PDF Oxu

Siyasət

  • 626

3 oktyabr 1993 – Azərbaycanın taleyində dönüş nöqtəsi - ŞƏRH

image

1993-cü il Azərbaycanın müstəqillik tarixinin ən mürəkkəb və məsuliyyətli dövrlərindən biri idi. Ölkədə hökm sürən siyasi böhran, ictimai-siyasi gərginlik və dövlətçiliyə qarşı yaranmış təhdidlər müstəqilliyin gələcəyi ilə bağlı ciddi narahatlıqlar doğururdu. Belə bir ağır tarixi mərhələdə xalq öz taleyinə sahib çıxaraq böyük dövlətçilik təcrübəsinə, siyasi uzaqgörənliyə və qətiyyətə malik liderə – Heydər Əliyevə üz tutdu. Ulu Öndərin 1993-cü ilin iyununda Azərbaycana qayıdışı ilə başlayan milli qurtuluş prosesi oktyabrın 3-də xalqın iradəsi ilə Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə yeni və mühüm mərhələyə qədəm qoydu.
3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik salnaməsinə xalqın öz gələcəyini müəyyənləşdirdiyi, siyasi sabitliyin və milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində mühüm dönüşün baş verdiyi tarix kimi daxil oldu. Heydər Əliyevin Prezident seçilməsi ilə ölkənin qarşısında duran ən mürəkkəb məsələlərin həllinə sistemli və ardıcıl yanaşma formalaşdı. Ulu Öndər ilk növbədə dövlətçiliyin qorunmasını, qanunun aliliyinin təmin edilməsini, ictimai-siyasi sabitliyin möhkəmləndirilməsini və ölkənin ərazi bütövlüyünün bərpasını dövlət siyasətinin başlıca istiqamətləri kimi müəyyənləşdirdi.
Heydər Əliyevin rəhbərliyə qayıdışı Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyırdı. O, müstəqil dövlətin yalnız siyasi baxımdan deyil, iqtisadi cəhətdən də güclü olmasının vacibliyini aydın şəkildə görür, milli iqtisadiyyatın inkişafını dövlət müstəqilliyinin mühüm dayaqlarından biri hesab edirdi. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın zəngin enerji resurslarının ölkənin uzunmüddətli inkişafına yönəldilməsi, xarici investisiyaların cəlb olunması və Azərbaycanın beynəlxalq iqtisadi sistemdə mövqeyinin gücləndirilməsi üçün geniş imkanlar yaratdı.
Ulu Öndərin dövlətçilik fəaliyyətinin ən mühüm xüsusiyyətlərindən biri onun ən ağır və təhlükəli məqamlarda belə xalqın və dövlətin taleyinə görə məsuliyyəti öz üzərinə götürməsi idi. 1993-cü ildə ölkənin ciddi təhlükələrlə üzləşdiyi bir vaxtda həyatını təhlükə altına qoyaraq dövlət idarəçiliyinin önünə keçən Heydər Əliyev öz qətiyyəti ilə Azərbaycanı parçalanma və xaos təhlükəsindən uzaqlaşdırmağa nail oldu. Onun siyasi iradəsi, zəngin idarəçilik təcrübəsi və strateji baxışı dövlətçiliyin möhkəmləndirilməsində həlledici rol oynadı.
Heydər Əliyevi xalqın yaddaşında əbədi yaşadan mühüm xüsusiyyətlərdən biri də onun misilsiz natiqlik qabiliyyəti idi. Ulu Öndər ən mürəkkəb siyasi və ictimai məsələləri belə sadə, aydın və məntiqli şəkildə ifadə edir, öz çıxışları ilə cəmiyyəti milli məqsədlər ətrafında birləşdirirdi. Onun hər bir çıxışı dövlətçilik fəlsəfəsinin, milli iradənin və müstəqil Azərbaycanın gələcəyinə inamın ifadəsi kimi səslənirdi. “Biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq” fikri də məhz Ulu Öndərin müstəqil Azərbaycan qarşısında müəyyən etdiyi strateji yolun mahiyyətini aydın şəkildə ortaya qoyurdu.
Heydər Əliyevin peşəkar idarəetmə nümunəsi Azərbaycanın dövlət institutlarının formalaşmasına və möhkəmlənməsinə də öz təsirini göstərdi. Dövlət idarəçiliyində məsuliyyət, intizam, qanunun aliliyi və milli maraqların üstün tutulması əsas prinsiplərə çevrildi. Dövlətin təhlükəsizliyinin təmin olunması, cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizənin aparılması, ictimai asayişin və sabitliyin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Bununla da dövlətin öz vətəndaşının təhlükəsizliyini və hüquqlarını qorumaq imkanları daha da gücləndirildi.
Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası və milli maraqlara əsaslanan fəal xarici siyasətin həyata keçirilməsi idi. Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığını genişləndirir, dünya dövlətləri ilə qarşılıqlı faydalı münasibətlər qurur, ölkənin siyasi və iqtisadi imkanlarını beynəlxalq miqyasda tanıdırdı. Eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyinin və həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi.
Bütün bunlar göstərir ki, 3 oktyabr 1993-cü il yalnız bir seçki tarixi deyil, Azərbaycanın müasir dövlətçilik tarixində yeni siyasi mərhələnin başlanğıcıdır. Həmin gün xalqın iradəsi ilə Prezident seçilən Heydər Əliyev öz zəngin siyasi təcrübəsi, möhkəm iradəsi və uzaqgörən dövlətçilik strategiyası ilə Azərbaycanın gələcək inkişafının möhkəm təməllərini yaratdı. Onun müəyyən etdiyi siyasi kurs ölkənin dayanıqlı inkişafının, dövlət müstəqilliyinin möhkəmləndirilməsinin və Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinin əsaslarından birinə çevrildi.
3 oktyabr tarixi bu baxımdan Azərbaycan xalqının milli iradəsinin, dövlətçilik əzminin və müstəqillik yoluna sədaqətinin mühüm ifadəsidir. Ulu Öndər Heydər Əliyevin siyasi irsi isə Azərbaycanın dövlətçilik tarixində dərin iz qoymuş, müstəqil dövlət quruculuğunun mühüm mərhələsini müəyyənləşdirmiş tarixi məktəb kimi öz əhəmiyyətini qoruyur.

Mələk Rzayeva
YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Digər xəbərlər