PDF Oxu

Siyasət

  • 505

Azərbaycanın enerji potensialı: yeni imkanlar və strateji layihələr - ŞƏRH

image

Azərbaycan bu gün yalnız Avropanın enerji təminatında mühüm rol oynayan ölkə deyil, eyni zamanda elektrik enerjisinin ötürülməsi sahəsində də böyük potensiala malik olan strateji tərəfdaşdır. Ölkəmizin enerji siyasəti yeni layihələr və müasir infrastrukturun yaradılması hesabına daha geniş coğrafiyanı əhatə edir.
Bu istiqamətdə mühüm addımlardan biri Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə çəkiləcək sualtı elektrik kabel xətti ilə bağlı əməkdaşlıqdır. Bu layihə Mərkəzi Asiyanı əvvəlcə Azərbaycanla, daha sonra isə Avropa ilə birləşdirərək enerji resurslarının yeni bazarlara çıxarılmasına imkan yaradacaq.
Digər mühüm layihə isə Qara dəniz sualtı elektrik kabelidir. Azərbaycandan Gürcüstana, oradan isə Rumıniyaya uzanacaq bu kabel vasitəsilə 4 giqavat gücündə elektrik enerjisinin Avropanın yüksək gəlirli enerji bazarlarına çatdırılması nəzərdə tutulur. Layihənin texniki-iqtisadi əsaslandırmadan sonrakı mərhələyə keçməsi onun strateji əhəmiyyətini daha da artırır.
Bununla yanaşı, enerjisaxlanc sistemlərinin inkişafı da xüsusi əhəmiyyət daşıyır. Bu sistemlər enerji təhlükəsizliyinin təmin olunmasına, istehsal və istehlak arasında tarazlığın qorunmasına və bərpa olunan enerji mənbələrindən daha səmərəli istifadəyə imkan verəcək.
Bütün bu layihələr Azərbaycanın yalnız enerji istehsalçısı və ixracatçısı deyil, həm də mühüm enerji tranzit və elektrik enerjisi dəhlizi ölkəsi kimi mövqeyini gücləndirir. Azərbaycan həyata keçirdiyi strateji infrastruktur layihələri ilə regional əməkdaşlığın genişlənməsinə və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir.
Beləliklə, enerji və elektrik infrastrukturu sahəsində atılan addımlar Azərbaycanın beynəlxalq miqyasda rolunun daha da genişlənməsinə, yeni iqtisadi imkanların yaranmasına və ölkəmizin etibarlı enerji tərəfdaşı kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir.

Toğrul Rəhimli
YAP Sədərək rayon təşkilatının əməkdaşı

Digər xəbərlər