Sentyabrın 27-si səhər saatlarından başlayaraq respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da 27 Sentyabr – Anım Günü münasibətilə anım mərasimləri keçirilir.
Şəhidlər Abidə Kompleksində təşkil olunan anım mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, məhkəmə və hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və rayon təşkilatının əməkdaşları, Rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edərək, abidənin önünə təzə tər gül dəstələri düzüblər. Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov tərəfindən şəhidlərimizin ruhuna dualar oxunub.
Mərasimdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, xalqımızın birliyindən və şəhidlərimizin göstərdiyi misilsiz şücaətdən bəhs edib. Rayon rəhbəri dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğının hər zaman prioritet olduğunu vurğulayıb.
Daha sonra Vətən Müharibəsi şəhidi Elnur Abbasovun atası Yaşar Abbasov çıxış edərək, ölkə rəhbərliyinə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, şəhidlərimizin qanının yerdə qalmadığını, torpaqlarımızın azad olunması ilə ruhlarının şad olduğunu qeyd edib.
Ziyarətdən sonra tədbir iştirakçıları 27 Sentyabr – Anım Gününə həsr olunmuş məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.