Nəsimi rayonunda 27 Sentyabr – Anım Günü münasibətilə Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehsan süfrəsi açılıb.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, rayondan seçilmiş deputatlar, YAP Nəsimi rayon təşkilatının, rayon ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin, ictimai təşkilatların rəhbərləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, din xadimləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan Bayrağını işğaldan azad edilmiş torpaqlarda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən hərbçilərə və bütün şəhidlərə dərin ehtiramın ifadəsi olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.
Qeyd edilib ki, 27 Sentyabr – Anım Günü xalqımızın yaddaşına həm kədər, həm də qürur günü kimi həkk olunub. Bu gün Vətən uğrunda canından keçən Azərbaycan övladlarının əziz xatirəsi dərin ehtiramla yad edilir, dövlətimizin, ordumuzun və xalqımızın birlik və iradəsi nəticəsində əldə olunan tarixi Zəfər qürur hissi ilə qeyd olunur.
RİH başçısı çıxışında Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışının Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və suveren dövlət kimi inkişafında həlledici rol oynadığını vurğulayıb. Ulu Öndərin əsasını qoyduğu siyasi kurs nəticəsində Azərbaycanın beynəlxalq mövqeləri möhkəmləndirilib, ölkənin etibarlı tərəfdaş kimi imici formalaşdırılıb, Silahlı Qüvvələrin vahid komandanlıq əsasında təşkilatlanması, hərbi intizamın gücləndirilməsi və peşəkar hərbi kadrların hazırlanması istiqamətində mühüm addımlar atılıb. 1994-cü il mayın 12-də atəşkəsin əldə olunması ilə hərbi əməliyyatların dayandırılmasına və dövlət quruculuğu prosesinin davam etdirilməsinə şərait yaranıb. Həmçinin hüquqi və iqtisadi islahatlar həyata keçirilib, müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilib.
Çıxışda qeyd olunub ki, 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə hərbi quruculuq, müdafiə qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin müasir silah və texnika ilə təchiz olunması, hərbi qulluqçuların sosial təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib. Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi hərbi infrastrukturun yenilənməsinə və müasir döyüş hazırlığı sisteminin formalaşdırılmasına imkan verib.
2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan xalqının birliyi, Silahlı Qüvvələrin rəşadəti, şəhidlərin və qazilərin qəhrəmanlığı nəticəsində 30 ildən artıq işğal altında olan ərazilərimiz azad edilib. Vətən müharibəsində əldə olunan Zəfər nəticəsində Azərbaycanın Dövlət Bayrağı ölkənin suverenliyinin bərqərar olduğu bütün ərazilərdə dalğalanır.
Çıxış zamanı işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən də bəhs edilib. Bildirilib ki, həmin ərazilərdə yeni yaşayış məntəqələri salınır, müxtəlif infrastruktur layihələri həyata keçirilir. Şəhid ailələrinin və qazilərin sosial müdafiəsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların müalicə və reabilitasiya imkanlarının genişləndirilməsi ilə bağlı məsələlər dövlət tərəfindən diqqətdə saxlanılır. Nəsimi rayonunda da Vətən müharibəsi şəhidlərinin ailələrinə və müharibə iştirakçılarına daim diqqət və qayğı göstərilir, onların müraciətlərinə həssaslıqla yanaşılır.
Tədbirdə şəhid Həmidağa Hüseynzadənin atası Bağı Hüseynov çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon İdarəsinin rəisi Ceyhun Əliyev və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Ümumi Cərrahiyyə şöbəsinin rəisi, Azərbaycan Ordusunun baş cərrahı, tibb xidməti polkovnik-leytenantı Səxavət Hüseynov çıxışlarında Vətən müharibəsində əldə olunan tarixi Qələbənin əhəmiyyətindən danışıblar.
Natiqlər qeyd ediblər ki, Vətən müharibəsində qazanılan Qələbə Azərbaycanın hərbi qüdrətinin, xalqın birliyinin və dövlətin həyata keçirdiyi uzaqgörən siyasətin vəhdəti və məntiqi nəticəsi kimi qiymətləndirilir.
Sonda şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq Qurani-Kərimdən surələr oxunub, onların ruhlarına dualar edilib və ehsan süfrəsi açılıb.