Avropanın bəzi dövlətləri, xüsusilə də Niderland, Fransa, İspaniya, Belçika kimi dövlətləri müasir dövrdə orta əsrlər təfəkkürünə və işğalçılıq siyasətinə uyğun olaraq hələ də qəsbkar fəaliyyətlərini davam etdirirlər. Lakin işğal altında inildəyən xalqlar müstəqillik uğrundan mübarizələrindən əl çəkmirlər və davamlı olaraq çağırışlarla çıxış edirlər. Fransa hökumətinin hər cür sərt cəza tədbirlərinə, qətliamlarına baxmayaq Korsika, Fransız Polineziyası və Yeni Kaledoniyana xalqları haqlı mübarizələrində uğurlu nəticələr əldə etməkdədirlər. Niger isə tamamilə Fransanın müstəmləkəçiliyindən xilas olub. Fransız Qvianası məqsədinə çatmağa yaxındır. Ərazidə yaşayan əhali küçələrə çıxaraq müstəqillik arzularının rəsmi Paris tərəfindən qəbul olunması üçün etiraz aksiyaları keçirirlər. Hələ Fransız Qvianası Konqresi 2020-ci ildə müstəqillik bəyannaməsi qəbul edib. Lakin hökumətin və yerli əhalinin tələblərinə baxmayaraq uzun müddətdir ki, Makron hakimiyyəti xalqların tələblərinə münasibət bildirmir. Bu isə Fransa hakimiyyətinin dünya birliyinə, tərəqqipərvər xalqların çağırışlarına qarşı çıxdığını göstərir. Belə siyasətçi isə mütləq beynəlxalq məhkəmə qarşısına çıxarılaraq cəzalandırılmalıdır. Yəqin ki, yaxın vaxtlarda Beynəlxalq hərbi tribunal əsarət altında əziyyətlər çəkən, müstəqillik çağırışlarına top-tüfənglə cavab verən xalqların tələblərinə cavab verərək, Makronun həbs edilməsinə qərar verəcək. Artıq Sakit okeanın cənub-qərbində, Melaneziya regionunda yerləşən Vanuatu Fransanın davam etdirdiyi müstəmləkəçi siyasətinə və yurisdiksiyasında olduğu Metyu və Hanter adaları üzərində irəli sürdüyü qanunsuz ərazi iddialarına etiraz olaraq Beynəlxalq Ədalət Məhkəməsinə rəsmi müraciət ünvanlayıb. Müraciətdə Vanuatu ilə Fransanın müstəmləkə əsarətində olan Kanaki (Yeni Kaledoniya) arasında dəniz sərhədlərinin delimitasiyası məsələsinin həll edilməsi tələbi də yer alır. Qeyd edilib ki, Kanakinin müstəqillik tərəfdarı qüvvələri Vanuatunun Metyu və Hanter adaları ilə bağlı mövqeyini dəfələrlə dəstəkləyib. Bu mövqe 2009-cu ildə Vanuatu hökuməti ilə Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi arasında imzalanmış Keamu razılaşmasında rəsmiləşdirilib və sonrakı illərdə də təsdiqlənib. 2026-cı ilin mayında FLNKS lideri Kristian Tein bu dəstəyi yenidən ifadə edib. Həmçinin, Yeni Kaledoniyanın Adət Senatı 2009-cu ildə adaların Vanuatu ilə bağlılığını tanıyıb.
Vanuatu ilə Fransa arasında adaların statusu və Vanuatu–Kanaki dəniz sərhədinin delimitasiyası ilə bağlı üç dəfə danışıqların keçirilməsinə baxmayaraq, proses Fransanın məsələnin beynəlxalq hüququn fundamental prinsipləri əsasında ədalətli və hüquqi həllinə konstruktiv yanaşmaması, Vanuatunun suverenliyini nəzərə almaması və müstəmləkəçilikdən miras qalan ərazi iddialarını davam etdirilməsi səbəbindən nəticəsiz qalıb.
Fransaya qarşı yeni cəbhə açılır
Müstəmləkə altında olan ərazilərin xalqları bir araya gələrək, Fransa hökumətinə qarşı birgə mübarizə aparmağa qərar veriblər. Bununla bağlı dəfələrlə Bakı Təşəbbüs Qrupunun (BTQ) təşəbbüsü ilə Fransa müstəmləkəsi altında olan xalqların nümayəndələrinin iştirakı ilə keçirilən Bakı konfranslarının birgə bəyanatlarında vurğulanır. Cari ilin mayın 16-da Bakı Təşəbbüs Qrupu və Fransanın son koloniyaları olan Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası, Martinika, Qvadelupa və Korsikada müstəqillik uğrunda mübarizə aparan 14 siyasi hərəkat birgə bəyanat yayıb. Eyni zamanda, Bakı Təşəbbüs Qrupu beynəlxalq ictimaiyyəti müstəmləkəçilikdən əziyyət çəkən regionların xalqları üçün “Birlik, Azadlıq və Müstəqillik” ideyası ətrafında birləşməyə, Fransa kolonializminə “Yox”, müstəqillik uğrunda ədalətli mübarizəyə “Hə” deməyə çağırıb. Konfransda Yeni Kaledoniyadan olan nümayəndələr Fransa polisi və jandarma qüvvələri tərəfindən son günlər paytaxt Numeada və ətraf ərazilərdə törədilən vəhşiliklər barədə ətraflı məlumat veriblər. Çıxışçılar kanak xalqına qarşı törədilən vəhşilikləri kəskin qınayıblar. Görüş iştirakçıları beynəlxalq ictimaiyyəti Fransanın ədalətsiz müstəmləkəçilik siyasətinə göz yummamağa, haqq səsini ucaltmağa, BMT-yə üzv dövlətləri Təhlükəsizlik Şurası vasitəsilə həyəcan təbili çalmağa, Fransa tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasının qarşısını almağa çağırış ediblər. Ötən gün isə Maohi Nuinin (Fransız Polineziyası) müstəqilliyi uğrunda mübarizə aparan “Tavini Huiraatira” partiyasının lideri Oskar Temaru ölkəsinin tam suverenliyi ilə bağlı bəyanat yayıb. Bununla bağlı Bakı Təşəbbüs Qrupunun (BTQ) yaydığı məlumatda bildirilir ki, bəyanat oktyabr ayında Nyu-Yorkda BMT Baş Assambleyasının Siyasi məsələlər və dekolonizasiya üzrə Dördüncü Komitəsinin iclasları çərçivəsində təqdim ediləcək.
Oskar Temaru bildirib ki, Maohi Nuinin Fransa ilə mövcud siyasi və institusional asılılığına son qoyulması, xalqın öz gələcəyini sərbəst müəyyənləşdirməsi və suveren dövlət quruculuğu prosesinə başlaması əsas məqsədlərdən biridir. Onun fikrincə, ərazinin dekolonizasiyası məsələsi beynəlxalq gündəliyin tərkib hissəsinə çevrilib və bu istiqamətdə fəaliyyət BMT çərçivəsində davam etdirilməlidir. Məlumatda xatırladılıb ki, Fransız Polineziyası 2013-cü ildə BMT Baş Assambleyasının qərarı ilə yenidən özünü idarə etməyən ərazilər siyahısına daxil edilib.
Oskar Temaru həmçinin Maohi Nuinin müstəqilliyinə ictimai dəstəyin nümayiş etdirilməsi məqsədilə petisiyaya başlamağı planlaşdırır. Petisiyanın əhalinin siyasi iradəsini beynəlxalq ictimaiyyətə nümayiş etdirmək məqsədi daşıdığı bildirilir. Təşkilat Maohi Nui xalqının öz müqəddəratını təyinetmə hüququnu və dekolonizasiya prosesini beynəlxalq platformalarda dəstəkləyir. Bildirilib ki, Bakı Təşəbbüs Qrupu ilə “Tavini Huiraatira” Partiyası arasında əməkdaşlığa dair sənəd 26 aprel 2024-cü ildə BMT-nin Vyanadakı ofisində imzalanıb. BTQ-nin məlumatında Fransanın ötən illərdə Fransız Polineziyasında həyata keçirdiyi nüvə sınaqlarının yerli əhali və ətraf mühit üçün ağır nəticələrə səbəb olduğu da vurğulanıb.
Tarixi ədalətsizlik aradan qaldırılacaq
Təbii ki, Bakı Təşəbbüs Qrupunun prinsipiallığı və müstəmləkə altında əzilən xalqların müstəqillik mübarizələrinə dəstək göstərməsi sülhün və təhlükəsizliyin tərəfdarı olan xalqlar tərəfindən alqışlarla qarşılanır. Dəstəkdən ruhlanan Fransanın işğalı altında olan ərazilərin əhalisi daha əzm və qətiyyətlə haqları və hüquqlarının müdafiəsi uğurunda mübarizə aparırlar. 2023-cü ildə yaradılan Bakı Təşəbbüs Qrupunun məqsədi əsarət altında əzilən, hüquqları tapdalanan xalqların apardıqları mübarizəyə dəstək verməkdir. Qarşısına qoyduğu məqsədə çatmaq üçün BTQ indiyə qədər dünyanın ayrı-ayrı ölkələrində müxtəlif mövzularla beynəlxalq konfranslar keçirmiş və geniş maarifləndirmə işləri aparmışdır. Fransanın, Belçikanın, Niderlandın əsarəti altında əzilən ərazilərin əhalisinə dəstək göstərməsi nəticəsində bu yerlərdə kütləvi zorakılıqların, hüquqpozmaların qarşısı alınıb.
Bu günlə Bakı Təşəbbüs Qrupunun 9 avqust – Ümumdünya Yerli Xalqlar Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşımı daha çox diqqəti cəlb edir. Paylaşım da bütün dünyadakı yerli icmaların əzmkarlığına, mədəniyyətlərinə və kimliklərinə ehtiram ifadə olunub: “Biz Kanakinin (Yeni Kaledoniya) kanakları, Maohi Nuinin (Fransa Polineziyası) maohiləri, Qvadelupa və Martinikanın kalinaqo və digər yerli xalqları, Fransa Qvianasının yerli xalqları – o cümlədən Kalina, Vayana, Vayampi, Teko, Lokono və Palikur – eləcə də Sent-Martin, Boneyr və Fransa və Niderlandın müstəmləkə idarəçiliyi altında olan digər ərazilərdəki yerli icmalarla həmrəylik nümayiş etdiririk”.
Qeyd edilib ki, onların dilləri, mədəniyyətləri və əcdadlarının torpaqları hörmətə, müdafiəyə və ədalətə layiq olan canlı irsdir: “Bu gün Bakı Təşəbbüs Qrupu qlobal dekolonizasiya gündəliyinin ayrılmaz hissəsi kimi yerli xalqların hüquqlarının, ləyaqətinin və öz müqəddəratını təyinetməsinin irəlilədilməsinə sadiqliyini bir daha təsdiq edir”.
Bütün bunlar əminlik yaradır ki, çox vaxt çəkməyəcək və Fransanın, Niderlandın, Belçikanın qəddar işgəncə maşının təkərləri altında əzilən xalqlar azadlıqlarına qovuşacaq. Təbii ki, bu halda zülm maşınının sükanı arxasında oturan E.Makron və digərləri mütləq və mütləq öz cəzalarını alacaqlar. Necə ki, bu cəzanı Slobodan Miloşeviç, Radovan Karadziç onlardan əvvəl isə İkinci Dünya müharibəsinin ideoloqları olmuş Hitler və onun komandası almışlar.
İ.ƏLİYEV