PDF Oxu

Siyasət

  • 284

Bakı-London münasibətlərində yeni tarixi mərhələ: Dublin Bəyannaməsi strateji tərəfdaşlığın yol xəritəsini müəyyənləşdirdi - ŞƏRH

Bakı-London münasibətlərində yeni tarixi mərhələ: Dublin Bəyannaməsi strateji tərəfdaşlığın yol xəritəsini müəyyənləşdirdi - ŞƏRH

Azərbaycan Respublikasının xarici siyasətində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə əlaqələrin inkişafı hər zaman xüsusi yer tutub. İki ölkə arasındakı uzunmüddətli və qarşılıqlı hörmətə əsaslanan münasibətlər artıq keyfiyyətcə yeni müstəviyə qədəm qoyub. 2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ikitərəfli əlaqələrin gələcək inkişafı üçün fundamental siyasi-hüquqi baza yaradır.
Tarixi varislik prinsipinə söykənən bu mühüm sənəd iki dövlət arasındakı uzunmüddətli münasibətlərin məntiqi davamıdır. Bəyannamə 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməyə, eləcə də 1998-ci il 21 iyul tarixli Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə əsaslanaraq, ötən dövr ərzində formalaşmış tərəfdaşlıq ənənələrini daha yüksək zirvəyə daşıyır. Bu sənədlərə istinad edilməsi onu göstərir ki, Bakı və London arasındakı əməkdaşlıq möhkəm tarixi təməllər üzərində qurulub və davamlı inkişaf xəttinə malikdir.
Dublin Bəyannaməsinin siyasi və hüquqi çəkisini artıran əsas amillərdən biri sənəddə beynəlxalq hüququn fundamental prinsiplərinə verilən birmənalı dəstəkdir. Bəyannamə təsdiqləyir ki, tərəflər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, beynəlxalq hüququn prinsiplərinə və normalarına, xüsusən də beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına, eləcə də suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə hörmətlə bağlı prinsiplərə sadiq qalacaqlar. Müasir dövrdə bu fundamental normaların dövlətlərarası strateji sənəddə bir daha təsbit olunması beynəlxalq münasibətlərdə hüququn aliliyinə verilən yüksək dəyərin göstəricisidir.
Sənəddə regionda sülh və sabitliyin bərqərar olması məsələsinə də xüsusi yer ayrılıb. Bəyannamədə 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyəti vurğulanır, həmçinin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı sülh addımları alqışlanır. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ikitərəfli dialoq yolu ilə regionda davamlı sülhə nail olmaq məqsədi daşıyan iki ölkənin səylərinə öz davamlı dəstəyini bir daha bəyan edib. Bu müddəa rəsmi Londonun regionda uzunmüddətli sülh quruculuğu prosesinə verdiyi siyasi dəstəyin bariz nümunəsidir.
İqtisadi əməkdaşlıq və dayanıqlı inkişaf perspektivləri Dublin Bəyannaməsinin əsas sütunlarından birini təşkil edir. Sənəddə güclü, dayanıqlı və şaxələndirilmiş iqtisadi artımın, açıq ticarətin, investisiyaların və innovasiyanın hər iki iştirakçı üçün uzunmüddətli sabitlik və rifahın vacib təməlləri olduğu qəbul edilir. Bu yanaşma tərəflərin qarşılıqlı iqtisadi maraqlarının uzlaşdırılmasına və müasir çağırışlara cavab verən yeni əməkdaşlıq istiqamətlərinin formalaşdırılmasına geniş imkanlar açır.
Bəyannamə həm də dövlətlərarası münasibətlərin dərinləşməsində insan amilinin və intellektual potensialın həlledici rolunu ön plana çıxarır. Hər iki tərəf davamlı tərəfdaşlığın etimad, səmimilik və güclü insanlararası əlaqələr üzərində qurulduğunu tanıyır. Bununla yanaşı, uzunmüddətli artım və rəqəmsal transformasiya üçün əsas təməl kimi təhsil, elm, innovasiya və bacarıqlar sahəsində praktik əməkdaşlığın vacibliyi təsdiqlənir. Bu istiqamətlər gələcək nəsillərin müasir bilik və bacarıqlara yiyələnməsi baxımından strateji əhəmiyyət daşıyır.
Sənədin yekun müddəalarında iştirakçılar icmalararası birbaşa əlaqənin qarşılıqlı faydasını tanıyır və bu Strateji Tərəfdaşlığın məqsədinə yönəlik layihə və proqramları dəstəkləməyi öhdələrinə götürürlər. Bu, Dublin Bəyannaməsinin yalnız siyasi bəyanatlarla məhdudlaşmayacağını, konkret birgə layihələr və proqramlar vasitəsilə icmalar arasında canlı ünsiyyətin və əməkdaşlığın genişlənəcəyini təmin edir.
Ümumilikdə, 2026-cı il noyabrın 12-də Dublində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan və Böyük Britaniya münasibətlərində mühüm tarixi mərhələdir. Prezident İlham Əliyev və Baş nazir Endi Börnhem tərəfindən imzalanan bu sənəd ikitərəfli tərəfdaşlığı strateji səviyyəyə yüksəltməklə yanaşı, regionda davamlı sülhə, təhlükəsizliyə və qarşılıqlı rifaha xidmət edir.

Kərimli Elvin
Yap Ordubad Rayon Təşkilatının əməkdaşı

Digər xəbərlər