PDF Oxu

Siyasət

  • 484

Azərbaycan investisiya və regional bağlantı imkanlarını genişləndirir - ŞƏRH

image

Sentyabrın 26-da Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir təşkil olunub. Prezident İlham Əliyev tədbirdə iştirak edib və moderator Adebayo Oqunlesinin suallarını cavablandırıb.
Tədbirdə Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nəticələr, ölkənin investisiya imkanları, enerji siyasəti, nəqliyyat-logistika potensialı, rəqəmsal inkişaf, bərpaolunan enerji və gələcək iqtisadi prioritetlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, indiyədək görülmüş işlər və yaradılmış sabit iqtisadi baza Azərbaycanın gələcək inkişafı üçün mühüm ilkin şərtlər formalaşdırıb. Dövlət başçısının sözlərinə görə, son 20 ildə Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiya cəlb edilib və bunun təxminən yarısı birbaşa xarici investisiyaların payına düşüb.
Prezident çıxışında Azərbaycanın iqtisadi inkişafının növbəti mərhələsində qeyri-neft-qaz sektorunun imkanlarından daha geniş istifadə olunmasının vacibliyini diqqətə çatdırıb. Bu istiqamətdə əsas prioritetlər sırasında bərpaolunan enerji, nəqliyyat və logistika, mədənçilik, rəqəmsal texnologiyalar, süni intellekt və digər perspektivli sahələr qeyd olunub. Xüsusilə Azərbaycanın böyük bərpaolunan enerji potensialının yeni investisiya layihələri üçün imkanlar yaratdığı bildirilib.
Dövlət başçısı Azərbaycanın enerji potensialının yalnız daxili tələbatın ödənilməsinə deyil, həm də gələcəkdə elektrik enerjisinin ixracına xidmət edə biləcəyini bildirib. Onun sözlərinə görə, ölkənin məqsədlərindən biri təbii qazın elektrik enerjisi istehsalında istifadəsini minimuma endirmək və mövcud qaz ehtiyatlarından ixrac məqsədilə daha səmərəli yararlanmaqdır. Qarşıdakı illərdə Azərbaycanın müxtəlif bölgələrində bərpaolunan enerji mənbələrinin genişləndirilməsi nəzərdə tutulur.
Çıxışda Azərbaycanın nəqliyyat-logistika imkanlarına da xüsusi diqqət ayrılıb. Prezident İlham Əliyev qeyd edib ki, ölkənin Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi onun regional tranzit imkanlarını artırır. Bu istiqamətdə dəmir yollarına, dəniz limanlarına, hava və avtomobil yollarına yatırılan investisiyalar Azərbaycanın beynəlxalq nəqliyyat əlaqələrində rolunun gücləndirilməsinə xidmət edir. 2026-cı ildə Azərbaycan ərazisindən tranzit yüklərin həcminin 16 milyon tona çatmasının gözlənildiyi, 2030-cu ilədək isə bu göstəricinin 25 milyon tona və daha yüksək səviyyəyə çatdırılmasının hədəfləndiyi bildirilib.
Azərbaycanın coğrafi mövqeyi və qonşu dövlətlərlə nəqliyyat əlaqələri də ölkənin investisiya cəlbediciliyinin mühüm istiqamətlərindən biri kimi təqdim olunub. Prezident vurğulayıb ki, tranzit imkanlarının genişləndirilməsi yalnız ölkə daxilində infrastrukturun qurulmasından deyil, həm də qonşu dövlətlərlə əməkdaşlıqdan asılıdır. Bu baxımdan regional əməkdaşlığın və qarşılıqlı iqtisadi əlaqələrin inkişafı xüsusi əhəmiyyət daşıyır.
Dövlət başçısı investorlar üçün siyasi və iqtisadi sabitliyin əhəmiyyətini də qeyd edib. Çıxışda Azərbaycanın maliyyə sistemi, dövlət borcunun səviyyəsi, valyuta ehtiyatları və uzunmüddətli investisiya əməkdaşlığının formalaşdırdığı təcrübə diqqətə çatdırılıb. Prezident İlham Əliyev Azərbaycanın investorlarla uzunmüddətli və etibarlı tərəfdaşlıq münasibətlərinə önəm verdiyini bildirib.
Forum çərçivəsində gələcək investisiya imkanlarından danışılarkən neft-qaz sektorunun da ölkə iqtisadiyyatında əhəmiyyətli rolunu qoruyacağı vurğulanıb. Bununla yanaşı, yeni iqtisadi mərhələdə enerji sektorunun inkişafının digər sahələrin şaxələndirilməsi ilə paralel aparılması nəzərdə tutulur. Prezidentin çıxışında elektrik enerjisi, bərpaolunan enerji, süni intellekt və data mərkəzləri də gələcək üçün perspektivli istiqamətlər sırasında göstərilib.
Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi də çıxışda diqqət çəkən məsələlərdən olub. Prezident su qıtlığı və iqlim dəyişikliklərinin yaratdığı potensial çağırışlar fonunda ərzaq təhlükəsizliyinin təmin edilməsinin vacibliyini qeyd edib. Bu sahədə idxaldan asılılığın azaldılması və yerli istehsalın inkişaf etdirilməsi üçün dövlət proqramlarının həyata keçirildiyi bildirilib.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun keçirilməsi ölkənin beynəlxalq investorlar və aparıcı biznes dairələri ilə birbaşa dialoqu baxımından da diqqət çəkir. Forumun builki mövzusu qlobal iqtisadi münasibətlərin dəyişdiyi, təchizat zəncirlərinin yenidən formalaşdığı və yeni nəqliyyat-enerji əlaqələrinin meydana çıxdığı bir dövrdə investisiya sabitliyi və regional bağlantı məsələlərini ön plana çıxarıb. Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətində də Azərbaycanın texnologiya, innovasiya, təcrübə və yeni bazarlara çıxış gətirən tərəfdaşlıqlara önəm verdiyi vurğulanıb.
Forum çərçivəsində mühüm investisiya sənədlərinin də mübadiləsi aparılıb. Sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə “SOCAR, XRG və TotalEnergies” arasında “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarı və SOCAR ilə “Comstock Resources” arasında strateji tərəfdaşlığa dair Çərçivə Sazişi üzrə sənədlərin mübadiləsi həyata keçirilib.
Beləliklə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın investisiya imkanlarının təqdim edilməsi ilə yanaşı, ölkənin gələcək iqtisadi inkişaf istiqamətlərinin beynəlxalq biznes ictimaiyyətinə çatdırılması baxımından mühüm platforma kimi çıxış edib. Prezident İlham Əliyevin forum çərçivəsində çıxışında enerji, logistika, bərpaolunan enerji, mədənçilik, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı və digər sahələr üzrə imkanların genişləndirilməsi məsələləri ön plana çəkilib. Forumda səsləndirilən fikirlər və imzalanan sənədlər Azərbaycanın regional iqtisadi əməkdaşlıq və investisiya əlaqələrini genişləndirmək istiqamətində həyata keçirdiyi siyasətin mühüm elementlərindən biri kimi təqdim olunub...

Rauf Nəcəfov
YAP Sədərək rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər