Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş tədbir Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində keçirilib.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan muzeyin elmi işçisi Səadət Abdullayeva iştirakçıları salamlayaraq görüşün əhəmiyyətindən bəhs edib. O, ilk olaraq sözü Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent, qurultay iştrakçısı Leyla Məcidovaya verib.
Leyla Məcidova çıxışında YAP-ın VIII Qurultayının ölkənin siyasi həyatında və partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində mühüm əhəmiyyət daşıdığını bildirib. O, Prezident İlham Əliyevin qurultaydakı nitqində irəli sürülən ideya və çağırışların dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və cəmiyyətin inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Natiq qeyd edib ki, qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi hər bir sahədə çalışan insanların məsuliyyətli fəaliyyətini, təşəbbüskarlığını və ümumi məqsədlər naminə səylərin birləşdirilməsini tələb edir.
Muzeyin baş fond mühafizi İlham Quliyev çıxışında tarixi irsin qorunmasının və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətinə toxunub. O, milli tariximizin, mədəniyyətimizin və dövlətçilik ənənələrimizin təbliğində muzeylərin üzərinə düşən vəzifələrdən danışaraq, bu istiqamətdə aparılan işlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə mühüm töhfə verdiyini qeyd edib. Həmçinin dövlətçilik ideyalarının təbliğində hər bir partiya üzvünün şəxsi nümunəsinin və ictimai fəallığının vacibliyini diqqətə çatdırıb.
Muzeyin elmi işçisi Rəvanə Sadıqova isə çıxışında Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqində səsləndirilən çağırışların cəmiyyətin müxtəlif sahələrində həyata keçirilən fəaliyyətlə əlaqələndirilməsinin önəmindən bəhs edib. O, milli-mənəvi dəyərlərin yaşadılması, gənclərin tariximizə və mədəni irsimizə marağının artırılması, dövlətçilik düşüncəsinin möhkəmləndirilməsi istiqamətində maarifləndirmə işlərinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə YAP-ın VIII Qurultayında müəyyənləşdirilən prioritetlər, partiyanın qarşıdakı dövr üçün əsas fəaliyyət istiqamətləri, eləcə də bu vəzifələrin yerli təşkilatların gündəlik işində tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılar dövlətçilik maraqlarının qorunması, milli həmrəyliyin gücləndirilməsi və cəmiyyətin inkişafına töhfə verilməsi istiqamətində ardıcıl fəaliyyətin vacibliyini qeyd ediblər.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.