PDF Oxu

Siyasət

  • 179

Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ

Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli əlaqələrin inkişafında mühüm tarixi hadisədir

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında qarşılıqlı etimadın, siyasi dialoqun, iqtisadi əməkdaşlığın və ortaq maraqların möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Qlobal geosiyasi proseslərin sürətlə dəyişdiyi, beynəlxalq təhlükəsizlik arxitekturasının yenidən formalaşdığı bir şəraitdə Azərbaycan Respublikası həyata keçirdiyi müstəqil, praqmatik və çoxşaxəli xarici siyasət strategiyası ilə etibarlı tərəfdaş, nüfuzlu dövlət və mühüm regional aktor kimi mövqelərini daha da möhkəmləndirir.

Azərbaycanın beynəlxalq tərəfdaşları ilə münasibətlərinin yeni məzmun və keyfiyyət mərhələsinə yüksəlməsi Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü xarici siyasət kursunun məntiqi nəticəsidir. Bu siyasətin əsasını milli maraqların qorunması, dövlət suverenliyinin möhkəmləndirilməsi, beynəlxalq hüquqa hörmət, qarşılıqlı faydalı əməkdaşlıq və regional sabitliyə töhfə vermək təşkil edir.

Bu baxımdan 2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” xüsusi siyasi və diplomatik əhəmiyyətə malikdir.

Hesab edirəm ki, bu sənəd iki ölkə arasında uzun illər ərzində formalaşmış dostluq və əməkdaşlıq münasibətlərinin məntiqi davamı olmaqla yanaşı, gələcək onilliklər üçün yeni əməkdaşlıq istiqamətlərini müəyyənləşdirən mühüm strateji yol xəritəsidir.

Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin möhkəm tarixi və siyasi təməli vardır. 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, 1998-ci il iyulun 21-də imzalanmış Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli əlaqələrin inkişafında mühüm mərhələlər olmuşdur. Ötən dövr ərzində siyasi, iqtisadi, enerji və digər sahələrdə qurulan əməkdaşlıq hər iki dövlət üçün qarşılıqlı fayda yaradıb.

Yeni Birgə Bəyannamənin imzalanması isə mövcud münasibətlərin rəsmi şəkildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsini təsdiqləyir. Bu, Azərbaycanın beynəlxalq münasibətlər sistemində qazandığı etimadın, artan siyasi çəkisinin və etibarlı tərəfdaş kimi mövqeyinin növbəti təsdiqidir.

Bəyannamənin mühüm siyasi məqamlarından biri tərəflərin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, beynəlxalq hüququn prinsip və normalarına, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına sadiqliklərini bir daha təsdiqləmələridir. Bu müddəa Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki ölkəmiz uzun illər ərazilərinin işğalı, bir milyondan artıq soydaşımızın doğma yurdlarından didərgin düşməsi və beynəlxalq hüququn fundamental prinsiplərinin pozulması reallığı ilə üzləşmişdir. Azərbaycan dövləti bütün bu müddət ərzində öz ərazi bütövlüyünün və suverenliyinin bərpasını əsas milli prioritet kimi müəyyənləşdirmiş, bu istiqamətdə prinsipial və ardıcıl siyasət həyata keçirmişdir.

2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər və 2023-cü ildə dövlət suverenliyimizin tam bərpası Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin təntənəsi oldu. Bu gün Azərbaycan regionda yeni reallıqların müəllifi kimi sülhün, təhlükəsizliyin və əməkdaşlığın tərəfdarı olduğunu nümayiş etdirir.

Bəyannamədə 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaların və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan sülh addımlarının əhəmiyyətinin vurğulanması da xüsusi diqqətə layiqdir. Böyük Britaniyanın regionda davamlı sülhə nail olmaq istiqamətində səylərə dəstəyini təsdiqləməsi Azərbaycanın sülh gündəliyinin beynəlxalq müstəvidə əhəmiyyətinin artdığını göstərir.

Azərbaycanın mövqeyi aydındır: regionda davamlı sülh qarşılıqlı suverenliyə, ərazi bütövlüyünə, beynəlxalq hüquqa hörmətə və dövlətlərin legitim maraqlarının nəzərə alınmasına əsaslanmalıdır.

Birgə Bəyannamənin mühüm istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsidir. Müasir dövrdə təhlükəsizlik anlayışı yalnız hərbi müdafiə ilə məhdudlaşmır. Kibertəhlükəsizlik, sərhəd təhlükəsizliyi, institusional dayanıqlılıq, hüquq-mühafizə orqanları arasında əməkdaşlıq və yeni təhdidlərə qarşı birgə mübarizə də bu anlayışın ayrılmaz hissəsinə çevrilmişdir.

Sənəddə müdafiə sahəsində təlimlərin, təcrübə və bilik mübadiləsinin, peşəkar hazırlığın, müdafiə sənayesi üzrə əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi nəzərdə tutulur. Eyni zamanda, hüquq-mühafizə orqanları arasında tərəfdaşlığın gücləndirilməsi, sərhəd idarəçiliyi, məhkəmə və hüquqi əməkdaşlıq məsələləri də prioritet istiqamətlər kimi müəyyənləşdirilir.

Bu əməkdaşlıq Azərbaycanın müdafiə və təhlükəsizlik potensialının inkişafı, müasir çağırışlara çevik reaksiya imkanlarının artırılması və regional sabitliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.

Azərbaycan-Böyük Britaniya münasibətlərinin ənənəvi və mühüm istiqamətlərindən biri iqtisadiyyat və enerji sahəsində əməkdaşlıqdır. Otuz ildən artıq müddətdə davam edən enerji tərəfdaşlığı ölkəmizin beynəlxalq enerji bazarlarında mövqeyinin güclənməsinə, xarici investisiyaların cəlb edilməsinə və iqtisadi inkişafına mühüm töhfələr verib. Böyük Britaniya Azərbaycanın Avropadakı ən böyük investorudur.

Birgə Bəyannamədə bu əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, infrastrukturun inkişafı və biznes dairələri arasında əlaqələrin gücləndirilməsi əsas hədəflər kimi müəyyənləşdirilib.

Xüsusilə bərpaolunan enerji, yaşıl maliyyələşmə, aşağı karbonlu texnologiyalar və enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq perspektivləri diqqətəlayiqdir. Azərbaycanın zəngin enerji resursları ilə yanaşı, günəş və külək enerjisi potensialı ölkəmizi gələcəyin enerji bazarında mühüm iştirakçıya çevirir. Ənənəvi enerji sahəsində əldə etdiyimiz təcrübənin yaşıl enerji layihələri ilə tamamlanması iqtisadi inkişafımızın davamlılığını təmin edən amillərdəndir.

Digər mühüm istiqamət Orta Dəhlizin inkişafıdır. Azərbaycanın əlverişli coğrafi mövqeyi, Şərqlə Qərb arasında mühüm nəqliyyat və logistika qovşağına çevrilməsi ölkəmizin beynəlxalq əhəmiyyətini daha da artırır. Nəqliyyat infrastrukturunun genişləndirilməsi, tranzit imkanlarının artırılması və regional bağlantıların gücləndirilməsi təkcə Azərbaycan üçün deyil, bütövlükdə Avrasiya məkanı üçün mühüm iqtisadi perspektivlər yaradır.

Böyük Britaniya ilə bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın tranzit və logistika potensialının daha səmərəli reallaşdırılmasına, yeni investisiyaların cəlb edilməsinə və beynəlxalq ticarət əlaqələrinin inkişafına xidmət edəcək. Eyni zamanda, Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinə verilən əhəmiyyət iqtisadi və ticarət əlaqələrinin sistemli şəkildə inkişaf etdirilməsi baxımından mühüm mexanizm rolunu oynayacaq.

Bəyannamənin digər mühüm istiqaməti təhsil, elm, tədqiqat və innovasiya sahəsində əməkdaşlığın genişləndirilməsidir. Müasir dünyada dövlətlərin rəqabət qabiliyyəti yalnız təbii sərvətlər və iqtisadi göstəricilərlə deyil, həm də insan kapitalının inkişafı, elmi potensial və texnoloji yeniliklərin tətbiqi ilə müəyyən olunur. Bu baxımdan ali təhsil, peşə təhsili, rəqəmsal və texniki bacarıqların inkişafı, universitetlər və elmi-tədqiqat institutları arasında əməkdaşlıq mühüm əhəmiyyət daşıyır. Süni intellekt, rəqəmsal idarəetmə, innovasiya mühiti və həyat elmləri sahələrində təcrübə mübadiləsinin təşviqi Azərbaycanın gələcək inkişaf prioritetləri ilə uzlaşır. Bu əməkdaşlıq gənclərimizin müasir biliklərə yiyələnməsi, rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması və ölkəmizin innovativ iqtisadiyyatının formalaşması üçün yeni imkanlar yaradacaq.

Bununla yanaşı, xalqlar arasında birbaşa əlaqələrin, mədəni mübadilələrin və peşəkar şəbəkələrin genişləndirilməsi iki ölkə arasında qarşılıqlı anlaşmanın və dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək. Bütün bu məqamları ümumiləşdirərək qeyd etmək istəyirəm ki, Azərbaycan ilə Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə sadəcə diplomatik sənəd deyil. Bu, iki ölkənin gələcəyə dair ortaq baxışını, qarşılıqlı maraqlarını və uzunmüddətli əməkdaşlıq iradəsini ifadə edən mühüm siyasi sənəddir.

Bəyannamənin üç əsas istiqaməti – müdafiə və təhlükəsizlik, ticarət və investisiya, təhsil və innovasiya – müasir dövlətlərarası münasibətlərin bütün əsas sahələrini əhatə edir. Bu, əməkdaşlığın yalnız ənənəvi istiqamətlərlə məhdudlaşmadığını, yeni çağırışlara və gələcəyin tələblərinə uyğun şəkildə inkişaf etdiriləcəyini göstərir.

Azərbaycanın bu gün Böyük Britaniya kimi nüfuzlu dövlətlə strateji tərəfdaşlıq münasibətlərini rəsmiləşdirməsi Prezident İlham Əliyevin beynəlxalq aləmdə formalaşdırdığı etibarlı tərəfdaş imicinin və milli maraqlara əsaslanan diplomatik fəaliyyətinin nəticəsidir.

Dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan həm regional, həm də qlobal miqyasda öz mövqeyini gücləndirir, beynəlxalq əməkdaşlıq platformalarında fəal iştirak edir və milli maraqlarını qətiyyətlə müdafiə edir. Bu siyasət ölkəmizin iqtisadi qüdrətinin artmasına, beynəlxalq nüfuzunun möhkəmlənməsinə və gələcək inkişafı üçün yeni imkanların yaranmasına xidmət edir.

12 noyabr 2026-cı ildə Dublində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan-Böyük Britaniya münasibətlərinin tarixində yeni səhifə açacaq, qarşılıqlı etimadın daha da möhkəmlənməsinə, iqtisadi və siyasi əlaqələrin genişlənməsinə, eləcə də regionda davamlı sülh və sabitliyin təmin olunmasına mühüm töhfə verəcək. Bu sənəd bir daha nümayiş etdirir ki, müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlarına söykənən, beynəlxalq hüquqa əsaslanan və qarşılıqlı faydalı əməkdaşlığı hədəfləyən siyasətini inamla davam etdirir.

Mansur QULİYEV

YAP Ağdam rayon təşkilatının sədri

Digər xəbərlər