Azərbaycan xalqı o xalqlardandır ki, zaman-zaman işğalçıların torpaqlarına hücumu ilə üz-üz dayanıb, mücadilə aparıb. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci ilin sentyabrın 27-dən etibarən, Zəfər yürüşünə başlaması və qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 ilə yaxın işğalda saxladığı torpaqlarında üç rəngli bayrağımızı dalğalandırdı. Altı il bundan əvvəl tarixin bu günündə qızğın döyüşlər davam edirdi. Müzəffər Azərbaycan ordusu və onun Sərkərdəsi Cənab İlham Əliyev tariximizə yeni günlər yazmaqda davam edirdi. Artıq bir neçə kənd və qəsəbə, onlarla kəndlərimiz işğaldan azad olunmuşdur. Ordumuz tarix yazırdı, qəhrəmanlıq dastanını.
"BİZİM ÇOX YÜKSƏK DÖYÜŞ RUHUMUZ VAR"
Demək olar ki, hər gün insanlarımıza qələbə sevinci yaşadılırdı. "Bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi və biz bu vəzifəyə yaxınlaşırıq. Biz ərazi bütövlüyünün bərpasını demək olar ki, 30 il idi gözləyirdik". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın "La Repubblica" qəzetinə müsahibə verərkən bildirmişdi. Ölkəmizin son illərdə dinamik inkişafı, silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi nəticəsində tarixin bu günü Azərbaycan Vətən müharibəsində döyüş meydanında öz sözünü deyirdi Azərbaycan. Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir olan bir ordudur və belə gücə malik nizami ordu işğal altındakı torpaqlarımızı erməni təcavüzkarlarından təmizləyərək, üçrəngli bayrağımızı Qarabağda dalğalandırmaqda davam edirdi. Azərbaycan işğalçı ölkəyə də, onun havadarlarına da, bütün ermənipərəstlərə də göstərirdi ki, güclü ordumuz işğalçı erməni qəsbkarlarını məhv edir. Düşmən tərəf ordumuzun qüdrətinə artıq bələd idi. Döyüş meydanından qaçırdılar. "Mən dəfələrlə demişəm ki, bizim 100 min döyüşçüsü olan ordumuz var, nizami ordu. Tam səfərbərlik elan etsək, bundan bir neçə dəfə çox adam səfərbər edə bilərik. Bizim müasir silahlarımız var. Mükəmməl texnologiyamız var və bizim çox yüksək döyüş ruhumuz var". - deyə Prezident İlham Əliyev bildirmişdi. Amma təəssüflə də olsa bildirək ki, döyüş zamanı Ermənistan tərəfindən döyüşdə muzdlular var idi. "Bilirik ki, PKK oradadır. Bilirik ki, Yaxın Şərqdən bəzi terrorçular qondarma "Dağlıq Qarabağ ordusu"na qoşulublar" - deyə bildirən dövlət başçısı qeyd etmişdi ki, 30 il ərzində məğlubedilməz orduları olduqlarını bildirirdilər: "Onlar 30 il ərzində bizim əraziləri təkbaşına işğal etdiklərini deyirdilər, baxmayaraq ki, biz bunun doğru olmadığını bilirik. Beləliklə, biz onlara kimin kim olduğunu sübut etdik. Biz sübut etdik ki, onların "guya məğlubedilməz ordusu" əfsanədir, mifdir və bunu qəbul etmək onlar üçün çox ağrılıdır. Lakin onlar artıq öz məğlubiyyətlərini etiraf ediblər. Baş nazir Paşinyan Prezident Putinə məktub göndərərək, hərbi yardım xahiş edib. Bu, onların hərbi məğlubiyyətlərini və bizim qələbəmizi qəbul etmələri deməkdir".
AZƏRBAYCAN ORDUSU, ƏSGƏRİ İSƏ İNTİQAMINI DÖYÜŞ MEYDANINDA ALDI
44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi düşməndən azad edərək, tariximizə qələbə yazdı. Tarixi ədalət bərpa olundu və bu gün Azərbaycan torpaqlarında üçrəngli bayrağımız dalğalanır. Azərbaycan ordusunun əzmi, qətiyyəti, peşəkarlığı, vətənpərvərliyi təcavüzkar erməniləri torpaqlarımızdan təmizlədi. Bütün Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşdi və xalq-iqtidar birliyi bu qələbənin qazanılmasında əsas amillərdən oldu. 2020-ci ilin noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə imzaladığı bəyanatla, 10 noyabr 2020-ci il tarixində Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. 30 ilə yaxın idi ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları Ermənistanın işğalı altında idi. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş və 1 milyondan çox azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayırdı. Artıq məcburi köçkünə dönmüş soydaşlarımızın üzərindən bu statusun götürülməsi hər kəsin sevincinə səbəb olub. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayan Ermənistan öz işğalçı siyasətini davam etdirsə də, Azərbaycanın güclü ordusu və Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə torpaqlarımız işğaldan azad edildi. Ölkəmizin son illərdə dinamik inkişafı, silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi nəticəsində Azərbaycan Vətən müharibəsində döyüş meydanında öz sözünü demiş oldu. Dövlət başçısının vurğuladığı kimi, bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. "Biz bunu yorulmaz fəaliyyət nəticəsində əldə etmişik",- deyən dövlət başçısı Prezident kimi fəaliyyətində ordu quruculuğunun birinci yerdə olduğunu diqqətə çəkmişdi.
"BİZ NƏİNKİ ÖZ TORPAQLARIMIZI DÜŞMƏNDƏN AZAD EDİRİK, BİZ REGİON ÜÇÜN BÖYÜK TƏHLÜKƏ MƏNBƏYİ OLAN ERMƏNİ FAŞİZMİNİN BELİNİ QIRIRIQ"
"Bu müharibə dövründə düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətdilər. Həmvətənlərimizin bir çoxu şəhid oldu, sağlamlığını itirdi. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi... Biz işğalçılara dərs veririk, onları torpaqlarımızdan qovuruq. Artıq bir çox yaşayış məntəqəsi işğaldan azad edilib. Hər həftə onlarla yeni yaşayış məntəqəsi - şəhərlər, kəndlər, qəsəbələr işğalçılardan azad edilir və Müzəffər Azərbaycan Ordusu öz uğurlu əməliyyatlarını davam etdirir". Prezident İlham Əliyev bu barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti ilə görüşü zamanı danışıb. İşğal edilmiş ərazilərdə vəziyyətin acınacaqlı olduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib: "Bizim bütün tarixi, dini abidələrimiz dağıdılıb, təhqir edilib. Ermənilər Zəngilan rayonunda, işğal edilmiş ərazilərdəki məsciddə donuz saxlayırdılar, bu videogörüntülər internetdə var və bu, bütün müsəlman aləmini hiddətləndirir. Bu, bir daha onu göstərir ki, Ermənistan dövləti bütün müsəlman aləminə nifrətlə yanaşır, əks-təqdirdə belə alçaq hərəkətlər baş verməzdi. Əlbəttə ki, bütün müsəlman dünyası bir daha görür ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik". Prezident qeyd edib ki, döyüş meydanında bizim qabağımızda dayana bilməyən Ermənistan şəhərlərimizi, kəndlərimizi hər gün atəşə tutur. "Biz nəinki öz torpaqlarımızı düşməndən azad edirik, biz region üçün böyük təhlükə mənbəyi olan erməni faşizminin belini qırırıq və bunu davam etdirəcəyik. Heç kim bizim qabağımızda dura bilməz, heç kim bizi bu yoldan çəkindirə bilməz", - deyə Prezident bildirib.
Nəzakət ƏLƏDDİNQIZI