“Azərbaycan xalqının yaddaşına qanla yazılan, eyni zamanda şərəflə xatırlanan gündən düz 6 il ötür. Həmin gün bizim üçün Vətən naminə canından keçən igidlərin Anım Günüdür. 2020-ci ilin 27 sentyabrı Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın azadlığı uğrunda əks-hücum əməliyyatlarına başladı. Bu müqəddəs savaşda minlərlə Vətən övladı canı, qanı bahasına torpaqlarımızı azad etdi, şəhidlik zirvəsinə ucaldı, yaxud qazi oldu”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Göygol rayon təşkilatının sədr müavini Zamir Hüseynov 27 sentyabr – Anım Günü ilə bağlı açıqlamasında dilə gətirib.
Ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizə ehtiram əlaməti olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunduğunu xatırladan Z.Hüseynov onu da vurğulayıb ki, 44 günlük Vətən müharibəsində qəhrəmanlıq nümayiş etdirən əsgər və zabitlərimiz, bütövlükdə xalqımız birlik nümayiş etdirərək, düşməni darmadağın ediblər: “27 sentyabr – tarixi bir millətin ayağa qalxması, öz haqqını qətiyyətlə tələb etməsinin açıq təzühürü idi. Həmin gün Azərbaycan əsgəri təkcə düşmənlə döyüşmədi – zamanla, ədalətsizliklə, 30 ildir biganəlik nümayiş etdirən beynəlxalq təşkilatların etinasızlığı ilə döyüşdü və zəfər çaldı”.
Onun sözlərinə görə, məhz güclü dövlət siyasəti, xalqın birliyi və hərbçilərimizin qəhrəmanlığı sayəsində Qarabağ torpaqları 44 gün kimi qısa zaman kəsiyində düşmən tapdağından azad olundu: “27 sentyabr 2020-ci il tarixində Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan xalqına müraciətində Ermənistanın cəbhəboyu ərazilərimizdə genişmiqyaslı təxribat törətdiyini və Azərbaycan Ordusunun əks-hücuma keçdiyini bildirdi. Həmin gündən etibarən ölkədə hər bir vətəndaş bütün gündəlik qayğılarını, problemlərini kənara qoyaraq cəbhədən gələn xəbərlərə kökləndi. Çünki Prezidentimiz işğaldan azad olunan ərazilərimiz barədə sosial media hesabında daim məlumat verirdi. Beləliklə, 2020-ci ilin sentyabr-noyabr ayları Azərbaycan tarixinə xalq-ordu-iqtidar birliyinin ən yüksək təzahürü kimi düşdü”.
Z.Hüseynov onu da qeyd edib ki, ölkə başçımız təmkinlə, səbirlə ərazi bütövlüyümüzün sülh yolu ilə təmin olunmasına səy göstərdi, eyni zamanda o torpaqları heç vaxt görməyən gənclərimiz belə fəal mübarizə apardı və nəticədə Ermənistan tərəfi ağ bayraq qaldırmağa məcbur oldu: “Noyabr ayının 9-dan 10-na keçən gecə məğlub Ermənistanın rəhbərliyi kapitulyasiya aktına imza atdı. Beləliklə, Azərbaycan tarixi ədaləti, ərazi bütövlüyünü bərpa etdi, 30 illik zülmə son qoydu. Prezident İlham Əliyev xalqa müraciətində deyirdi: “Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq”. Beləliklə, şəhidlərin qanı ilə suvarılmış torpaq əbədi azadlığa qovuşdu. Qarabağ yalnız torpaq deyil – Qarabağ bir millətin qüruru, bir xalqın tarixidir. Uşaqlar artıq Qarabağı tarix kitablarından deyil, gerçək həyatın özündən öyrənir. Çünki artıq o torpağa ayaq basmaq, o havanı ciyərlərinə çəkmək mümkündür”.
“Anım Günü – bu, təkcə ağrının, kədərin deyil, həm də qürurun günüdür. Qarabağ Azərbaycandır! Bu söz artıq yalnız siyasi bəyanat deyil – bu, şəhid qanı ilə möhürlənmiş həqiqətdir”, – deyə bildirən Z.Hüseynovun sözlərinə görə, biz bu gün başımızı dik tutaraq, Vətən üçün canından keçənlərin ruhu qarşısında baş əyirik: “Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan əsgəri 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərərək, işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad edərək Zəfər Tariximizə qızıl hərflərlə yeni səhifə yazdı. Bu gün tariximizin ən şərəfli günlərini yaşayır, bütün dünyada qalib dövlət, məğrur xalq kimi tanınırıq. Bir daha sübut olundu ki, qüdrətli ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir”.
Sonda YAP Göygol rayon təşkilatının sədr müavini vurğulayıb ki, Azərbaycan xalqı şəhidlərini heç vaxt unutmayacaq, onların əmanəti olan bu torpaqları abadlaşdıracaq, göz bəbəyi kimi qoruyacaq: “27 sentyabr 2020-ci il – Qalibiyyət təntənəsinə gedən yolun başlanğıcıdır. Həmin gündən başlayaraq 44 gün ərzində Azərbaycan xalqı birlik və həmrəylik nümayiş etdirib, şəhidlərimiz igidlik salnaməsi yazıblar. İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcək. Müqəddəs, şərəfli şəhid adı daşıyan, Vətənin müstəqilliyi, işğal altında olan torpaqların azad olunması naminə ölümü gözə alan gənclərimizin əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq”.