Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xarici siyasətində daim etibarlı tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verib. Bu istiqamətdə Böyük Britaniya ilə qurulan əlaqələr illər ərzində siyasi və iqtisadi baxımdan mühüm əhəmiyyət qazanıb. Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlərin tarixi, strateji və tərəfdaşlıq xarakteri daşıyır.
Siyasi təmərlərinin qoyulmasında 1994-cü il 23 fevral tarixli Dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannamə mühüm tarixi sənəd kimi xüsusi yer tutur.Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında diplomatik əlaqələr SSRİ nin süqutundan sonra 1992-ci ilin əvvəllərində qurulmuşdur. Lakin iki ölkə arasında əməkdaşlığın hərtərəfli inkişafında və dövlətlərarası münasibətlərin institusional müstəviyə keçməsində 23 fevral 1994-cü il tarixində imzalanmış Dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannamə həlledici rol oynamışdır.Həmin dövrdə Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin Birləşmiş Krallığa rəsmi səfəri çərçivəsində imzalanan bu sənəd iki ölkə arasındakı münasibətlərdə yeni bir era açmışdır.1994-cü ilin əvvəllərində Azərbaycan Respublikası ağır tarixi və geosiyasi sınaqlardan keçirdi. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqların işğal olunması, daxili və xarici çətinliklər, eyni zamanda gənc müstəqil respublikanın beynəlxalq arenada özünə etibarlı tərəfdaşlar tapması zərurəti dövrün əsas çağırışları idi. Birləşmiş Krallıq kimi qlobal siyasi çəkiyə malik olan və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan bir dövlətlə belə yüksək səviyyəli sənədin imzalanması Azərbaycanın beynəlxalq təcrid cəhdlərini qırmağa, xarici siyasətində şaxələnmə siyasətini uğurla həyata keçirməyə imkan verdi. Sənəd həmçinin Azərbaycanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə beynəlxalq səviyyədə verilən mühüm siyasi dəstək təzahürü idi.Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə tərəflər arasında bir çox sahələrdə uzunmüddətli əməkdaşlığın əsas prinsiplərini müəyyənləşdirdi.
12 noyabr 2026-cı ildə Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu sənəd iki ölkənin gələcək əməkdaşlığı üçün mühüm istiqamətlər müəyyənləşdirir.Mənim diqqətimi çəkən əsas məqamlardan biri Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində artan roludur. Şərqlə Qərbi birləşdirən Orta Dəhliz ölkəmizin strateji əhəmiyyətini daha da artırır. Böyük Britaniya ilə bu sahədə əməkdaşlığın inkişafı Azərbaycanın iqtisadi imkanlarına yeni töhfələr verə bilər. Digər tərəfdən, yaşıl enerji və müasir texnologiyalar sahəsində əməkdaşlıq gələcəyin tələblərinə uyğun addımdır. Çünki artıq dünya yalnız mövcud iqtisadi imkanlarla kifayətlənmir, eyni zamanda innovasiyalara, ekoloji təhlükəsizliyə və davamlı inkişafa üstünlük verir.
Elmin MƏMMƏDOV
YAP Ağdam rayon təşkilatının əməkdaşı