Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş tədbir Darquba kənd ərazi partiya təşkilatında keçirilib.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Darquba kənd ərazi partiya təşkilatının sədri Faiq Vəliyev VIII Qurultayın partiyanın fəaliyyətində yeni hədəflər müəyyənləşdirdiyini qeyd edib. O, qurultayda səsləndirilən fikirlərin ölkənin gələcək inkişafı ilə yanaşı, hər bir partiya təşkilatının fəaliyyətinə də istiqamət verdiyini bildirərək, müəyyənləşdirilən vəzifələrin yerinə yetirilməsi üçün ardıcıl və məqsədyönlü iş aparılmasının vacibliyini vurğulayıb.
YAP Lənkəran rayon təşkilatının əməkdaşı Yalçın Əliyev çıxışında qurultayın siyasi və təşkilati əhəmiyyətinə diqqət çəkib. O, partiyanın gücünün yalnız qarşıya qoyulan məqsədlərlə deyil, həmin məqsədlərin həyata keçirilməsi istiqamətində görülən konkret işlərlə ölçüldüyünü bildirib. Yalçın Əliyev partiya üzvlərinin ictimai proseslərdə fəal mövqe tutmasının, vətəndaşların müraciət və təşəbbüslərinə həssas yanaşmasının, eləcə də dövlətin müəyyən etdiyi inkişaf prioritetlərinin təbliğində yaxından iştirak etməsinin önəmini qeyd edib.
Çıxışçılar Nuranə Əhmədova, Natavan Tağıyeva və Fatma Rzayeva isə mövzuya müxtəlif istiqamətlərdən yanaşaraq qurultayda müəyyənləşdirilən vəzifələrin cəmiyyət həyatında əksini tapmasının əhəmiyyətindən danışıblar. Çıxışlarda milli-mənəvi dəyərlərin qorunması, gənclərin vətənə bağlılıq ruhunda formalaşması, ailə və cəmiyyət münasibətlərində sağlam dəyərlərin təşviqi, həmçinin ictimai fəallığın artırılması məsələləri ön plana çəkilib. Eyni zamanda, partiya üzvlərinin öz fəaliyyətləri ilə dövlətçilik ideyalarına sədaqət nümayiş etdirmələrinin və cəmiyyətin inkişafına töhfə vermələrinin vacibliyi vurğulanıb.
Tədbir çərçivəsində Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqindən irəli gələn vəzifələr, YAP-ın qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri və Darquba kənd ərazi partiya təşkilatının işinin daha da təkmilləşdirilməsi məsələləri müzakirə olunub. İştirakçılar müəyyənləşdirilmiş hədəflərə nail olmaq üçün partiya üzvlərinin fəallığının artırılmasının və təşkilati işin davamlılığının əhəmiyyətini qeyd ediblər.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.