26 sentyabr 2026-cı ildə Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tədbirdə iştirak edərək Azərbaycanın iqtisadi inkişaf perspektivləri, investisiya imkanları, enerji siyasəti, nəqliyyat-logistika potensialı və regional əməkdaşlıq məsələləri ilə bağlı fikirlərini ifadə edib.
Prezident İlham Əliyev çıxışında qeyd edib ki, son illərdə həyata keçirilən iqtisadi və infrastruktur layihələri Azərbaycanın gələcək inkişafı üçün möhkəm zəmin yaradıb. Ölkədə sabit iqtisadiyyatın və müstəqil maliyyə sisteminin formalaşdırılması xarici investorların Azərbaycana marağının artmasına şərait yaradıb. Dövlət başçısının sözlərinə görə, son 20 il ərzində Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiya cəlb olunub və bunun təxminən yarısı birbaşa xarici investisiyaların payına düşüb. Çıxışda iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafının əsas prioritetlərdən biri olduğu vurğulanıb. Prezident xüsusilə bərpaolunan enerji, logistika, nəqliyyat, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və digər sahələrdə böyük potensialın mövcud olduğunu diqqətə çatdırıb. Bərpaolunan enerji sahəsində Azərbaycanın geniş imkanlara malik olduğu və qarşıdakı illərdə bu istiqamətin inkişaf etdiriləcəyi bildirilib.
Cənab Prezident İlham Əliyev Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsini ölkənin mühüm strateji üstünlüklərindən biri kimi qeyd edib. Dəmir yollarına, limanlara, avtomobil yollarına və digər infrastruktur layihələrinə yatırılan investisiyaların Azərbaycanın tranzit və logistika imkanlarını genişləndirdiyi vurğulanıb. Bu baxımdan Azərbaycan regional və qlobal təchizat zəncirlərində mühüm bağlantı məkanı kimi çıxış edir. Dövlət başçısı enerji sektorunun da Azərbaycan iqtisadiyyatında əhəmiyyətli rolunu qoruyacağını bildirib. Neft-qaz sahəsində yeni layihələrin həyata keçirilməsi ilə yanaşı, yaşıl enerjinin inkişafına və enerji ixracının şaxələndirilməsinə xüsusi diqqət yetirildiyi qeyd olunub. Azərbaycanın Avropa və digər tərəfdaşları üçün etibarlı enerji tərəfdaşı kimi mövqeyinin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.
Çıxışda Azərbaycanın investisiya mühitinin əsas üstünlükləri sırasında siyasi və iqtisadi sabitlik, əlverişli biznes mühiti, proqnozlaşdırılan vergi sistemi, güclü maliyyə imkanları və aşağı dövlət borcu qeyd edilib. Prezident investorlar üçün yalnız maliyyə kapitalının deyil, həmçinin müasir texnologiyaların, ekspertizanın, innovasiyaların və yeni bazarlara çıxış imkanlarının da mühüm əhəmiyyət daşıdığını bildirib. CənabPrezident İlham Əliyev Azərbaycanın gələcək inkişafında xarici investorlarla uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığın mühüm rol oynayacağını vurğulayıb. Bu baxımdan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Azərbaycan iqtisadiyyatının investisiya imkanlarının beynəlxalq biznes ictimaiyyətinə təqdim edilməsi və yeni əməkdaşlıq layihələrinin formalaşdırılması baxımından əhəmiyyətli platforma olduğu qeyd edilib. Ümumilikdə, Cənab Prezident İlham Əliyevin çıxışında Azərbaycanın əsas məqsədinin dayanıqlı iqtisadi artımı təmin etmək, qeyri-neft sektorunu genişləndirmək, investisiya mühitini daha da təkmilləşdirmək, nəqliyyat-logistika və enerji imkanlarından səmərəli istifadə etmək, həmçinin ölkənin regional və qlobal iqtisadi əlaqələrdə rolunu gücləndirmək olduğu diqqətə çatdırılıb.
Sidiqə Qasımova
YAP Yasamal rayon təşkilatının fəal gənci