəmizin qlobal və regional proseslərdə fəal iştirak etdiyini göstərir. Bu görüşlər zamanı siyasi münasibətlərlə yanaşı, enerji təhlükəsizliyi, nəqliyyat və logistika, ticarət, investisiyalar, regional təhlükəsizlik, beynəlxalq əməkdaşlıq və yeni iqtisadi imkanlar kimi məsələlərin müzakirəsi Azərbaycanın beynəlxalq gündəlikdəki yerinin genişliyini nümayiş etdirir.
Prezident İlham Əliyevin müxtəlif geosiyasi güc mərkəzləri ilə paralel şəkildə səmərəli münasibətlər qurması Azərbaycanın milli maraqlara əsaslanan balanslı xarici siyasətinin mühüm nəticəsidir. Azərbaycan bir tərəfdən regional təhlükəsizliyin təmin olunmasında fəal rol oynayır, digər tərəfdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafında strateji tərəfdaş kimi çıxış edir. Bu mənada cənab Prezidentin beynəlxalq görüşləri sadəcə diplomatik protokol xarakteri daşımır. Hər bir görüş Azərbaycanın siyasi, iqtisadi və təhlükəsizlik maraqlarının irəli aparılması üçün mühüm imkan yaradır.
Cənab Prezidentin beynəlxalq arenadakı siyasi nüfuzunun mühüm göstəricilərindən biri də müxtəlif ölkələrin liderləri ilə birbaşa və açıq dialoq imkanlarının genişlənməsidir. Azərbaycanın dövlət başçısının mövqelərinin dünya siyasətinin aparıcı aktorları tərəfindən nəzərə alınması ölkəmizin son illərdə əldə etdiyi geosiyasi mövqenin göstəricisidir. Azərbaycanın Ermənistanla sülh prosesində mövqeyi də məhz bu yeni reallıqdan qaynaqlanır. Bakı dəfələrlə bəyan edib ki, regionda davamlı sülhün təmin edilməsi üçün qarşılıqlı hörmət, suverenliyin və ərazi bütövlüyünün tanınması, dövlətlərin daxili işlərinə müdaxilə etməmək və beynəlxalq hüququn fundamental prinsiplərinə riayət əsas şərtlərdir. Prezident cənab İlham Əliyevin Paşinyanla görüşü də bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Liderlərin birbaşa dialoqu sülh prosesinin davam etdirilməsi və tərəflər arasında mövcud məsələlərin siyasi müstəvidə müzakirəsi baxımından mühüm platformadır. Azərbaycan üçün sülh yalnız sənədin imzalanmasından ibarət deyil. Əsl məqsəd regionda uzunmüddətli sabitliyin, qarşılıqlı etimadın və əməkdaşlığın formalaşdırılmasıdır. Bu baxımdan Azərbaycan sülh gündəliyini həm siyasi, həm də iqtisadi əməkdaşlıq perspektivi ilə tamamlayır.
Prezident İlham Əliyevin səfərində Birinci xanım, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da iştirakı xüsusi diqqət çəkir. Mehriban xanım Əliyevanın beynəlxalq tədbirlər və səfərlər çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın humanitar diplomatiyasının, mədəni əlaqələrinin və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə mühüm töhfə verir. Onun fəaliyyəti Azərbaycanın beynəlxalq müstəvidə yalnız siyasi və iqtisadi imkanlarını deyil, həm də humanitar, mədəni və mənəvi potensialını təqdim edən mühüm diplomatik istiqamətlərdən birinə çevrilib. Bu baxımdan Prezident İlham Əliyevin siyasi-diplomatik fəaliyyəti ilə Birinci vitse-prezident Mehriban Əliyevanın humanitar və mədəni diplomatiya istiqamətində fəaliyyəti bir-birini tamamlayan mühüm xətt təşkil edir.
ŞƏT toplantısı çərçivəsində keçirilən görüşlərə və aparılan müzakirələrə daha geniş prizmadan yanaşdıqda, bir mühüm reallıq ortaya çıxır: Azərbaycan artıq regionda baş verən prosesləri kənardan izləyən ölkə deyil. Azərbaycan özü regional gündəliyin formalaşmasına təsir göstərən əsas dövlətlərdən biridir.
Vətən müharibəsində əldə olunmuş Zəfər Azərbaycanın hərbi-siyasi mövqeyini dəyişdirməklə yanaşı, onun diplomatik imkanlarını da əhəmiyyətli dərəcədə genişləndirib. Bu gün Azərbaycan həm Cənubi Qafqazda sülh gündəliyinin əsas təşəbbüskarlarından biri, həm də daha geniş Avrasiya məkanında enerji, nəqliyyat, logistika və iqtisadi əməkdaşlıq layihələrinin mühüm iştirakçısıdır. Cənab Prezidentin ŞƏT kimi nüfuzlu beynəlxalq platformada iştirakı da məhz bu reallığın göstəricisidir. Bişkekdəki əvvəlki görüşlərdən bu günə qədər keçən dövr Azərbaycan üçün sadəcə zaman fərqi deyil. Bu, Azərbaycanın siyasi çəkisinin, hərbi gücünün, diplomatik imkanlarının və beynəlxalq mövqeyinin fundamental şəkildə dəyişdiyi tarixi mərhələdir. Bu gün Azərbaycan Prezidenti beynəlxalq görüşlərə öz ölkəsinin ərazi bütövlüyünün bərpasına nail olmuş qalib dövlətin lideri kimi qatılır. Qarşı tərəflə dialoq da məhz bu yeni siyasi reallıq fonunda aparılır.
Prezident İlham Əliyevin ŞƏT toplantısı çərçivəsində keçirdiyi görüşlər bir daha göstərir ki, Azərbaycan öz milli maraqlarını qətiyyətlə müdafiə etməklə yanaşı, sülhün, sabitliyin və əməkdaşlığın tərəfdarı kimi çıxış edir. Azərbaycanın diplomatik gücü yalnız siyasi bəyanatlarla deyil, konkret nəticələrlə ölçülür. Bu nəticələr isə son illərdə ölkəmizin beynəlxalq münasibətlər sistemində qazandığı mövqedə, dünya liderləri ilə intensiv siyasi dialoqda və Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşmasında özünü göstərir. Bu mənada Prezident İlham Əliyevin ŞƏT platformasında iştirakı və keçirdiyi görüşlər Azərbaycanın yüksələn beynəlxalq nüfuzunun növbəti nümayişidir. Səfərin verdiyi əsas mesaj isə aydındır: Azərbaycan öz suverenliyini və milli maraqlarını təmin etmiş, regionda sülh və əməkdaşlıq gündəliyinin formalaşmasına öncüllük edən və qlobal miqyasda söz sahibi olan dövlət kimi yeni mərhələyə qədəm qoyub.
Mehriban Vəliyeva
Milli Məclisin deputatı