Bəzən küçədə elə bir hadisə ilə qarşılaşırıq ki, onu görməmək mümkün deyil. Bir insan yolun kənarında çətinlik çəkir, yaşlı biri ağır çanta ilə dayanır, kimsə avtobusda kömək gözləyir, bir uşaq ağlayır. Ətrafda onlarla insan olur. Hamı görür. Amma heç kim yaxınlaşmır. Bir neçə saniyəlik baxışlar bir-birinə toxunur, sonra hər kəs öz yoluna davam edir. Sanki heç nə baş verməyib.Müasir şəhərin ən qəribə mənzərələrindən biri də budur: insanlar bir-birinə çox yaxındır, amma bir-birinin həyatına toxunmaqdan çəkinirlər. Bəzən bunun səbəbi laqeydlikdir, bəzən “mənə aid deyil” düşüncəsidir, bəzən də insan nə edəcəyini bilmir. Ən asanı isə məsuliyyəti başqasının üzərinə qoymaqdır. Ətrafda kifayət qədər insan varsa, hər kəs düşünür ki, yəqin kimsə kömək edəcək. Amma həmin “kimsə” çox vaxt ortaya çıxmır.Bu vəziyyət gündəlik həyatda o qədər adiləşib ki, artıq bizi təəccübləndirmir. Birinin köməyə ehtiyacı olduğunu görürük, amma müdaxilə etmək üçün əvvəlcə başqasının hərəkət etməsini gözləyirik. Bir neçə saniyə keçir, sonra hadisə bitir və biz yolumuza davam edirik. Bəlkə də məsələ insanların mərhəmətini itirməsində deyil. Məsələ ondadır ki, mərhəmət getdikcə məsuliyyətsiz hissə çevrilir.Bir insana kömək etmək istəyirik, amma “birdən səhv başa düşülər” deyə düşünürük. Kimsə yolda yıxılır, yaxınlaşmağa tərəddüd edirik. Kiminsə çətin vəziyyətdə olduğunu görürük, “ailəsi, dostu var” deyə özümüzü sakitləşdiririk. Beləcə, kömək etmək istəyinin yerini tərəddüd tutur.Şəhər həyatının sürəti də bu vəziyyəti daha görünməz edir. Hamının harasa tələsdiyi bir yerdə dayanıb başqasının probleminə vaxt ayırmaq sanki planlaşdırılmamış bir işə çevrilir. İşə gecikməməliyik, avtobusu qaçırmamalıyıq, görüşə çatmalıyıq. Bu tələskənliyin içində qarşımızdakı insanın yaşadığı bir neçə dəqiqəlik problem bizim üçün sadəcə yolun üstündəki hadisəyə çevrilir. Halbuki həmin insan üçün həyatının ən çətin anlarından biri ola bilər.Məsələ yalnız küçədə baş verən hadisələrlə də bitmir. İş yerində bir insanın haqsızlığa məruz qalmasını görürük, səsimizi çıxarmırıq. Məktəbdə uşağın kənarda qaldığını görürük, “uşaqlar arasında məsələdir” deyirik. Ailədə yaşlı bir insanın fikrinin daim nəzərə alınmadığını görürük, susuruq. Binada problem yaranır, hamı narazıdır, amma heç kim məsələni qaldırmaq istəmir. Sonra həmin problem böyüyür və artıq hamının probleminə çevrilir.Cəmiyyətin gündəlik problemləri çox vaxt böyük hadisələrlə deyil, kiçik laqeydliklərin təkrarlanması ilə dərinləşir. Ən təhlükəlisi də budur ki, insan gördüyü laqeydliyə öyrəşir. Əvvəlcə bizi narahat edən mənzərə bir müddət sonra adi görünür. Sonra həmin mənzərəni özümüz yaratmağa başlayırıq. Bir vaxtlar “Niyə heç kim kömək etmir?” deyə düşündüyümüz vəziyyətdə özümüz də kömək etməyənlərdən birinə çevrilirik.Məsələn, avtobusda yaşlı bir insan ayaq üstə qalıb. Oturanların hamısı bunu görür. Bir neçə nəfər telefona baxır, biri pəncərədən çölə çevrilir, digəri heç nə görməməyə çalışır. Heç kim qaydanı pozmur, heç kim kimisə təhqir etmir. Sadəcə bir insan ayaq üstə qalır və digər insanlar bunu görüb susur. Kiçik görünən bu mənzərə əslində cəmiyyətin gündəlik davranış mədəniyyəti haqqında çox şey deyir.Eyni mənzərənin başqa tərəfi də var. Bir nəfər ayağa qalxanda digəri də qalxır. Bir insan yolda zibili götürəndə ətrafındakılar buna diqqət yetirir. Kimsə haqsızlığa sakit şəkildə etiraz edəndə başqalarının susmaq üçün bəhanəsi azalır. Yəni davranış yalnız pis mənada yayılmır. Yaxşı münasibət də nümunəyə çevrilə bilir.Hər hadisəyə müdaxilə etmək mümkün deyil. Hər problemi bir insanın təkbaşına həll etməsi də gözlənilə bilməz. Bəzən ən doğru addım aidiyyəti quruma xəbər vermək, təcili yardım çağırmaq və ya təhlükəsiz şəkildə dəstək göstərməkdir. Amma heç nə etməmək də həmişə neytral mövqe deyil. Bəzən heç nə etməmək baş verən hadisənin səssiz hissəsinə çevrilir.Ətrafımızda baş verən hər şeyə müdaxilə etmək məcburiyyətində deyilik. Amma gördüyümüz vəziyyət qarşısında “bu mənim problemim deyil” deməzdən əvvəl bir anlıq dayanmaq olar. Çünki bu gün yaratdığımız münasibət sabah özümüzün qarşılaşacağı vəziyyətə çevrilə bilər.Küçələrdə hər gün yüzlərlə belə mənzərə yaranır və yox olur. Biz onların çoxunu görürük. Sadəcə baxmaqla görmək arasında böyük fərq var. Baxan insan hadisəni görür, görən insan isə bəzən özünün həmin hadisədə hansı rolu olduğunu da düşünür.Cəmiyyət yalnız insanların bir yerdə yaşaması deyil. Cəmiyyət bir-birinin həyatına hansı məqamda toxunmağa qərar verən insanların yaratdığı münasibətdir. Bəzən küçənin ortasında hamının gördüyü, amma heç kimin yaxınlaşmadığı kiçik bir mənzərə bütöv bir cəmiyyət haqqında uzun-uzadı danışa biləcəyimizdən daha çox şey deyir.
Müəllif: Günel Fərzəliyeva