PDF Oxu

Siyasət

  • 620

Vətən müharibəsi: 29 sentyabr 2020-ci il

image

Azərbaycan xalqı o xalqlardandır ki, zaman-zaman işğalçıların torpaqlarına hücumu ilə üz-üz dayanıb, mücadilə aparıb. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci ilin sentyabrın 27-dən etibarən, Zəfər yürüşünə başlaması və qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 ilə yaxın işğalda saxladığı torpaqlarında üç rəngli bayrağımızı dalğalandırdı. Altı il bundan əvvəl tarixin bu günündə qızğın döyüşlər davam edirdi. 2020-ci ilin 27 sentyabr tarixində başlanan Vətən müharibənin 3-cü günü idi. Müzəffər Azərbaycan ordusu və onun Sərkərdəsi Cənab İlham Əliyev tariximizə yeni günlər yazmaqda davam edirdi. Artıq Ordumuz tarix yazırdı, qəhrəmanlıq dastanını. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatını ugurla davam etdirirdi. 29 sentyabr səhər saatlarında cəbhənin Füzuli-Cəbrayıl istiqamətində yerdəyişmə etmək istəyən düşmənin 1 tankı, 1 avtomobil texnikası və 10 nəfərədək şəxsi heyəti artilleriya zərbəsi ilə sıradan çıxarılıb. Saat 07.00-08.00 radələrində həmin istiqamətdə Ermənistan qoşunlarının daha dörd tankı vurulub. Düşmənin Xocavənd rayonu ərazisində yerləşdirdiyi 3-cü “Martuni” motoatıcı alayı darmadağın edilib. Bu barədə Müdafiə Nazirliyində keçirilən brifinqdə məlumat vermişdi. Almaniya Kansleri Angela Merkel Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Dövlətimizin başçısı bildirib ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət İrəvanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür. Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır. Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında Vətən müharibəsi ilə bağlı sualları cavablandırarkən bildirib: “ Cəbhədə vəziyyət gərgindir. Ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və bizim döyüş mövqelərimiz şiddətli artilleriya atəşinə məruz qalıb. Bu təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Biz təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur idik. Beləliklə, artıq üçüncü sutkadır ki, şiddətli döyüşlər gedir, bu döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutub. Bu gün vəziyyət elədir ki, fəal döyüş əməliyyatları aparılır.” Baş Prokurorluq Azərbaycan əhalisinin sıx yaşadığı ərazilərin düşmən tərəfindən atəşə tutulması nəticəsində 12 mülki şəxsin həlak olması, 35 nəfərin xəsarət alması barədə məlumat yayıb. Ermənistan silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Bundan sonra Ermənistan silahlı qüvvələrinə, dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi və Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə baxmayaraq, mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibəsində ölkəmizə qarşı olan hücumları darmadağın etdi. Bu tarixi Qələbə Azərbaycan tarixinə məğlubedilməzlik kimi həkk olundu. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Bu gün xalqımızın ona qələbə sevincini bizə yaşadan Ali Baş Komandana və Azərbaycan ordusuna ehtiramı sonsuzdur.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər