Lənkəranda Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyevin, Lənkəran rayonu üzrə təhsil sektorunun müdiri Ağamməd Şəmmədovun və təhsil işçilərin iştirak ilə Heydər Əliyev Mərkəzində təhsil işçilərinin konfransı keçirilib.
Konfrans iştirakçıları öncə şəhərin mərkəzi meydanında müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Tədbir şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla anılması və Dövlət Himnin oxunması ilə başlayıb.
Lənkəran ŞİH başçısı Taleh Qaraşov giriş nitqində deyib:- Təhsil hər bir dövlətin gələcəyini müəyyən edən strateji sahədir. Ölkənin davamlı inkişafı, cəmiyyətin tərəqqisi və gələcək potensialı məhz savadlı, yüksək intellektli, peşəkar və vətənpərvər nəslin yetişdirilməsindən asılıdır. Bu baxımdan məktəb yalnız bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşdığı, milli-mənəvi dəyərlərin aşılandığı və vətəndaşlıq mövqeyinin formalaşdığı mühüm tərbiyə ocağıdır. Bir qayda olaraq Ümummilli Lider Heydər Əliyev həmişə elmə, təhsilə və müəllim əməyinə böyük diqqət və qayğı göstərib, dahi şəxsiyyət dövlətçilik fəlsəfəsində təhsilin insan kapitalının formalaşdırılmasının əsas vasitəsi olduğunu bildirib. Onun uğurlu təhsil siyasəti bu gün dövlət başçısı İlham Əliyev tərəfindən qətiyyətlə, uğurla və ardıcıl şəkildə davam etdirilir.
Natiq çıxışına onu da əlavə edib ki, dövlət siyasətinin əsas məqsədi hər bir şagird üçün keyfiyyətli və müasir təhsil imkanları yaratmaqdır. Bu sahədə maddi-texniki bazanın gücləndirilməsi ilə yanaşı, təhsilin məzmununun müasirləşdirilməsi, rəqəmsal texnologiyaların tətbiqi və müəllimlərin peşəkarlığının artırılması da diqqət mərkəzindədir. Həmçinin Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi sayəsində Fond tərəfindən ölkənin bütün ərazilərində, o cümlədən Lənkəran rayonunda da ümumtəhsil müəssisələrinin təmirinə və yenidən inşasına xüsusi diqqət göstərilir.
Daha sonra Lənkəran rayonu üzrə təhsil sektorunun müdiri Ağamməd Şəmmədovun 2025–2026-cı tədris ilinin yekunlarına dair geniş hesabatı dinlənilib. Hesabatda rayonun ümumi təhsil müəssisələrinin fəaliyyəti, şagirdlərin qiymətləndirmə və buraxılış imtahanlarının nəticələri, ötən illə müqayisəli göstəriciləri, əldə olunan nailiyyətlər barədə danışılıb, ayrı-ayrı siniflər və məktəblər üzrə nəticələr, müsbət dinamika və geriləmələr, eləcə də tədrisin keyfiyyətinə təsir edən əsas amillər göstərilib. Həmçinin aparılan təhlillər əsasında 2026–2027-ci tədris ili üçün əsas prioritetlər və hədəflər diqqətə çatdırıb.
Dövlətin təhsilə göstərdiyi diqqət və qayğının Lənkəran rayonunda da özünü aydın şəkildə büruzə verdiyini deyən Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev eyni zamanda çıxışında ötən tədris ilinin nəticələrini göstərməklə tədrisin keyfiyyətinin artırılması, nəticələrin sistemli təhlili, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin yüksəldilməsi ilə bağlı əsas istiqamətlərə toxunub.
Konfrans çərçivəsində fikir mübadiləsi aparılıb, təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tövsiyələr verilib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Meyvəni tərəvəz və protein mənbələri ilə birlikdə müntəzəm qida rasionunuza daxil etməyiniz tövsiyə olunur…