Zəngəzur dəhlizinin reallaşması məsələsi diqqətləri daha çox Naxçıvana yönəldir. Ona görə ki, muxtar respublika bu dəhlizin əsas mərkəzi hesab olunur. Elə bir mərkəz ki, şərqdən qərbə, qərbdən şərqə yollar ərazisinə görə kiçik, strateji xüsusiyyətinə görə isə çox böyük olan bu torpaqdan keçir. Naxçıvan tək bir dəhliz vasitəsilə dünyanı bir-birinə qovuşdurmaq iqtidarındadır.
Məhz bu kimi xüsisiyyətləri və əlverişli mövqesi burada geniş islahatların həyata keçirilməsini şərtləndirir. Dövlətimizin başçısının 2 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda vacib dəyişikliklər edilib. Bu dəyişikliklər ümumilikdə Dövlət Proqramına daha da gücləndirib ki, bu da Naxçıvanın ümumu inkişafına, ərazinin yeni dövr üçün hazırlanması prinsiplərinə xidmət edir.
Yeni sənəd bütövlükdə regionun cari iqtisadi reallıqlarına, gözlənilən geoiqtisadi dəyişikliklərə və icra mexanizmlərinin optimallaşdırılmasına yönəlmiş strateji uyğunlaşmanı əks etdirir. Məsələn, sərəncamın ən diqqətəlayiq bəndi Naxçıvanın xarici və ölkədaxili bazarlarına inteqrasiyası ilə bağlıdır. Dəyişikliklə sahibkarlara sadəcə güzəştli kreditlərin verilməsi konsepsiyasından daha funksional və birbaşa təsir edən məqsədli logistik dəstək mexanizmlərinə keçid olunur. Naxçıvanın anklav mövqeyini nəzərə alsaq, daşıma xərclərinin optimallaşdırılması və müntəzəm yükdaşımaların təşkili yerli məhsulların rəqabətqabiliyyətliliyini artırmaq üçün həyati əhəmiyyət kəsb edir.
Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan məhsullarının quru yolu ilə ixracı üçün yaranacaq yeni imkanlar xüsusi vurğulanır. Bu fürsətlərdən maksimum istifadə üçün müxtəlif güzəştlərin tətbiqinə dair ayrıca qiymətləndirmə aparılacağı nəzərdə tutulur ki, bu tədbirlər Naxçıvan Muxtar Respublikasının ərazisində iqtisadi aktivliyin, məşğulluğun və ixracın artmasına, iqtisadiyyatda yerli istehsalın rolunun güclənməsinə kömək edəcəkdir.
Tədbirlər Planında dəyişikliklər çərçivəsində bəzi bəndlərin ləğv olunması iki əsas məqamı xarakterizə edir. Birincisi, digər dövlət proqramları və ya mərkəzi icra hakimiyyəti organlarının cari layihələri ilə üst-üstə düşən tədbirlər çıxarılaraq kəsişmələr aradan qaldırılır. İkincisi, resursların effektivliyi bölüşdürülərək daha az səmərəli və ya öz aktuallığını itirmiş alt-layihələr ixtisar edilərək diqqət birbaşa nəticə verən istiqamətlərə yönəldilir.
Naxçıvan təhsli hər zaman ölkədə ön sıralarda yer tutub. Bu, muxtar respublikanın bütün kateqoriyalı təhsil sistemində eynidir. Sosial infruktur və xidmətlərin əhatə dairəsinin genişləndirilməsi təhsil infrastrukturunda inklüzivlik məsələsinə də işıq salıb. Belə ki, Proqramda əvvəlki redaksiyada xüsusi olaraq "ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbləri" göstərildiyi halda, yeni dəyişikliklə bu ifadə ünvanlı olaraq "təhsil müəssisələri" termini ilə əvəzlənib. Bu, modernizasiya və dəstək tədbirlərinin dar çərçivədən çıxarılaraq bütün təhsil sisteminə şamil edilməsinə imkan verir.
Digər vacib məqam isə nəqliyyatın əlçatanlığını və ətraf mühit üzrə hədəfləri xarakterizə edir. Belə ki, yeni dəyişikliyə əsasən nəqliyyat sahəsində hədəf yalnız "ictimai nəqliyyatın keyfiyyəti" deyil, bütövlükdə əhalinin nəqliyyat infrastrukturuna və xidmətlərinə əlçatanlığının artırılması kimi daha geniş konsepsiya ilə müəyyən edilir. Ekoloji tədbirlər çərçivəsində isə yalnız "meşəsalma" deyil, daha geniş əhatəli yaşıllaşdırma işlərinin genişləndirilməsi fikri əsas götürülüb ki, bu da yaşayış məntəqələrində yaşıllıq zolaqlarının artırılmasını ön plana çıxarır.
Əsas məqamlardan biri də istitusional vəzifə bölgüsü, qurumların məsuliyyət dairəsinin genişləndirilməsidir. İcraçı orqanlar siyahısına Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və AZCON kimi qurumların yenidən tənzimlənərək daxil edilməsi institusional nəzarətin və icra keyfiyyətinin artırılmasına xidmət edir.
Bir sözlə, sərəncam Dövlət Proqramının icra gedişində qazanılan təcrübə və dəyişən iqtisadi konyunkturaya uyğun olaraq aparılan operativ tənzimləmədir. Təkrarlanan və az effektiv bəndlərin çıxarılması, diqqətin birbaşa loqistikaya, Zəngəzur dəhlizinin gətirəcəyi üstünlüklərə, məşğulluq və infrastrukturun keyfiyyətinə yönəldilməsi Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi modelini daha çevik və dayanıqlı etməməklə onu yeni dövrə hazırlamaq məqsədinə xidmət edir.
O dövr isə çox yaxındadır. Zəngəzur dəhlizinin açılması bu dövrün başlaması deməkdır.
Mətanət Məmmədova