PDF Oxu

Siyasət

  • 223

Tarixi nailiyyətdən gələcəyin quruculuğuna - ŞƏRH

image

Hər bir dövlətin tarixində onun siyasi və hüquqi mahiyyətini müəyyən edən, milli yaddaşda xüsusi iz buraxan mühüm tarixlər vardır. Azərbaycan üçün 20 sentyabr məhz belə tarixlərdən biridir. Dövlət suverenliyi yalnız müəyyən ərazi üzərində hakimiyyətin həyata keçirilməsi demək deyil. Əsl suverenlik dövlətin öz ərazisində qanunun aliliyini təmin etməsi, idarəetmə mexanizmlərini bütövlükdə həyata keçirməsi, siyasi və iqtisadi prioritetlərini müstəqil müəyyənləşdirməsi və gələcək inkişaf yolunu özü seçməsi ilə tamamlanır.

Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası uzun və mürəkkəb tarixi prosesin nəticəsidir. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi ərazi bütövlüyünün bərpası istiqamətində mühüm dönüş yaratdı. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirlərindən sonra isə Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin təmin olunması ilə bu proses yeni mərhələyə keçdi. 20 sentyabr 2023-cü il bu baxımdan müasir dövlətçilik tariximizdə xüsusi əhəmiyyət daşıyan bir tarixə çevrildi.

Lakin suverenliyin bərpası tarixi prosesin sonu deyil, yeni bir başlanğıcdır. Qarşıda duran əsas məsələ əldə olunmuş nəticənin davamlı inkişafla möhkəmləndirilməsidir. İşğaldan azad edilmiş ərazilərin bərpası, əhalinin doğma torpaqlarına qayıdışının təmin edilməsi, iqtisadi fəallığın artırılması və müasir infrastrukturun yaradılması suverenliyin gündəlik həyatda real məzmun qazanmasının mühüm şərtləridir.

Bu böyük quruculuq prosesində aqrar sahənin xüsusi yeri vardır. Qarabağ və Şərqi Zəngəzurun kənd təsərrüfatı potensialının səmərəli istifadəsi, müasir texnologiyaların tətbiqi, ərzaq istehsalının genişləndirilməsi və kənd yerlərində iqtisadi fəallığın artırılması yalnız torpaq və infrastrukturla mümkün deyil. Bunun üçün yeni düşüncəyə, müasir elmi biliklərə və beynəlxalq təcrübəyə malik mütəxəssislərə ehtiyac var. Başqa sözlə, azad edilmiş torpaqların gələcəyi təkcə tikinti texnikası ilə deyil, həm də bilikli və hazırlıqlı insanlarla qurulacaqdır.

Məhz bu məqamda ali aqrar təhsilin əhəmiyyəti daha aydın görünür. Azərbaycan Dövlət Aqrar Universiteti ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı bu yeni mərhələnin tələblərinə cavab verən mühüm təhsil təşəbbüslərindən biridir. Proqram tələbələrə iki ölkənin akademik mühitində təhsil almaq, müxtəlif elmi-pedaqoji yanaşmaları mənimsəmək, müasir bilik və bacarıqlar qazanmaq və beynəlxalq təcrübədən yararlanmaq imkanı verir.

Proqramın inkişaf dinamikası da bu əməkdaşlığın praktik nəticələrini göstərir. 2023/2024-cü tədris ilində 40, 2024/2025-ci tədris ilində 63, 2025/2026-cı tədris ilində 69 tələbə, 2026/2027-ci tədris ilində isə ADAU-da üçüncü kurs təhsilini başa vuran 75 tələbə təhsillərinin növbəti mərhələsini Ege Universitetində davam etdirib. Bu rəqəmlər iki universitet arasındakı əməkdaşlığın zamanla genişlənən və real nəticələr yaradan təhsil modelinə çevrildiyini göstərir.

İkili diplom proqramının əhəmiyyəti yalnız tələbənin iki diplom əldə etməsi ilə məhdudlaşmır. Burada əsas məqsəd müxtəlif akademik mühitlərdə yetişən, müasir laboratoriya və elmi imkanlardan yararlanan, xarici professorların təcrübəsini mənimsəyən və beynəlxalq peşəkar əlaqələr qura bilən mütəxəssis formalaşdırmaqdır. Çünki müasir aqrar sektor artıq yalnız torpağın becərilməsi ilə məhdudlaşmır. Rəqəmsal kənd təsərrüfatı, dəqiq əkinçilik, torpaq və bitki sağlamlığının monitorinqi, səmərəli suvarma, bitki mühafizəsi, aqrokimyəvi analizlər və iqlim dəyişikliklərinə uyğun istehsal modelləri yeni nəsil mütəxəssislər tələb edir.

Bu baxımdan dövlət suverenliyi ilə aqrar təhsil arasında ilk baxışda görünməyən, lakin strateji əhəmiyyət daşıyan möhkəm əlaqə mövcuddur. Suverenliyin siyasi-hüquqi müstəvidə bərpası onun iqtisadi, sosial və institusional müstəvidə möhkəmləndirilməsi ilə tamamlanmalıdır. Torpaqların istifadəyə qaytarılması, kənd təsərrüfatının dirçəldilməsi və yeni iqtisadi imkanların yaradılması üçün yüksək ixtisaslı insan kapitalının formalaşdırılması vacibdir.

Bu gün auditoriyada qazanılan bilik sabah azad edilmiş torpaqlarda real iqtisadi dəyərə çevrilə bilər. Bu torpaqlarda müasir fermer təsərrüfatlarının yaradılması, aqrar sahibkarlığın inkişafı, innovativ istehsal texnologiyalarının tətbiqi və elmi əsaslandırılmış təsərrüfat modellərinin qurulması yeni nəsil aqrar mütəxəssislərin qarşısında geniş imkanlar açır. Universitet məzununun biliyi beləliklə yalnız şəxsi karyerasının deyil, ölkənin iqtisadi inkişafının da resursuna çevrilir.

Dövlət Suverenliyi Gününün əsas mesajlarından biri də məhz budur: suverenliyi qorumaq onu inkişaf etdirmək qədər vacibdir. Bunun üçün güclü dövlət institutları, dayanıqlı iqtisadiyyat, elm, keyfiyyətli təhsil və yüksək səviyyəli insan kapitalı lazımdır. Suverenlik yalnız xəritədə sərhədlərin bütövlüyü deyil; həmin sərhədlər daxilində qurulan həyatın keyfiyyəti, insanların yaratdığı dəyər və gələcəyə olan inamdır.

20 Sentyabrı qeyd edərkən keçmişin tarixi qürurunu yaşatmaqla yanaşı, gələcəyin məsuliyyətini də dərk etməliyik. Azad edilmiş ərazilərdə qurulan hər bir məktəb, yaradılan hər bir istehsal müəssisəsi, becərilən hər bir torpaq sahəsi və yetişdirilən hər bir yeni mütəxəssis dövlət suverenliyinin davamlılığını təmin edən amillərdir.

Bu mənada Dövlət Suverenliyi Günü yalnız bir tarixi hadisəni xatırlamaq üçün deyil, suveren Azərbaycanın gələcəyini kimin və necə quracağını düşünmək üçün də əlamətdar gündür. Bu gələcəyin təməlində isə azad torpaqla yanaşı, azad düşünən, müasir biliklərə sahib və öz ölkəsinin inkişafına töhfə verməyə hazır insan dayanır.

Lamiyə Quliyeva,

ADAU Beynəlxalq İkili Diplom Proqramının rəhbəri

Digər xəbərlər