PDF Oxu

Siyasət

  • 977

Bişkek diplomatiyası və Azərbaycanın çoxqütblü dünyada artan geosiyasi çəkisi

image

Müasir beynəlxalq münasibətlər sistemində baş verən mürəkkəb geosiyasi proseslər dövlətlərdən çevik, praqmatik və çoxvektorlu xarici siyasət yürütməyi tələb edir. Dünyada geosiyasi qarşıdurmaların dərinləşdiyi, ənənəvi beynəlxalq institutların təsir imkanlarının müəyyən mənada zəiflədiyi, yeni siyasi və iqtisadi güc mərkəzlərinin formalaşdığı bir şəraitdə Azərbaycanın həyata keçirdiyi müstəqil xarici siyasət xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 avqust – 1 sentyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkekə səfəri və Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində keçirdiyi görüşlər məhz bu baxımdan diqqətəlayiq siyasi hadisə kimi qiymətləndirilməlidir. Bişkek səfəri bir daha göstərdi ki, Azərbaycan bu gün yalnız Cənubi Qafqazın siyasi proseslərində mühüm rol oynayan dövlət deyil, eyni zamanda Avrasiya məkanında formalaşan yeni siyasi, iqtisadi və nəqliyyat arxitekturasında fəal iştirak edən ölkədir.

Məlum olduğu kimi, Şanxay Əməkdaşlıq Təşkilatı bu gün Avrasiya məkanının mühüm siyasi platformalarından biridir. ŞƏT Plus formatı mahiyyət etibarilə təşkilatın yalnız öz üzvləri daxilində qapalı əməkdaşlıq mexanizmi olmadığını, daha geniş Avrasiya və qlobal məkanla siyasi dialoqa açıq olduğunu nümayiş etdirir. Bu baxımdan Prezident İlham Əliyevin ŞƏT Plus formatında keçirilən görüşdə iştirakı Azərbaycanın beynəlxalq mövqeyinin və təşkilatın üzv dövlətləri ilə əməkdaşlığının inkişafının mühüm göstəricisidir və ölkəmizin Avrasiya məkanında siyasi mövqelərinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd etmək lazımdır ki, Azərbaycanın ŞƏT ilə əməkdaşlığı ilk növbədə ölkəmizin xarici siyasətində həyata keçirdiyi çoxşaxəli və balanslaşdırılmış siyasətin məntiqi davamıdır. Azərbaycan bir tərəfdən Avropa dövlətləri və Qərb institutları ilə əməkdaşlığı inkişaf etdirir, digər tərəfdən isə Asiya, Mərkəzi Asiya və digər Avrasiya dövlətləri ilə siyasi və iqtisadi əlaqələrini genişləndirir. Bu siyasətin əsas məqsədi hər hansı geosiyasi blokun tərkib hissəsinə çevrilmək deyil, Azərbaycanın milli maraqlarını təmin edən müstəqil xarici siyasət yürütməkdir. Məhz bu səbəbdən ŞƏT platforması Azərbaycan üçün yeni siyasi və iqtisadi imkanlar yaradır. Xüsusilə nəqliyyat, logistika, enerji təhlükəsizliyi, ticarət və regional əməkdaşlıq istiqamətlərində Azərbaycanın imkanları böyükdür.
Bu bir həqiqətdir ki, müasir dövrdə dövlətlərin beynəlxalq siyasətdə mövqeyini müəyyən edən əsas amillərdən biri onların qlobal nəqliyyat və logistika sistemində tutduğu yerdir. Azərbaycanın coğrafi mövqeyi ölkəmizə mühüm strateji üstünlüklər qazandırır. Şərqlə Qərbi, Mərkəzi Asiya ilə Avropanı birləşdirən Orta Dəhlizin əsas iştirakçılarından biri olan Azərbaycan bu gün Avrasiyanın nəqliyyat xəritəsində mühüm qovşağa çevrilməkdədir. Çin və Mərkəzi Asiya ölkələrindən başlayan yüklərin Xəzər dənizi vasitəsilə Azərbaycana, buradan isə Gürcüstan və Türkiyə üzərindən Avropaya çatdırılması Azərbaycanın beynəlxalq iqtisadi əhəmiyyətini daha da artırır. Bu baxımdan Bişkekdə Mərkəzi Asiya dövlətlərinin rəhbərləri ilə keçirilən görüşlər xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşü Azərbaycan-Mərkəzi Asiya əlaqələrinin perspektivləri baxımından mühüm məzmun daşıyır. Azərbaycan və Qazaxıstanı yalnız ortaq tarixi və mədəni bağlar deyil, həm də Xəzər üzərindən həyata keçirilən geniş iqtisadi və nəqliyyat əməkdaşlığı birləşdirir. Bu əməkdaşlıq gələcəkdə Orta Dəhlizin daha da inkişaf etdirilməsi, yükdaşımaların artırılması və Xəzər regionunun vahid iqtisadi-logistika məkanına çevrilməsi baxımından yeni perspektivlər açır.
Bişkek səfəri çərçivəsində Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü isə Azərbaycan xarici siyasətinin mühüm istiqamətlərindən birini bir daha nümayiş etdirdi. Azərbaycan-Türkiyə münasibətləri adi ikitərəfli əməkdaşlıq çərçivəsindən xeyli kənara çıxaraq strateji müttəfiqlik səviyyəsinə yüksəlib. İki ölkə arasında siyasi, hərbi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq regional sabitliyin mühüm faktorlarından biridir. Bişkek görüşündə regional və qlobal məsələlərin, həmçinin ikitərəfli əməkdaşlığın perspektivlərinin müzakirə olunması Azərbaycan və Türkiyənin regional proseslərə vahid strateji baxışla yanaşdığını göstərir. Bu gün enerji və nəqliyyat layihələrindən tutmuş regional təhlükəsizlik məsələlərinə qədər bir çox sahədə Azərbaycan-Türkiyə əməkdaşlığı artıq geniş Avrasiya məkanında təsir göstərən mühüm amilə çevrilib.
Prezident İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkianla Bişkekdə keçirdiyi görüş də xüsusi əhəmiyyət daşıyır. Əvvəla, hər iki liderin Azərbaycan dilində müzakirə apardığı mövzular əməkdaşlığın inkişafına xidmət edir. Heç şübhəsiz ki, Azərbaycan və İranı bir sıra tarixi, coğrafi və iqtisadi amillər birləşdirir. İki ölkənin münasibətlərində müxtəlif dövrlərdə müəyyən ziddiyyətlərin mövcud olmasına baxmayaraq, qarşılıqlı hörmətə və dövlətlərin suverenliyinə əsaslanan dialoq regional sabitlik baxımından böyük əhəmiyyət daşıyır. Lakin görünür, Bişkekdə iki lider arasında səmimi görüş baş tutsa da, bu səmimiyyətə qarşı diplomatik təxribatla qarşı çıxanlar da özünü çox gizlətmədi. Şübhəsiz ki, bu təxribatın bir neçə mənası və strateji mesajlar var idi ki, elə nümayiş olunan videolara diqqətlə baxanda, bu təxribat və sayqısızlık, protokol pozuntusu, eyni zamanda strateji mesajlar çox bariz şəkildə özünü göstərir. Lakin Prezident İlham Əliyev bu təxribata, hömətsizliyə və mesaja qarşı elə bir tərzdə cavab verdi ki, sözün həqiqi mənasında bu, diplomatik strateji gediş və ustad dərsi idi.
Azərbaycan həmişə öz yanaşmasını bu şəkildə ortaya qoyur ki, İran Azərbaycan üçün yalnız qonşu dövlət deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizinin mühüm iştirakçısıdır. Eyni zamanda regionda yeni kommunikasiya imkanlarının yaranması Bakı ilə Tehran arasında əməkdaşlığın genişləndirilməsi üçün əlavə şərait yaradır. Müasir mərhələdə Azərbaycan-İran münasibətlərində əsas istiqamətlərdən biri qarşılıqlı etimadın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və regional kommunikasiya layihələrinin qarşılıqlı fayda prinsipi əsasında inkişaf etdirilməsidir. Bu amilləri nəzərə almalı olan dövlət də məhz İrandır. Bişkek görüşü bu baxımdan dialoqun davam etdirilməsi və regional proseslərə qarşılıqlı anlaşma əsasında yanaşmanın əhəmiyyətini bir daha göstərdi.
Prezident İlham Əliyevin Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə qısa görüşü də diqqətçəkən əsas məqamlardan biri kimi yadda qaldı. Heç təsadüfi deyildir ki, İranda olduğu kimi, Rusiyada da anti-Azərbaycan siyasət yeridən qüvvələr mövcuddur və bu istiqamətdə fəaliyyətlərini ardıcıl şəkildə davam etdirirlər. Məsələ burasındadır ki, rəsmi Moskva bu kimi təxribatçı fəaliyyətlərin qarşısını almaq üçün heç bir əməli tədbir görmür və ya görmək istəmirlər. Bu da Azərbaycan rəsmi dairələrində və ictimaiyyətində Rusiyadakı anti-Azərbaycan qüvvələrin birbaşa Kremlin təlimatıyla hərəkət etdiyinə dair haqlı rəy formalaşdırıb. Lakin görüş çərçivəsində əsas nüans bundan ibarət oldu ki, rəsmi Bakı bir tərəfdən öz milli maraqlarından geri çəkilmir, digər tərəfdən də rəsmi Moskva ilə münasibətlərdə qarşıdurmanı dərinləşdirmək xəttini seçmir. Bu, cənab Prezident İlahm Əliyevin xarici siyasətinin mühüm xüsusiyyətlərindən biridir. Yəni problemlər olduqda belə, siyasi dialoqu qorumaq və münasibətləri idarəolunan çərçivədə saxlamaq. Mahiyyət etibarilə, “Azərbaycanla münasibətlərdə yeni reallığı nəzərə almaq lazımdır” mesajı verilir. Məsələ burasındadır ki, münasibətlərin əsası artıq əvvəlki regional reallıq deyil, Qarabağ məsələsi həll olunub, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və artıq yeni Cənubi Qafqaz reallığının əsas aktorlarından biridir.
Bişkek səfərinin ən diqqətçəkən siyasi məqamlarından biri Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş oldu. Bu görüşün keçirilməsi iki liderin sülh quruculuğuna verdiyi önəmdən qaynaqlanır. Görüşdən sonra yyımlanan bəyanatda iki ölkə arasındakı münasibətlərin müsbət tərəfləri vurğulanıb və dialoqun davam etdirilməsi, iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsinin vacibliyi qeyd olunub. Şübhə yoxdur ki, son dövrdə Azərbaycan və Ermənistan arasında sülh prosesinin inkişafı regionun gələcək siyasi və iqtisadi mənzərəsini dəyişdirə biləcək ən mühüm amillərdən biridir. Bişkekdə keçirilən görüşdə 8 avqust Vaşinqton Sülh Sammitinin və sülh prosesində əldə edilmiş razılaşmaların tarixi əhəmiyyəti də vurğulanıb. Xüsusilə yuxarıda da qeyd olunduğu kimi, iki ölkə arasında ticarət münasibətlərinin formalaşdırılması sülhün artıq praktik nəticələr verməyə başladığını göstərən mühüm faktorlardır. Bu, prinsipial baxımdan yeni mərhələdir. Uzun illər ərzində Azərbaycan-Ermənistan münasibətləri əsasən münaqişə, müharibə və qarşıdurma kontekstində müzakirə olunurdusa, indi tədricən iqtisadi əməkdaşlıq, ticarət, tranzit və kommunikasiyalar məsələləri də gündəliyə daxil olur. Əlbəttə, sülhün tam və davamlı şəkildə möhkəmləndirilməsi üçün görüləcək işlər hələ çoxdur. Lakin əsas məsələ ondan ibarətdir ki, regionda artıq qarşıdurmanın deyil, əməkdaşlığın iqtisadi və siyasi dividentləri barədə danışmaq mümkün olur. Bu isə ilk növbədə Azərbaycanın Vətən müharibəsindən sonra yaratdığı yeni regional reallıqların nəticəsidir.
Bişkək səfəri çərçivəsində Prezident İlham Əliyevin Hindistanın Baş naziri Narendra Modi ilə görüşü də Azərbaycanın xarici siyasətinin coğrafiyasının genişlənməsini göstərən mühüm hadisədir. Hindistan XXI əsrin əsas iqtisadi və siyasi güc mərkəzlərindən biridir. Onun Cənubi Qafqaz, Mərkəzi Asiya və ümumilikdə Avrasiya regionuna marağının artdığı bir dövrdə Azərbaycan-Hindistan dialoqunun inkişaf etdirilməsi hər iki ölkənin maraqlarına cavab verir. Azərbaycanın Asiya dövlətləri ilə əlaqələrinin genişləndirilməsi həm iqtisadi, həm nəqliyyat, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Azərbaycan artıq yalnız Şərqlə Qərb arasında körpü rolunu oynayan ölkə kimi deyil, müxtəlif regionların siyasi və iqtisadi maraqlarının kəsişdiyi mühüm tərəfdaş kimi çıxış edir.
Bişkekdə keçirilən görüşlərin ümumi mənzərəsi Azərbaycanın xarici siyasətinin mühüm xüsusiyyətini bir daha nümayiş etdirdi: Azərbaycan bütün əsas regional və qlobal aktorlarla dialoq qurmaq imkanına malikdir. Türkiyə ilə strateji müttəfiqlik, İranla qonşuluq və əməkdaşlıq münasibətləri, Rusiya ilə qarşılıqlı maraqlara əsaslanan dialoq, Mərkəzi Asiya dövlətləri ilə strateji tərəfdaşlıq, Hindistanla siyasi əlaqələrin inkişaf etdirilməsi və Ermənistanla sülh prosesinin davam etdirilməsi Azərbaycanın diplomatik imkanlarının genişliyini göstərir. Məhz müstəqil siyasət Azərbaycanın müxtəlif geosiyasi qütblər arasında öz milli maraqlarını qorumasına imkan verir.
Azərbaycanın siyasətinin əsas fərqi ondadır ki, ölkəmiz beynəlxalq münasibətlərdə hər hansı dövlətin və ya güc mərkəzinin siyasətinin davamçısı kimi deyil, öz milli maraqlarına əsaslanan müstəqil aktor kimi çıxış edir. Bu gün Azərbaycanın regional və beynəlxalq nüfuzu həm siyasi, həm iqtisadi, həm də nəqliyyat imkanları ilə birbaşa bağlıdır.
Prezident İlham Əliyevin Bişkek səfərini yalnız bir beynəlxalq sammitdə iştirak və ya bir neçə ikitərəfli görüş kimi qiymətləndirmək düzgün olmazdı. Bu səfər Azərbaycanın müasir Avrasiya siyasətində tutduğu mövqenin nümayişi idi. Bir tərəfdən Azərbaycan Türkiyə ilə strateji müttəfiqliyini daha da möhkəmləndirir, digər tərəfdən qonşu dövlətlərlə dialoqu genişləndirir, eyni zamanda Mərkəzi Asiya ilə siyasi və iqtisadi inteqrasiyanı gücləndirir, Hindistan kimi böyük Asiya dövlətləri ilə münasibətlərin inkişafı üçün yeni imkanlar yaradır və Ermənistanla sülh prosesinin praktik mərhələyə keçməsini təmin edir. ŞƏT Plus formatında iştirak isə Azərbaycanın Avrasiya məkanında artan siyasi və iqtisadi əhəmiyyətinin daha bir göstəricisidir.
Bugünkü beynəlxalq münasibətlər sistemi sürətlə dəyişir. Yeni güc mərkəzləri meydana çıxır, nəqliyyat marşrutlarının əhəmiyyəti artır, regional əməkdaşlıq modelləri yenilənir. Belə bir şəraitdə Azərbaycanın əsas üstünlüyü onun müstəqil siyasət yürütmək, müxtəlif geosiyasi mərkəzlərlə qarşılıqlı faydalı əməkdaşlıq qurmaq və milli maraqlarını qətiyyətlə müdafiə etmək qabiliyyətidir.
Bişkek görüşləri göstərdi ki, Azərbaycan artıq yalnız regionda baş verən proseslərə reaksiya verən dövlət deyil. Azərbaycan regional və Avrasiya məkanında yeni siyasi və iqtisadi proseslərin formalaşmasında fəal iştirak edən, öz sözünü deyən və maraqlarını təmin edən mühüm aktordur. Bu isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş, praqmatik və milli maraqlara əsaslanan xarici siyasət kursunun növbəti mühüm nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bişkek səfəri bir daha nümayiş etdirdi ki, Azərbaycanın diplomatik imkanları genişlənir, beynəlxalq nüfuzu artır və ölkəmiz yeni formalaşan Avrasiya siyasi-iqtisadi məkanında öz layiqli yerini daha da möhkəmləndirir.

Emin Şıxəliyev
Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin dosenti, tarix elmləri doktoru

Digər xəbərlər