Oktyabrın 23-də Respublika Dəri-Zöhrəvi Mərkəzi PHŞ-də Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayından irəli gələn məsələlərə həsr olunmuş müşavirə keçirilib.
Bülbül prospekti 83 (Respublika Dəri-Zöhrəvi Mərkəzi PHŞ) ünvanında yerləşən müəssisənin ərazi partiya təşkilatının akt zalında Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr, onların səhiyyə sahəsində əhəmiyyəti və qarşıda duran prioritetlər müzakirə edilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirəni giriş sözü ilə açan müəssisənin ərazi partiya təşkilatının sədri Rəxşəndə Əhmədova Prezident İlham Əliyevin qurultaydakı nitqində irəli sürülən ideoloji prioritetlərin əhəmiyyətindən danışıb. O, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinin və beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinin səhiyyə sahəsi üçün yaratdığı imkanları diqqətə çatdırıb.
Qeyd olunub ki, müasir tibbi texnologiyaların tətbiqi, beynəlxalq təcrübənin öyrənilməsi, mütəxəssis hazırlığının gücləndirilməsi və elmi əməkdaşlığın inkişafı səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır. Eyni zamanda, əhalinin sağlamlığının qorunması, xəstəliklərin profilaktikası və pasiyent məmnuniyyətinin təmin olunmasının vacibliyi vurğulanıb.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov çıxışında VIII Qurultayın Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonrakı dövrdə keçirilməsinin tarixi əhəmiyyətinə toxunub. O, ideoloji işin müasir tələblərə uyğun qurulmasının, sosial şəbəkələrdə fəallığın artırılmasının, tarixi yaddaşın qorunmasının, gənclərlə işin gücləndirilməsinin, şəhid ailələrinə və qazilərə diqqət və qayğının davam etdirilməsinin vacibliyini qeyd edib.
Müşavirədə çıxış edən Respublika Dəri-Zöhrəvi Mərkəzi PHŞ-nin direktor müavini Toğrul Qurbanov səhiyyə müəssisələrində idarəetmənin təkmilləşdirilməsi, əmək intizamının gücləndirilməsi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və müasir diaqnostika imkanlarından səmərəli istifadə məsələlərinə diqqət çəkib.
Müəssisənin Həmkarlar İttifaqı Komitəsinin sədri Təranə Əliyeva isə səhiyyə işçilərinin sosial müdafiəsinin gücləndirilməsinin, sağlam əmək mühitinin yaradılmasının, kollektivdə həmrəyliyin möhkəmləndirilməsinin və əməkdaşların hüquq və mənafelərinin qorunmasının əhəmiyyətini vurğulayıb.
Çıxışlarda Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərin həyata keçirilməsində məsuliyyətli fəaliyyətin, milli maraqlara sədaqətin, ictimaiyyətlə əlaqələrin gücləndirilməsinin və dövlətə, xalqa xidmət prinsipinin əsas götürülməsinin vacibliyi bildirilib.
Sonda qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayından irəli gələn vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsi səhiyyə sisteminin inkişafına, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və əhalinin sağlamlığının daha etibarlı qorunmasına töhfə verəcək.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.