PDF Oxu

Siyasət

  • 1 180

Azərbaycan–Qırğızıstan münasibətləri: strateji tərəfdaşlıqdan müttəfiqliyə doğru - ŞƏRH

image

Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri müxtəlif regionlarda yerləşən dövlətlərlə qarşılıqlı etimad, hörmət və milli maraqlar əsasında əlaqələrin inkişaf etdirilməsidir. Son illərdə bu siyasətin mühüm istiqamətlərindən birini də Mərkəzi Asiya ölkələri ilə münasibətlərin daha yüksək səviyyəyə qaldırılması təşkil edir. Azərbaycanın region dövlətləri ilə siyasi dialoqunun intensivləşməsi, qarşılıqlı səfərlərin artması və iqtisadi əməkdaşlığın yeni məzmun qazanması ölkəmizin Mərkəzi Asiya ilə əlaqələrinin strateji əhəmiyyətini daha da artırıb.
Bu prosesdə Qırğızıstanla münasibətlər xüsusi yer tutur. Azərbaycan və Qırğızıstanı birləşdirən yalnız dövlətlərarası maraqlar deyil. Ortaq tarixi keçmiş, dil və mədəniyyət yaxınlığı, milli-mənəvi dəyərlər, qardaşlıq və qarşılıqlı həmrəylik iki xalq arasındakı münasibətlərin möhkəm təməlini təşkil edir. Məhz bu amillər siyasi iradə ilə birləşərək Azərbaycan–Qırğızıstan əlaqələrinin strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlməsinə imkan yaradıb.
Azərbaycan–Qırğızıstan münasibətlərinin müasir dövlətlərarası tarixinin əsası ötən əsrin 90-cı illərində qoyulub. İki ölkə arasında diplomatik münasibətlərin 1993-cü ilin yanvarında yaradılması müstəqillik dövrünün yeni siyasi reallıqları fonunda mühüm hadisə idi. Həmin vaxtdan etibarən Azərbaycan və Qırğızıstan qarşılıqlı münasibətlərin hüquqi və diplomatik bazasını formalaşdırmağa başlayıb.
Ümummilli Lider Heydər Əliyevin xarici siyasət kursunda Türk dünyası ilə münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyırdı. Onun 1995-ci ildə Qırğızıstana səfəri də Azərbaycan–Qırğızıstan əlaqələrinin inkişafında mühüm mərhələ kimi tarixə düşüb. Bu səfər yalnız ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımından deyil, müstəqilliyini yenicə bərpa etmiş türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsi baxımından da əhəmiyyətli idi.
Diplomatik nümayəndəliklərin fəaliyyətə başlaması isə əlaqələrin institusional əsaslarını daha da möhkəmləndirdi. Azərbaycanın Qırğızıstanda, Qırğızıstanın isə Azərbaycanda səfirliklərinin fəaliyyət göstərməsi siyasi dialoqun davamlı xarakter almasına, qarşılıqlı əlaqələrin müxtəlif istiqamətlər üzrə sistemli şəkildə inkişaf etdirilməsinə imkan verdi.
Sonrakı mərhələdə iki ölkənin dövlət başçıları arasında müntəzəm təmaslar münasibətlərin inkişafına yeni impuls verdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrə xüsusi diqqət yetirməsi bu siyasətin Qırğızıstan istiqamətində də ardıcıl şəkildə davam etdirilməsini təmin etdi.
Bu gün Azərbaycan–Qırğızıstan münasibətlərinin əsas xüsusiyyətlərindən biri yüksək səviyyəli siyasi etimaddır. Dövlət başçıları arasında aparılan müntəzəm dialoq qarşılıqlı münasibətlərin gündəliyində mühüm məsələlərin operativ şəkildə müzakirəsinə və birgə qərarların qəbuluna şərait yaradır.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri də məhz bu siyasi kursun davamı kimi mühüm əhəmiyyət daşıyır. Çolpon-Atada keçirilən görüşlər, aparılan danışıqlar, imzalanan sənədlər və qəbul edilən qərarlar Azərbaycan–Qırğızıstan münasibətlərinin yalnız mövcud səviyyəsinin qorunmasına deyil, gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət edir.
Səfərin siyasi nəticələri sırasında Çolpon-Ata Bəyannaməsinin xüsusi yeri var. Bu sənəd iki ölkə arasında müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilə bilər. Müttəfiqlik anlayışı dövlətlərarası münasibətlərdə sadəcə siyasi yaxınlığı ifadə etmir. Bu, qarşılıqlı etimadın daha yüksək səviyyəyə çatdırılmasını, beynəlxalq və regional məsələlərdə mövqelərin uzlaşdırılmasını və bir-birinə dəstəyin daha sistemli xarakter almasını nəzərdə tutur.
Azərbaycan və Qırğızıstanın beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək nümayiş etdirməsi də bu əməkdaşlığın praktiki göstəricilərindəndir. İki dövlətin regional və qlobal proseslərə dair mövqelərinin bir çox hallarda üst-üstə düşməsi münasibətlərin siyasi mahiyyətini daha da gücləndirir.
Dövlətlərarası münasibətlərin dayanıqlılığını təmin edən əsas amillərdən biri iqtisadi əməkdaşlıqdır. Azərbaycan və Qırğızıstan arasında son dövrdə iqtisadi əlaqələrin inkişafı da siyasi dialoqun real layihələrlə tamamlandığını göstərir.
Bu baxımdan Azərbaycan–Qırğız İnvestisiya Fondunun maliyyə imkanlarının artırılması xüsusi diqqət çəkir. Fondun kapitalının 100 milyon ABŞ dollarından 200 milyon ABŞ dollarına çatdırılması iki ölkənin qarşılıqlı investisiya əməkdaşlığının genişləndirilməsinə verdiyi əhəmiyyətin göstəricisidir.
Bu qərarın strateji əhəmiyyəti ondan ibarətdir ki, investisiya imkanlarının genişləndirilməsi yalnız mövcud iqtisadi münasibətlərin inkişafına deyil, yeni layihələrin meydana çıxmasına da şərait yaradır. Sənaye, kənd təsərrüfatı, emal, logistika, turizm və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi qarşılıqlı iqtisadi asılılığı artırmaqla yanaşı, yeni iş yerlərinin yaradılmasına və sahibkarlıq əlaqələrinin genişlənməsinə də imkan verir.
İnvestisiya Fondunun fəaliyyəti gələcəkdə Azərbaycan və Qırğızıstanın özəl sektorları arasında əməkdaşlığın daha geniş miqyas almasına xidmət edə bilər. Beləliklə, iki ölkə arasında münasibətlər yalnız dövlətlərarası müqavilələr və siyasi bəyanatlarla məhdudlaşmır, iqtisadiyyatın real sektorunda konkret nəticələrlə möhkəmlənir.
Azərbaycan–Qırğızıstan iqtisadi əməkdaşlığının konkret ifadələrindən biri də İssık-Kul gölünün sahilində Azərbaycanın maliyyə dəstəyi ilə həyata keçirilən “Baku Resort & SPA” layihəsidir.
Turizm sahəsində reallaşdırılan bu layihə iki ölkə arasında investisiya əməkdaşlığının perspektivlərini nümayiş etdirən mühüm nümunədir. Eyni zamanda layihənin Qırğızıstanın ən mühüm turizm məkanlarından birində həyata keçirilməsi Azərbaycan kapitalının Mərkəzi Asiya bazarlarına çıxış imkanlarının genişləndiyini göstərir.
Belə layihələr iki ölkənin iqtisadi münasibətlərinə yalnız maliyyə baxımından deyil, həm də sosial və humanitar məzmun qazandırır. Turizm insanların bir-birinin mədəniyyətini, tarixini və milli xüsusiyyətlərini daha yaxından tanımasına imkan verən mühüm sahələrdən biridir. Buna görə də iqtisadi layihələr paralel olaraq xalqlar arasında əlaqələrin möhkəmlənməsinə də xidmət edir.
Azərbaycan və Qırğızıstan arasındakı münasibətlərin mühüm üstünlüklərindən biri dövlətlərarası əməkdaşlığın ortaq tarixi və mədəni dəyərlərlə tamamlanmasıdır.
Azərbaycan və qırğız xalqlarının folklorunda, ədəbiyyatında, milli adət-ənənələrində və mənəvi dünyagörüşündə bir sıra ortaq xüsusiyyətlərin mövcudluğu iki xalqın bir-birinə yaxınlığını daha da gücləndirir. Bu yaxınlıq müasir dövrdə mədəni diplomatiyanın mühüm elementlərindən birinə çevrilib.
Görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun Azərbaycanda böyük ehtiramla yad edilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bakıda onun abidəsinin ucaldılması və adını daşıyan parkın yaradılması Azərbaycan xalqının qırğız mədəniyyətinə və ədəbiyyatına münasibətinin göstəricisidir. Eyni zamanda Bişkekdə Azərbaycan–Qırğızıstan Dostluq Parkının yaradılması qarşılıqlı hörmətin və mənəvi bağlılığın başqa bir ifadəsidir.
Bu cür layihələr diplomatik münasibətlərin görünən siyasi çərçivəsindən kənarda xalqlar arasında emosional və mənəvi bağların möhkəmlənməsinə imkan yaradır. Dövlətlərarası əlaqələrin uzunmüddətli perspektivdə davamlı olması üçün belə humanitar təmasların böyük əhəmiyyəti vardır.
Azərbaycan–Qırğızıstan münasibətlərinin mühüm istiqamətlərindən biri də Qırğızıstanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq prosesinə göstərdiyi dəstəkdir.
Ağdam rayonunda “Manas” adını daşıyan məktəbin inşası bu həmrəyliyin konkret nümunəsidir. Bu layihənin mənəvi əhəmiyyəti onun funksional mahiyyətindən daha genişdir. Çünki məktəb yalnız təhsil müəssisəsi deyil, eyni zamanda Azərbaycan–Qırğızıstan dostluğunun Qarabağda təcəssüm edən simvollarından biridir.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı quruculuq işlərinə dost və qardaş dövlətlərin verdiyi dəstək ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır. Qırğızıstanın bu prosesdə iştirakı iki ölkə arasında münasibətlərin qarşılıqlı etimad və həmrəylik üzərində qurulduğunu bir daha təsdiqləyir.
Azərbaycan–Qırğızıstan əlaqələrinin inkişafını Türk dünyasında gedən inteqrasiya proseslərindən ayrı təsəvvür etmək mümkün deyil. Hər iki ölkə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafında maraqlıdır və Türk dövlətləri arasında əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfələr verir.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin genişlənməsi də bu baxımdan təsadüfi deyil. Azərbaycan coğrafi mövqeyi, nəqliyyat infrastrukturu, enerji imkanları və siyasi çəkisi ilə Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı rolunu oynayır.
Xüsusilə Orta Dəhlizin inkişafı Azərbaycan ilə Mərkəzi Asiya dövlətlərinin maraqlarının kəsişdiyi əsas istiqamətlərdən biridir. Trans-Xəzər nəqliyyat marşrutlarının inkişafı, yükdaşımaların həcminin artırılması, liman və dəmir yolu infrastrukturunun genişləndirilməsi, rəqəmsal logistika və gömrük imkanlarının təkmilləşdirilməsi region dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşməsinə şərait yaradır.
Bu proses Azərbaycan–Qırğızıstan əməkdaşlığı üçün də yeni perspektivlər açır. Qırğızıstanın Mərkəzi Asiyada yerləşməsi, Azərbaycanın isə Xəzər hövzəsində mühüm nəqliyyat və logistika imkanlarına malik olması iki ölkənin regional nəqliyyat layihələrində maraqlarını yaxınlaşdırır.
Azərbaycan–Qırğızıstan münasibətlərinin hazırkı mərhələsi göstərir ki, iki ölkə arasında əməkdaşlıq artıq yalnız ənənəvi diplomatik əlaqələr çərçivəsində inkişaf etmir. Qarşılıqlı münasibətlərin gündəliyinə investisiya, nəqliyyat, logistika, enerji, turizm, kənd təsərrüfatı, təhsil, mədəniyyət və digər sahələr daxil olub.
Bu istiqamətlərin hər biri üzrə əldə olunan nəticələr münasibətlərin kompleks xarakter aldığını göstərir. Əsas məsələ isə mövcud imkanların daha səmərəli şəkildə reallaşdırılması və siyasi iradənin konkret iqtisadi və sosial nəticələrə çevrilməsidir.
İnvestisiya Fondunun imkanlarının genişləndirilməsi, birgə müəssisələrin yaradılması, nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi, turizm layihələrinin artırılması və humanitar proqramların genişləndirilməsi gələcək əməkdaşlığın əsas istiqamətlərindən ola bilər.
Bununla yanaşı, Azərbaycan və Qırğızıstanın Türk dünyasının inteqrasiyası prosesində birgə təşəbbüslərlə çıxış etməsi də böyük perspektivlər vəd edir. Türk dövlətləri arasında siyasi həmrəyliyin iqtisadi və nəqliyyat inteqrasiyası ilə tamamlanması bütövlükdə regionun geosiyasi və geoiqtisadi çəkisinin artmasına səbəb ola bilər.
Azərbaycan–Qırğızıstan münasibətləri bu gün tarixi dostluğun müasir dövlətlərarası əməkdaşlıq modeli ilə birləşdiyi nümunələrdən biridir. İki xalqı birləşdirən ortaq mədəni irs və mənəvi dəyərlər siyasi iradə, qarşılıqlı etimad və konkret iqtisadi layihələrlə daha da möhkəmləndirilir.
Çolpon-Atada keçirilən görüşlər və qəbul edilən qərarlar münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi siyasi əlaqələrə əlavə dərinlik gətirməklə yanaşı, iqtisadi, humanitar və regional əməkdaşlığın da genişləndirilməsi üçün əlverişli zəmin yaradır.
Azərbaycan və Qırğızıstanın münasibətlərində əldə olunan nəticələr onu deməyə əsas verir ki, bu tərəfdaşlıq yalnız iki dövlətin maraqları baxımından deyil, bütövlükdə Türk dünyasının siyasi və iqtisadi birliyinin gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Bu gün Azərbaycan ilə Qırğızıstan arasında formalaşan münasibətlər keçmişin ortaq dəyərləri üzərində qurulsa da, gələcəyə hesablanmış konkret strateji məqsədlərlə zənginləşir. Məhz bu xüsusiyyət iki ölkənin tərəfdaşlığını daha davamlı və perspektivli edir. Qarşılıqlı etimadın, siyasi həmrəyliyin və iqtisadi əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi Azərbaycan–Qırğızıstan münasibətlərinin yeni uğurlarla zənginləşəcəyinə əsas verir.

Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri

Digər xəbərlər