PDF Oxu

Siyasət

  • 531

Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfəri ölkəmizin fəal və çoxşaxəli xarici siyasətinin növbəti mühüm göstəricisidir

image

Məlum olduğu kimi, ölkəmizin öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi Cənubi Qafqazda tamamilə yeni geopolitik reallıqlar yaradıb. Bu tarixi Zəfər ölkəmizin beynəlxalq müstəvidə nüfuzunu artırmaqla yanaşı, regional təhlükəsizlik və əməkdaşlıq məsələlərində strateji təşəbbüslərlə çıxış etməsinə imkan verib. Bu gün ölkəmiz dünyanın mühüm iqtisadi, logistik və siyasi mərkəzlərindən birinə çevrilib.
Yeri gəlmişkən, yürütdüyü sülh diplomatiyası ilə yeni və ədalətli dünya nizamının qurulması prosesində fəal iştirak edən, qlobal problemlərin həllinə birbaşa töhfə verən Bakı, indi də Avrasiya qitəsinin ən nəhəng siyasi-iqtisadi bloku olan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əlaqələrini sürətlə dərinləşdirir. Qeyd edək ki, ölkəmiz 2015-ci ildən ŞƏT-in dialoq üzrə tərəfdaşı statusuna malikdir. ŞƏT dünyada əhalinin yarısına yaxınını, həmçinin qlobal iqtisadiyyatın böyük bir hissəsini özündə cəmləşdirən nəhəng platformadır. Bakı üçün bu təşkilatla əməkdaşlıq öz iqtisadi, nəqliyyat və təhlükəsizlik imkanlarını genişləndirmək anlamına gəlir. ŞƏT-in aparıcı ölkələrini Avropa ilə birləşdirən ən təhlükəsiz və səmərəli marşrut olan Orta dəhliz Azərbaycandan keçir. Bu reallığı göz önünə gətirdikdə, Azərbaycanla əməkdaşlığın ŞƏT-ə üzv olan ölkələr üçün də böyük əhəmiyyət kəsb etdiyini aydın görmək olur. Eyni zamanda Azərbaycanın ŞƏT platformasındakı yeri və rolu onun bu təşkilatın əsas üzvləri ilə qurduğu yüksəksəviyyəli ikitərəfli strateji münasibətlərdən qaynaqlanır. Məsələn, ölkəmizin dünyanın iqtisadi nəhəngi olan Çinlə strateji tərəfdaşlıq münasibətləri mövcuddur. O cümlədən Mərkəzi Asiya dövlətləri ilə həm dərin tarixi-mədəni bağlar, həm də strateji tərəfdaşlıq sazişləri var. O cümlədən Azərbaycan-Qırğızıstan münasibətləri də dinamik inkişaf edir.
Xüsusilə qeyd etmək lazımdır ki, sentyabrın 1-də Bişkekdə keçirilən "ŞƏT plyus" formatındakı görüşdə Prezident İlham Əliyevin çıxışı iki qardaş ölkənin - Azərbaycan ilə Qırğızıstanın arasında münasibətlərin artıq keyfiyyətcə tamamilə yeni - müttəfiqlik səviyyəsinə yüksəldiyini nümayiş etdirdi: "Bir ay öncə dövlət səfərim zamanı müttəfiqlik münasibətləri haqqında müqavilə imzalandı. Həmin tarixi sənəd Azərbaycanla Qırğızıstan arasında münasibətləri ən yüksək səviyyəyə qaldırdı". Ölkəmizin rəhbəri vurğuladı ki, Qırğızıstanın 2027-2028-ci illər üçün BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi beynəlxalq ictimaiyyətin Qırğızıstanın siyasətinə verdiyi dəstəyi nümayiş etdirir.
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin "ŞƏT plyus" formatındakı görüşdə toxunduğu ən mühüm məsələlərdən biri Cənubi Qafqazda yaranmış yeni reallıqlar və beynəlxalq hüququn tətbiqi mexanizmləri ilə bağlı oldu. Ölkəmizin rəhbəri tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, bir ildən bir az çox müddət əvvəl Azərbaycan və Ermənistan sülh sazişinin mətnini paraflayaraq 30 illik münaqişəyə son qoydular. Çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi artıq sülh zonasına çevrilir: "BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi 30 ildən sonra, üç il əvvəl icra edildi. Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir. Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması, onun nomenklaturasının genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq".
Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və düz 30 il boyunca kağız üzərində qalan dörd qətnaməsini özü icra edərək ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Bişkekdəki çıxışında, "Lakin təəssüf ki, BMT bu qətnamələrin icrasında heç bir rol oynamayıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tamamilə özü bərpa edib", - deyən Prezident İlham Əliyev bu nüfuzlu platformadan dünyaya bəyan etdi ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur. Bu həyata keçirilərsə, BMT-nin nüfuzunun və təşkilatın münaqişələrin nizamlanmasındakı rolunun artmasına xidmət edər. Azərbaycan, BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına üzv olduğu ilk gündən etibarən bütün dövlətlərlə bərabər əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş siyasət həyata keçirir və hərəkatın bütün təşəbbüslərinə çox fəal cəlb olunub. Hərəkata sədrlik etdiyi dövrdə Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkilat tərəfindən mühüm qlobal tədbirlər həyata keçirilib. 2021-ci ilin dekabr ayında BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində assambleyanın plenar iclasında hərəkatın sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə üzv dövlətlər adından irəli sürülmüş "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə BMT-yə üzv dövlətlərin mütləq əksəriyyətinin dəstəyi ilə qəbul edilib. Dövlət başçısı Bişkekdəki çıxışını məhz Azərbaycanın qlobal diplomatiyadakı prinsipial mövqeyini nümayiş etdirən mühüm bəyanatla yekunlaşdırdı: "Son vaxtlara qədər dörd il ərzində Qoşulmama Hərəkatına rəhbərlik etmiş Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək". ŞƏT mühitində bu təcrübəyə istinad edilməsi göstərir ki, Azərbaycan bütün Avrasiya məkanında çoxtərəflilik və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərini müdafiə edir. Bakı üçün beynəlxalq münasibətlərinı qarşılıqlı hörmət və ortaq maraqlar üzərində qurulması mühüm əhəmiyyət kəsb edir.
Ən əsası, prezident İlham Əliyevin Bişkek görüşündə çıxışı ölkəmizin həm regional, həm də qlobal müstəvidə keçdiyi uğurlu diplomatik yolun yekun mənzərəsini ortaya qoyur. Bu göstərir ki, ölkəmiz bir tərəfdən, Cənubi Qafqazda real sülhün və iqtisadi inteqrasiyanın bünövrəsini qoyur, digər tərəfdən, bərabərhüquqlu əməkdaşlıq modeli ilə ŞƏT kimi nəhəng platformalarda, eləcə də Qırğızıstan daxil olmaqla, Mərkəzi Asiya ölkələri ilə, türk dünyası ilə müttəfiqlik əlaqələrini zirvəyə qaldırır.

Aqif HÜSEYNOV,
YAP Göygöl rayon təşkilatı üzrə Çaylı kənd ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər