Azərbaycanda aqrar sektorda taban qiymət mexanizmi tətbiq olunmalıdır.SİA xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında bildirib.Onun sözlərinə görə, hazırda Şəki-Zaqatala bölgəsində fındıqçılıq sahəsində yaranmış vəziyyət fermerləri narahat edir: "Həm qiymətlər iki dəfəyə qədər aşağı düşüb, həm də ziyanvericilər təsərrüfatlara böyük zərər vurub. Elə təsərrüfatlar var ki, onlar ümumiyyətlə gəlir götürmür, ya da çox cüzi gəlir götürür. Bu da ailələrin güzəranına mənfi təsir göstərir. Ona görə də yaxşı olardı ki, qanunvericilikdə istehsal xərclərini sığortalanması, minimum gəlirliyi təmin edən taban qiymət mexanizmi nəzərdə tutulsun, hesab edirəm ki, bu sahədə müflisləşmənin qarşısını alan çox mötəbər bir mexanizm olar. Eyni zamanda, fermerlərə maliyyə dəstəyi məhsul yığılan zaman yox, ilkin mərhələdə verilsə yaxşı olar. Bunun da qanunvericilikdə nəzərə alınması çox vacibdi"Bundan başqa, deputat deyib ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" yeni qanunun qəbul edilməlidir: "İndiki qanun 31 il bundan qabaq qəbul edilib. Onun icra mexanizmi çox zəifdir və hesab edirik ki, məhz bu zəifliyə görə praktikada bir sıra hallarda kobud qanun pozuntularına yol verilir. Məsələn, vətəndaşın mal alanda onu 14 gün ərzində qaytarmaq, yaxud da dəyişmək hüququ var. Bu hüquqdan, çox təəssüflər olsun ki, vətəndaşların çoxu istifadə edə bilmir. Qidaların keyfiyyətinin aşağı olması və sair istiqamətdə də xeyli dərəcədə misallar çəkə bilərəm. Dediklərimiz əsasında geniş əsaslandırmalar və tədqiqatlar keçirməklə istehlakçıların hüquqlarının qorunması məsələsinin dövlət səviyyəsində əsas prioritetə çevrilməsi üçün müasir tələblərə cavab verən yeni qanunun qəbul edilməsi çox məqsədəuyğun olar".
Müəllif: Günay Hacıyeva