PDF Oxu

Siyasət

  • 748

Azərbaycan – etimadın, sabitliyin və investisiyanın yeni ünvanı - ŞƏRH

image

Müasir dövrdə qlobal iqtisadi proseslərin sürətlə dəyişməsi, geosiyasi reallıqların yenilənməsi, təchizat zəncirlərinin yenidən formalaşması və yeni nəqliyyat-logistika marşrutlarının meydana çıxması investisiya mühitinə də ciddi təsir göstərir. Belə bir şəraitdə siyasi sabitliyi, dayanıqlı iqtisadi inkişafı və əlverişli coğrafi mövqeyi ilə seçilən Azərbaycan beynəlxalq sərmayələr üçün etibarlı tərəfdaş və perspektivli məkan kimi mövqeyini daha da möhkəmləndirir.
Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir bu baxımdan mühüm əhəmiyyət daşıyıb. Dövlətimizin başçısı tədbirdə iştirak edərək moderator Adebayo Oqunlesinin suallarını cavablandırıb və Azərbaycanın iqtisadi potensialı, investisiya imkanları, regional bağlantılardakı rolu və gələcək inkişaf prioritetləri barədə mühüm fikirlər səsləndirib.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın investisiya mühitinin əsas dayaqları kimi siyasi və iqtisadi sabitlik, təhlükəsizlik, proqnozlaşdırıla bilən iqtisadi mühit və uzunmüddətli inkişaf strategiyası xüsusi vurğulanıb. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanda 30 ildən artıqdır siyasi və iqtisadi sabitlik hökm sürür. Bu sabitlik ölkənin beynəlxalq investorlar üçün cəlbediciliyini artıran fundamental amillərdən biridir.
Azərbaycanın iqtisadi inkişaf modelinin mühüm xüsusiyyətlərindən biri də qeyri-neft sektorunun sürətlə genişlənməsidir. Prezident İlham Əliyev bildirib ki, hazırda ölkənin ümumi daxili məhsulunun 70 faizindən çoxu qeyri-neft sektorunun payına düşür. Bununla yanaşı, ixrac strukturunda neft və qazın payının hələ də yüksək olması qarşıda duran əsas iqtisadi vəzifələrdən birini müəyyənləşdirir. Bu isə qeyri-neft və qeyri-qaz sektorunun inkişaf etdirilməsi, ixrac imkanlarının genişləndirilməsi və iqtisadiyyatın daha da şaxələndirilməsi istiqamətində həyata keçirilən siyasətin əhəmiyyətini göstərir.
Dövlətimizin başçısının çıxışında investisiyaların yalnız maliyyə resursu kimi deyil, həm də texnologiya, təcrübə, yeni idarəetmə modelləri və insan kapitalının inkişafına xidmət edən mühüm vasitə olduğu diqqətə çatdırılıb. Azərbaycanın enerji sektorunda qazandığı təcrübə bunun əyani nümunəsidir. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanarkən ölkədə fəaliyyət göstərən Qərb enerji şirkətlərində çalışanların böyük əksəriyyətini əcnəbilər təşkil edirdisə, bu gün həmin göstərici kəskin şəkildə dəyişib. Azərbaycan mütəxəssislərinin beynəlxalq şirkətlərdə yüksək vəzifələrdə çalışması ölkənin insan kapitalının formalaşmasının və yerli kadr potensialının güclənməsinin göstəricisidir.
Azərbaycanın investisiya potensialını artıran mühüm amillərdən biri də onun əlverişli geostrateji mövqeyidir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməklə Avropa ilə Asiya arasında mühüm bağlantı rolunu oynayır. Qlobal təchizat zəncirlərinin dəyişdiyi bir vaxtda bu üstünlük Azərbaycanın tranzit, logistika, nəqliyyat və ticarət imkanlarının daha da genişlənməsinə şərait yaradır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan hər iki əsas nəqliyyat dəhlizinin fəal iştirakçısıdır və bu, ölkəmizin regional və qlobal iqtisadi sistemdəki rolunu daha da artırır.
Forumda Azərbaycanın enerji sahəsindəki potensialı ilə yanaşı, yeni iqtisadi istiqamətləri də diqqət mərkəzində olub. Ölkənin yaşıl enerji, rəqəmsal inkişaf, yüksək texnologiyalar, nəqliyyat-logistika, sənaye, kənd təsərrüfatı, turizm və digər sahələrdə böyük imkanlara malik olması xarici investorlar üçün yeni perspektivlər açır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri də investisiya baxımından yeni imkanlar formalaşdırır.
Prezident İlham Əliyevin forum çərçivəsində verdiyi mesajlardan biri də Azərbaycanın dünya biznes ictimaiyyətinə açıq olmasıdır. Dövlətimizin başçısı xarici şirkətləri Azərbaycanda fəaliyyət göstərməyə, ofislər açmağa və ölkənin inkişaf proseslərinə daha fəal qoşulmağa dəvət edib. Eyni zamanda vurğulanıb ki, Azərbaycan öz potensialını beynəlxalq tərəfdaşlarla bölüşməyə və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığı genişləndirməyə hazırdır.
Forumun “Parçalanmış dünyada etimadın bərpası” mövzusuna həsr olunması da təsadüfi deyil. Dünyada geosiyasi qarşıdurmaların, iqtisadi qeyri-müəyyənliyin və yeni risklərin artdığı bir mərhələdə etimad, sabitlik və təhlükəsizlik investisiya qərarlarının əsas meyarlarına çevrilir. Azərbaycan isə son onilliklər ərzində formalaşdırdığı sabitlik mühiti, həyata keçirdiyi genişmiqyaslı iqtisadi islahatlar və beynəlxalq əməkdaşlığa açıq siyasəti ilə özünü etibarlı tərəfdaş kimi təqdim edir.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu həm də ölkəmizin iqtisadi imkanlarının və gələcəyə hesablanmış inkişaf strategiyasının beynəlxalq auditoriyaya nümayiş etdirilməsi baxımından mühüm platformadır. Forumun dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələrini, beynəlxalq təşkilatları, maliyyə institutlarını, aparıcı şirkətləri, investorları və biznes dairələrini Bakıda bir araya gətirməsi Azərbaycanın beynəlxalq investisiya məkanında artan nüfuzunun göstəricisidir.
Beləliklə, Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın yalnız mövcud iqtisadi potensialını deyil, gələcək inkişaf istiqamətlərini də aydın şəkildə ortaya qoyur. Əsas məqsəd iqtisadiyyatın daha da şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, ixrac imkanlarının artırılması, innovasiya və texnologiyaların tətbiqinin genişləndirilməsi, insan kapitalının gücləndirilməsi və ölkənin qlobal iqtisadi əlaqələr sistemində mövqeyinin daha da möhkəmləndirilməsidir.
Azərbaycanın qarşıdakı mərhələdə investisiya siyasətində əsas üstünlüyü isə artıq yalnız təbii resurslarla deyil, sabitlik, təhlükəsizlik, strateji coğrafi mövqe, inkişaf edən infrastruktur, insan kapitalı və yeni iqtisadi imkanlarla müəyyən olunur. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu da bir daha göstərdi ki, Azərbaycan regional iqtisadi əməkdaşlığın mühüm mərkəzlərindən birinə çevrilməklə yanaşı, qlobal investorlar üçün etibarlı və uzunmüddətli tərəfdaşlıq məkanı kimi mövqeyini ardıcıl şəkildə gücləndirir.

Lalə İskəndərova

YAP Qusar rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər