PDF Oxu

Siyasət

  • 996

Xalq sevgisi ilə ucalan böyük şəxsiyyət - ŞƏRH

image

Azərbaycan xalqının tarixində elə şəxsiyyətlər var ki, onların fəaliyyəti yalnız müəyyən bir dövrlə məhdudlaşmır, xalqın taleyində dərin və silinməz iz buraxır. Ulu Öndər Heydər Əliyev də məhz belə böyük şəxsiyyətlərdən biridir. O, öz siyasi fəaliyyəti, dövlətçilik iradəsi, xalqa bağlılığı və Azərbaycan naminə gördüyü tarixi işlərlə xalqın dərin hörmət və məhəbbətini qazanmışdır.
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk dövrü ölkənin sosial-iqtisadi və mədəni inkişafında mühüm mərhələ kimi yadda qalmışdır. 1969-cu ildən başlayaraq həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində sənaye, kənd təsərrüfatı, elm, təhsil və digər sahələrdə mühüm irəliləyişlər əldə edilmiş, Azərbaycanın ittifaq miqyasında mövqeyi daha da möhkəmlənmişdir. Ulu Öndər eyni zamanda milli kadrların hazırlanmasına xüsusi diqqət yetirmiş, gənclərin müxtəlif ixtisaslar üzrə təhsil almasına geniş imkanlar yaratmışdır.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın qarşılaşdığı ağır problemlərin həlli istiqamətində mühüm addımlar atdı. Ölkədə siyasi sabitliyin təmin olunması, dövlət institutlarının möhkəmləndirilməsi və iqtisadi inkişaf üçün əsasların yaradılması Ulu Öndərin həyata keçirdiyi siyasətin başlıca istiqamətlərindən oldu. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın enerji strategiyasının formalaşmasında mühüm rol oynadı və ölkənin beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsinə yeni imkanlar yaratdı.
Ulu Öndərin rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsi dövlət quruculuğu tariximizin mühüm hadisələrindən biri oldu. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsipləri Konstitusiyada öz əksini tapdı. Bununla da müstəqil Azərbaycanın hüquqi dövlət kimi inkişafının mühüm təməli qoyuldu.
Heydər Əliyevin xalq qarşısındakı ən böyük xidmətlərindən biri də milli dövlətçilik ideyasını möhkəmləndirməsi idi. O, Azərbaycanın müstəqilliyinin qorunmasını, dövlətçilik ənənələrinin yaşadılmasını və milli maraqların müdafiəsini daim əsas prioritet kimi müəyyənləşdirirdi. Ulu Öndərin siyasi kursu sonrakı illərdə də davam etdirilərək Azərbaycanın inkişafının mühüm istiqamətinə çevrildi.
Heydər Əliyevə xalq məhəbbətinin əsasını onun xalqa olan sevgisi və xalqın taleyinə məsuliyyətli münasibəti təşkil edirdi. O, Azərbaycanı yalnız idarə edən dövlət xadimi deyil, ölkənin gələcəyini düşünən böyük siyasi lider kimi tarixə düşdü. Onun “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət etməkdir” fikri bu bağlılığın mahiyyətini aydın ifadə edir.
Bu gün Ulu Öndər Heydər Əliyevin adı Azərbaycan xalqının yaddaşında dövlətçilik, milli birlik və Vətənə xidmət anlayışları ilə bağlıdır. Onun zəngin siyasi irsi müasir Azərbaycanın inkişafında mühüm əhəmiyyət daşıyır. Ulu Öndərin xalq tərəfindən böyük sevgi və ehtiramla yad edilməsinin əsas səbəbi də məhz Azərbaycan dövlətinin və xalqının gələcəyi naminə gördüyü tarixi xidmətlərdir.
Heydər Əliyev öz fəaliyyəti ilə sübut etdi ki, əsl lider xalqın sevgisini yalnız sözlərlə deyil, gördüyü işlərlə qazanır. Onun adı Azərbaycan tarixində xalqına sədaqətlə xidmət etmiş böyük dövlət xadimi kimi yaşayır və gələcək nəsillər üçün dövlətçilik irsinin mühüm nümunəsi olaraq qalır.

İlgiz Məmmədov
YAP Füzuli rayon təşkilatının əməkdaşı

Digər xəbərlər