PDF Oxu

Siyasət

  • 555

1993-cü il 3 oktyabr Prezident seçkiləri və milli qurtuluşdan dayanıqlı inkişafa gedən yol - ŞƏRH

image

1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Həmin mürəkkəb mərhələ müstəqilliyimizin ağrılı və əzablı mərhələsi olmaqla yanaşı, dövlətçiliyin itirilməsi və vətəndaş qarşıdurması riski ilə üz-üzə qoymuşdu.
Belə bir şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti seçilməsi milli qurtuluşa gedən yolun başlanğıcı oldu. Ömrünü Azərbaycan Respublikasının gələcək inkişafına həsr edən dövlət adamı kimi həyatını təhlükə altına qoymuş Ümummilli Lider ölkəni düşdüyü dərin siyasi və sosial-iqtisadi böhrandan çıxarmaq üçün yeganə çıxış yolu idi. Millətin məhəbbətini qazanmış Ulu Öndər vətənə sədaqətli xidmət nümunəsi göstərərək qısa müddətdə daxili sabitliyi bərpa etdi və ölkədə cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə apararaq hüquq qaydalarını bərqərar etdi.
Ulu Öndər Heydər Əliyev fenomeni və onun peşəkar idarəetmə nümunəsi dövlət idarəçiliyində keyfiyyətcə yeni bir mərhələnin əsasını qoydu. Siyasətdə Ulu Öndər Heydər Əliyev üslubu dərin analitik təfəkkür, uzaqgörənlik və prinsipiallıqla xarakterizə olunurdu. Dahi orator olan Heydər Əliyev müzakirə olunan məsələnin mahiyyətini açmağı, mövzunu milli mənafe, dövlətçilik mövqeyindən təhlil etməyi ustalıqla bacarırdı. Siyasi idarəetmədə planlama prinsiplərinə söykənən Ümummilli liderin dəyişməz siyasi kursu sayəsində dövlət həyatının bütün sahələrində əsaslı dəyişikliklər həyata keçirildi. Ulu Öndər Heydər Əliyev milli dövlətçilik siyasətinin sarsılmaz təməllərini müəyyən edərək ölkədə sivil dövlət quruculuğu xəttini əsas götürdü.
Siyasi idarəetmənin ideoloji bazasını müəyyənləşdirən Ulu Öndər öz nitqində qeyd edirdi: “Biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq. Bu üç söz bizim dövlət quruculuğumuzun əsas mənasını, məzmununu, əsas prinsiplərini təşkil edir. Bu sözlərin üçü də - demokratiya da, hüquq da, dünyəvilik də insan haqlarından irəliyə gələn sözlərdir. Beləliklə, biz müstəqil Azərbaycanda öz strateji yolumuzu artıq müəyyən etmişik və bu yolla gedirik.” Bu strateji xəttin məntiqi davamı olaraq 1995-ci ildə qəbul edilən və ölkənin demokratik quruluş və inkişaf yolunu müəyyən etmiş konstitusiya insan hüquq və azadlıqlarının təmin olunmasının hüquqi zəminini formalaşdırdı.
Azərbaycanın siyasi-iqtisadi suverenliyinin təmin olunması istiqamətində atılan ən mühüm addımlardan biri uzaqgörən neft strategiyası oldu. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə ölkənin iqtisadi müstəqilliyinin təməli qoyuldu və bu xətt dayanıqlı inkişafın əsas hərəkətverici qüvvəsinə çevrildi. Eyni zamanda, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı və aktiv inteqrasiya siyasəti sayəsində Azərbaycan dünya birliyinin bərabərhüquqlu üzvünə çevrildi. Xarici siyasətdə hücum diplomatik taktikasının tətbiq olunması Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində əsaslı dönüş yaratdı. Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində kiçik bir ölkə dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. Bütün bu tarixi nailiyyətlər Heydər Əliyevin “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır” formulunun real həyatda öz təsdiqini tapmasını təmin etdi.


Kənan Quliyev
YAP Laçın rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər