PDF Oxu

Siyasət

  • 609

Azərbaycanın investisiya imkanları və dayanıqlı inkişaf perspektivləri - ŞƏRH

image

26 sentyabr 2026-cı il tarixdə Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir təşkil olunub. Prezident İlham Əliyev tədbirdə iştirak edərək moderator Adebayo Oqunlesinin suallarını cavablandırıb. Tədbirdə Azərbaycanın qarşıdakı dövr üçün iqtisadi inkişaf prioritetləri, investisiya imkanları, enerji siyasəti, nəqliyyat-logistika potensialı və ölkəmizin regional bağlantı imkanları barədə geniş fikir mübadiləsi aparılıb. Dövlət başçısı bildirib ki, indiyədək həyata keçirilən məqsədyönlü iqtisadi siyasət, formalaşdırılmış sabit iqtisadiyyat və müstəqil maliyyə sistemi gələcək inkişaf üçün mühüm baza yaradıb. Prezident İlham Əliyev çıxışında Azərbaycanın əlverişli investisiya mühitinə xüsusi diqqət çəkib. Bildirilib ki, son 20 il ərzində Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiya cəlb olunub və bunun təxminən yarısı birbaşa xarici investisiyaların payına düşür. Bu göstərici ölkənin beynəlxalq investorlar üçün formalaşdırdığı imkanların miqyasını nümayiş etdirən mühüm faktorlardan biridir. Dövlət başçısının çıxışında iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsi əsas prioritetlərdən biri kimi diqqətə çatdırılıb. Qeyd olunub ki, uzunmüddətli və dayanıqlı iqtisadi artımın təmin edilməsi üçün neft-qaz sektorundan kənar sahələrin potensialından daha geniş istifadə edilməlidir. Bu baxımdan bərpaolunan enerji, logistika, nəqliyyat, kənd təsərrüfatı və digər istiqamətlər mühüm investisiya imkanları kimi təqdim olunub. Azərbaycanın bərpaolunan enerji sahəsində böyük potensiala malik olduğu vurğulanıb. Prezident İlham Əliyev bildirib ki, yalnız Xəzər dənizinin Azərbaycan sektorunda 157 giqavatlıq enerji potensialı mövcuddur. Eyni zamanda, ölkənin müxtəlif ərazilərində günəş və külək elektrik stansiyalarının fəaliyyəti genişlənir. Qarşıdakı illərdə bərpaolunan enerji mənbələrinin ölkənin enerji sistemində rolunun daha da artırılması nəzərdə tutulur. Çıxışda Azərbaycanın nəqliyyat və logistika imkanlarına da xüsusi yer ayrılıb. Bildirilib ki, ölkənin dəmir yollarına, dəniz limanlarına, avtomobil yollarına və hava nəqliyyatı infrastrukturuna yatırılan investisiyalar Azərbaycanın regional tranzit imkanlarını genişləndirib. Bu infrastrukturun inkişafı ölkəmizin Avropa ilə Asiya arasında mühüm bağlantı məkanlarından birinə çevrilməsinə şərait yaradır. Prezident İlham Əliyev Azərbaycanın qonşu ölkələrlə münasibətlərinin proqnozlaşdırıla bilən və qarşılıqlı əməkdaşlığa əsaslanan xarakter daşımasının tranzit imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Müasir geosiyasi və iqtisadi şəraitdə təchizat zəncirlərinin şaxələndirilməsi yeni nəqliyyat marşrutlarına tələbi artırır və Azərbaycanın regional bağlantı imkanlarını daha da ön plana çıxarır.Dövlət başçısı enerji sektorunun da Azərbaycanın iqtisadiyyatında mühüm rolunu qoruyacağını bildirib. Çıxışda yeni neft-qaz layihələri və beynəlxalq şirkətlərlə əməkdaşlıq istiqamətində atılan addımlar barədə məlumat verilib. Forum çərçivəsində “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarının, eləcə də SOCAR ilə “Comstock Resources” şirkəti arasında strateji tərəfdaşlığa dair Çərçivə Sazişinin mübadiləsi də həyata keçirilib. Prezident İlham Əliyev Azərbaycanın investisiya imkanlarının yalnız enerji sektoru ilə məhdudlaşmadığını da diqqətə çatdırıb. Ölkənin qeyri-neft sektorunun ÜDM-də payının 70 faizdən çox olduğu bildirilib. Bununla yanaşı, ixrac strukturunda neft-qaz sektorunun yüksək payının azaldılması və qeyri-neft ixracının genişləndirilməsi qarşıda duran mühüm vəzifələrdən biri kimi qeyd olunub. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun nəticələri ölkənin investisiya mühitinə beynəlxalq marağın davam etdiyini göstərən mühüm göstəricilərdən biri kimi diqqət çəkir. İqtisadiyyat Nazirliyinin məlumatına görə, Forum çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan investisiya layihələrini əhatə edən 23 sənəd imzalanıb. Beləliklə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın iqtisadi inkişaf gündəliyinin, investisiya imkanlarının və regional əməkdaşlıq perspektivlərinin beynəlxalq investorlarla müzakirəsi baxımından mühüm platforma olub. Forum çərçivəsində səsləndirilən fikirlər Azərbaycanın dayanıqlı iqtisadi artım, iqtisadi şaxələndirmə, enerji təhlükəsizliyi və regional bağlantı istiqamətlərində həyata keçirdiyi siyasətin əsas prioritetlərini bir daha nümayiş etdirib.

Lalə Məmmədova

YAP Samux rayon təşkilatının əməkdaşı

Digər xəbərlər