Azərbaycan son illərdə öz iqtisadi inkişaf modeli ilə beynəlxalq arenada diqqət çəkərək nümunəvi bir ölkəyə çevrilib. Ölkənin dayanıqlı inkişaf strategiyası, zəngin təbii resursları və uğurlu islahatlar prosesi onun iqtisadi modelinin dünyada özünü təsdiqləməsinə gətirib çıxardı. Bu model həm resurslara əsaslanan iqtisadiyyatı şaxələndirməyi, həm də regional və qlobal iqtisadi əlaqələri gücləndirməyi hədəfləyir. Dünyanın qüdrətli ölkələrindən birinə çevrilən Azərbaycan sosial-iqtisadi sahədə böyük nailiyyətlərə imza ataraq inkişaf modelini beynəlxalq miqyasda tanıda bilmişdir. Azərbaycanın hazırda dünyanın ən yüksək inkişaf tempinə malik ölkələrindən biri kimi çıxış etməsi, iqtisadi sahədə möhtəşəm uğurlar qazanmış bir dövlət olaraq xarakterizə edilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının ölkəyə rəhbərliyi dövründə praqmatik, düşünülmüş siyasətin həyata keçirməsinin məntiqi nəticəsidir. “Azərbaycanda çox önəmli bir amil siyasi və iqtisadi sabitlikdir”. Bu sözləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə səsləndirib. Dövlətimizin başçısı deyib ki, bu, Azərbaycanda artıq 30 ildən çox hökm sürür. Prezidentin Azərbaycana rəhbərlik etdiyi 23 il ərzində əldə etdiyi nailiyyətlər diqqət mərkəzindədir. ÜDM on dəfə artaraq 7 milyarddan 76 milyarda yüksəlib. Adambaşına düşən ÜDM səkkiz dəfədən çox artaraq 900-dən 7500-ə yüksəlib. Təqdirəlayiq haldır ki, yoxsulluq səviyyəsi 45 faizdən 5 faizə enib. Dövlət Neft Fondunun aktivləri 90 dəfə artaraq 840 milyon dollardan 75 milyard dollara yüksəlib.
2025-ci ildə qeyri-neft-qaz iqtisadiyyatı ÜDM-in 71 faizini təşkil edib. Eyni zamanda, neft hasilatı azaldığı halda, 2003-cü ildə 5 milyard kubmetr olan qaz hasilatı 2025-ci ildə 50 milyard kubmetrə qədər artıb. Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə investorlar üçün Azərbaycanda maraq doğuran məqamları açıqlayıb. Dövlətimizin başçısı bununla bağlı deyib: “Transmilli maraqlara xidmət edən infrastruktur. İlk növbədə, nəqliyyat, logistika, fiziki infrastruktur və proqram təminatı infrastrukturu. Bir çox körpülər, limanlar və gəmilər tikə bilərik. Amma biz rəqəmsallaşma, gömrük administrasiyası ilə bağlı müasir trendlərlə ayaqlaşmırıqsa və yükdaşımaların emal prosedurunu daha da asan etməsək uduzacağıq. Digər məsələ, elektrikötürmə xətləridir və burada çox böyük potensial var”.
İqtisadi siyasət nəticəsində beynəlxalq qurumlarla səmərəli əlaqələrin qurulması, iqtisadiyyatın şaxələndirilməsi, əlverişli biznes mühiti kimi mühüm amillər Azərbaycanın dayanıqlı və dinamik iqtisadi inkişafının təminində mühüm rol oynayıb. Göstəricilər də iqtisadi inkişafımızın uğurlarını şərtləndirən amillər sırasındadır. Azərbaycan müasir dünyanın ən yüksək inkişaf tempinə malik ölkələrindən biridir və iqtisadi göstəricilərimiz inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir. Transmilli enerji və nəqliyyat-kommunikasiya dəhlizləri sahəsində uğurlu siyasət Azərbaycanın sosial-iqtisadi inkişaf göstəricilərini yüksəldib. “Azərbaycan vasitəsilə daşımaları həyata keçirən təchizatçılar, eyni zamanda, bərədən, yəni Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər”. Bu fikriləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə bildirib.
“NEFT-QAZ YENƏ DƏ BIZIM IQTISADIYYATIMIZIN ÖNƏMLI HISSƏSIDIR VƏ BÖYÜK BIR RIFAH YARADACAQ”
“İstər Şərq-Qərb, istər Şimal-Cənub istiqamətində getmək istəyirsinizsə, Azərbaycanı seçməlisiniz”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, biz doğrudan da qovşağıq. Bu, çox önəmli iki dəhlizdir. Azərbaycan azsaylı ölkələrdəndir ki, hər iki dəhlizin fəal iştirakçısıdır. Avropanın enerji təminatında strateji və etibarlı tərəfdaşa çevrilən Azərbaycan enerji əməkdaşlığının yeni mərhələsi üçün 2022-ci ildə Avropa və digər tərəfdaş ölkələrlə energetika sahəsində strateji əməkdaşlığa dair Memorandum və Saziş imzalanıb. 2006-cı ildə istismara verilən Bakı-Tbilisi-Ceyhan boru kəməri, 2018-ci ildə rəsmi açılışı olan Cənub Qaz Dəhlizi bu baxımdan xüsusi qeyd edilməlidir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan tranzit ölkə olmaqla yanaşı, bir sıra nəqliyyat layihələrinin təşəbbüskarıdır. “Bir çox aparıcı beynəlxalq şirkətlər iqtisadiyyatın müxtəlif sektorlarında Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər”, - deyən dövlətimizin başçısı bildirib ki, artıq ölkəmizdə çox yaxşı investisiya mühiti var. Prezidentimiz onu da diqqətə çəkib ki, bir neçə gün öncə mədən sənayesi üzrə Dövlət Proqramı qəbul olunmuşdur. Burada bir çox tədbirlər nəzərdə tutulur. Bu, bizim inkişafımızın əsas istiqamətləridir. Neft-qazın da unutmamalı olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Bu il də artıq bir çox yeni müqavilələr imzalanıb. Yəni neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir və böyük bir rifah yaradacaq”.
“ÖLKƏNIN 96 FAIZI QAZLAŞDIRILIB”
Azərbaycanda fiziki infrastruktur tamamilə yenilənib. Sosial proqramlara, müdafiə sahəsinə, yollara, elektrik və su təchizatına, dəmir yollarına, məktəb və xəstəxanalara külli miqdarda vəsait sərf edilib. Bütün bunlar dövlət borcunun ÜDM-ə nisbətinin 22 faizdən 20 faizə endirildiyi bir vaxtda həyata keçirilib. “Ölkədə qazlaşdırma səviyyəsi ən yüksək göstəricilərdən biridir. Ölkənin 96 faizi qazlaşdırılıb. Ölkə 100 faiz elektrik enerjisi, genişzolaqlı internetlə əhatə olunub və biz ixrac edirik. Dəmir yolları ilə bağlı işlər demək olar ki, tamamlanıb. Hava limanları – bizim doqquz beynəlxalq hava limanımız var. Dəniz limanı genişləndirilir. Beləliklə, daxili infrastruktura gəldikdə, bizdə vəziyyət yaxşıdır”, - deyə Prezident bildirib.
Azərbaycan Ordusunun 2023-cü il 19 sentyabr tarixində Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir. Lokal xarakterli antiterror tədbirləri regionda sülhün bərqərar olmasına misilsiz töhfə verdi. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində nəzarətini bərpa etdi. Bu proses, sözsüz ki, ötən ilin avqustunda Ağ Evdə sülh sazişinin imzalanması ilə nəticələndi. Azərbaycan özünün strateji müstəqilliyini, ABŞ, Avropa və Türkiyə ilə güclü əlaqələrini qoruyub saxladı, Rusiya və Çinlə münasibətlərini davam etdirdi. Yeni reallıqlar yaratmış Azərbaycanın hədəfləri, fəaliyyət istiqamətləri ölkəmizin bütün sahələrdə olduğu kimi, iqtisadi inkişafında da davamlı və yeni dövrün çağırışları olaraq həyata keçirilir.
Zümrüd BAYRAMOVA