3 oktyabr 1993-cü il Azərbaycan dövlətçilik tarixinin ən mühüm dönüş nöqtələrindən biri kimi xüsusi əhəmiyyət daşıyır. Həmin gün keçirilən prezident seçkiləri yalnız dövlət başçısının müəyyənləşdirilməsi ilə məhdudlaşan siyasi hadisə deyildi. Bu seçki Azərbaycan xalqının öz taleyi, dövlətinin gələcəyi və müstəqilliyinin qorunması ilə bağlı tarixi seçimi idi. Xalqın böyük səs çoxluğu ilə Ümummilli Lider Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçməsi ölkənin siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu, dövlətçiliyin möhkəmləndirilməsi və milli inkişaf strategiyasının formalaşdırılması üçün möhkəm zəmin yaratdı. 1993-cü ilin Azərbaycanı mürəkkəb siyasi, sosial və iqtisadi proseslərin cərəyan etdiyi bir ölkə idi. Müstəqilliyin ilk illərində dövlət institutlarının zəifliyi, siyasi qarşıdurmalar, idarəetmədəki ciddi problemlər, iqtisadi tənəzzül, separatizm meyilləri və təhlükəsizlik təhdidləri Azərbaycanın müstəqil dövlət kimi gələcəyini ciddi sınaq qarşısında qoymuşdu. Dövlətin suverenliyinin və ərazi bütövlüyünün qorunması, cəmiyyətdə sabitliyin təmin edilməsi, qanunun aliliyinin bərqərar olunması və vahid dövlət idarəçiliyinin formalaşdırılması həyati zərurətə çevrilmişdi.
Belə bir tarixi mərhələdə Azərbaycan xalqının Heydər Əliyevə müraciəti təsadüfi deyildi. Ulu Öndərin dövlət idarəçiliyi sahəsində zəngin təcrübəsi, siyasi uzaqgörənliyi, milli maraqlara əsaslanan mövqeyi və mürəkkəb prosesləri düzgün qiymətləndirmək bacarığı cəmiyyətdə onun ətrafında geniş inam formalaşdırmışdı. 1992-ci ilin oktyabrında ziyalıların – “91-lər”in Heydər Əliyevə müraciəti də həmin ictimai-siyasi gözləntinin mühüm ifadələrindən biri idi. 1993-cü il iyunun 9-da Heydər Əliyevin Bakıya qayıdışı isə Azərbaycanın müasir tarixində yeni siyasi mərhələnin başlanğıcı oldu.
Ulu Öndər həmin dövrdə yalnız siyasi idarəçiliyi üzərinə götürmədi, eyni zamanda dövlətçiliyin qarşısında dayanan fundamental təhlükələrin aradan qaldırılması istiqamətində tarixi missiya həyata keçirdi. Gəncədə yaranmış ağır vəziyyətin aradan qaldırılması, vətəndaş qarşıdurması təhlükəsinin önlənməsi, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi, ictimai-siyasi sabitliyin təmin edilməsi və dövlət institutlarının gücləndirilməsi müstəqil Azərbaycanın gələcək inkişafının əsas şərtlərini formalaşdırdı. 3 oktyabr seçkilərindən sonra isə bu proses daha sistemli və ardıcıl xarakter aldı. 10 oktyabr 1993-cü ildə andiçmə mərasimində Ulu Öndərin səsləndirdiyi “həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm” fikri onun dövlətçilik fəlsəfəsinin mahiyyətini ifadə edirdi. Sonrakı fəaliyyət bu sözlərin siyasi fəaliyyət proqramına çevrildiyini göstərdi.
Heydər Əliyevin dövlətçilik konsepsiyasının əsasını ilk növbədə Azərbaycanın müstəqilliyinin qorunması, dövlət institutlarının möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğu, ictimai-siyasi sabitliyin təmin edilməsi və milli həmrəyliyin gücləndirilməsi təşkil edirdi. Onun rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan tədricən böhran və qarşıdurma mühitindən çıxaraq sabitlik və inkişaf mərhələsinə qədəm qoydu. Dövlətin siyasi və iqtisadi suverenliyinin möhkəmləndirilməsi, ordu quruculuğunun sistemli şəkildə həyata keçirilməsi və milli təhlükəsizlik mexanizmlərinin formalaşdırılması müstəqilliyin dönməzliyini təmin edən əsas amillərə çevrildi. Ulu Öndər üçün dövlətçilik yalnız dövlət institutlarının fəaliyyətindən ibarət deyildi. Dövlətçilik, eyni zamanda, milli kimlik, milli-mənəvi dəyərlər, tarixi yaddaş və vətəndaş məsuliyyəti ilə sıx bağlı idi. Onun formalaşdırdığı azərbaycançılıq ideologiyası bu baxımdan xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər – bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir”, – deyən Ulu Öndər milli ideologiyanı dövlətçilik və milli həmrəyliyin mühüm dayağı kimi müəyyənləşdirirdi. Azərbaycançılıq məfkurəsi yalnız ölkə daxilində yaşayan vətəndaşları birləşdirən ideoloji platforma kimi deyil, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları vahid milli dəyərlər ətrafında birləşdirən ümummilli konsepsiya kimi formalaşdı. Milli özünüdərk, tarixi yaddaşın qorunması, Azərbaycan dilinə, mədəniyyətinə və milli-mənəvi dəyərlərə bağlılıq bu konsepsiyanın mühüm istiqamətlərini təşkil etdi. 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi də bu siyasətin institusional və beynəlxalq miqyasda mühüm nəticələrindən biri oldu. Ulu Öndərin dövlətçilik strategiyasının mühüm istiqamətlərindən biri də hüquqi dövlət quruculuğu idi. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi müstəqil dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsi baxımından tarixi hadisə oldu. Konstitusiyada demokratik, hüquqi və dünyəvi dövlət prinsipləri, insan və vətəndaş hüquq və azadlıqlarının təminatı, hakimiyyət bölgüsü və dövlət idarəçiliyinin fundamental prinsipləri təsbit edildi. Ulu Öndərin “Biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq” fikri məhz bu dövlətçilik fəlsəfəsinin mahiyyətini ifadə edirdi. Onun siyasi kursunda hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşdırılması, qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi mühüm yer tuturdu. Senzuranın ləğvi, ölüm hökmünün aradan qaldırılması, Ombudsman institutunun və Konstitusiya Məhkəməsinin yaradılması kimi addımlar müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən mühüm islahatlar sırasında yer aldı.
Heydər Əliyevin siyasi irsində iqtisadi müstəqillik də dövlət suverenliyinin ayrılmaz hissəsi kimi nəzərdən keçirilirdi. Ulu Öndər yaxşı anlayırdı ki, siyasi müstəqilliyin davamlı olması üçün onun möhkəm iqtisadi dayaqları olmalıdır. Bu baxımdan neft strategiyası Azərbaycanın müstəqil dövlət kimi gələcək inkişafının maliyyə və iqtisadi əsaslarının formalaşdırılmasında mühüm rol oynadı. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın enerji siyasətində yeni mərhələ açdı. Bu saziş ölkəyə böyük həcmdə xarici investisiyaların cəlb edilməsinə, enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasına və Azərbaycanın beynəlxalq iqtisadi münasibətlər sistemində mövqeyinin möhkəmlənməsinə imkan yaratdı. Sonrakı dövrdə Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərlərinin istifadəyə verilməsi, daha sonra isə Bakı-Tbilisi-Ceyhan kimi strateji enerji layihəsinin reallaşması Azərbaycanın enerji diplomatiyasının uzunmüddətli nəticələrini ortaya qoydu.
Bu siyasətin mahiyyəti yalnız neft gəlirlərinin əldə edilməsindən ibarət deyildi. Azərbaycanın enerji potensialının geosiyasi və iqtisadi imkanlara çevrilməsi, ölkənin beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi və milli iqtisadiyyatın inkişafı üçün yeni resursların formalaşdırılması strateji məqsəd daşıyırdı. Enerji layihələri eyni zamanda Azərbaycanın regional əməkdaşlıq və beynəlxalq nəqliyyat-kommunikasiya layihələrində fəal iştirakının əsasını qoydu. Ulu Öndərin xarici siyasət konsepsiyası da dövlət müstəqilliyinin möhkəmləndirilməsi məqsədinə xidmət edirdi. Azərbaycanın beynəlxalq münasibətlər sistemində müstəqil və suveren aktor kimi mövqeyinin gücləndirilməsi, dünya dövlətləri və beynəlxalq təşkilatlarla bərabərhüquqlu əməkdaşlığın inkişaf etdirilməsi, milli maraqların beynəlxalq hüququn norma və prinsipləri əsasında müdafiəsi bu siyasətin əsas istiqamətlərindən idi. Heydər Əliyevin diplomatik fəaliyyətində balanslaşdırılmış və praqmatik yanaşma xüsusi yer tuturdu. Azərbaycan özünün coğrafi mövqeyindən, enerji və iqtisadi potensialından istifadə etməklə beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirdi. Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafı, enerji və kommunikasiya layihələri Azərbaycanın regional və beynəlxalq proseslərdə rolunun artmasına mühüm töhfə verdi. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin beynəlxalq ictimaiyyətə çatdırılması və Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüquq əsasında müdafiəsi Ulu Öndərin xarici siyasətinin mühüm prioritetlərindən biri oldu. Bu istiqamətdə aparılan ardıcıl diplomatik fəaliyyət sonrakı illərdə Azərbaycanın beynəlxalq hüquqi mövqelərinin möhkəmlənməsi üçün mühüm siyasi-diplomatik baza formalaşdırdı.
Heydər Əliyevin siyasi irsinin mühüm xüsusiyyəti ondan ibarət idi ki, o, cari problemlərlə yanaşı, uzunmüddətli strateji hədəfləri də müəyyənləşdirirdi. Onun idarəçilik fəlsəfəsində siyasi uzaqgörənlik, real vəziyyətin düzgün qiymətləndirilməsi, mövcud resurslardan səmərəli istifadə və qərarların mümkün nəticələrinin əvvəlcədən nəzərə alınması mühüm yer tuturdu. Bu yanaşma Azərbaycanın keçid dövrünün mürəkkəb şərtlərindən çıxaraq dayanıqlı inkişaf modelinə keçməsinə imkan verən əsas amillərdən biri oldu.
Ulu Öndərin siyasi fəaliyyətinin digər mühüm cəhəti dövlətçiliklə xalq arasında etimadın möhkəmləndirilməsi idi. Onun çıxışlarında dövlətin vətəndaş qarşısında məsuliyyəti ilə vətəndaşın dövlət qarşısındakı məsuliyyəti bir-birini tamamlayan anlayışlar kimi təqdim olunurdu. “Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir” fikri bu yanaşmanın mahiyyətini aydın ifadə edir. 3 oktyabr 1993-cü il hadisələrinə bu gün yalnız tarixi keçmişin bir səhifəsi kimi yanaşmaq mümkün deyil. Həmin seçki ilə başlayan siyasi mərhələnin nəticələri Azərbaycanın sonrakı dövlətçilik inkişafında özünü göstərdi. Müstəqil dövlət institutlarının möhkəmləndirilməsi, hüquqi bazanın formalaşdırılması, iqtisadi islahatların həyata keçirilməsi, enerji strategiyasının reallaşdırılması, beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqelərinin gücləndirilməsi və milli ideologiyanın formalaşdırılması bir-biri ilə əlaqəli vahid dövlətçilik strategiyasının tərkib hissələri idi. Ulu Öndərin siyasi irsinin əsas mahiyyəti Azərbaycanın müstəqil dövlət kimi yaşaması və inkişaf etməsi ideyasında ifadə olunurdu. Onun “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, yenilməzdir, sarsılmazdır” fikri dövlətçilik kursunun strateji məqsədini müəyyənləşdirirdi. Müstəqilliyin yalnız əldə edilməsi deyil, onun qorunması, möhkəmləndirilməsi və gələcək nəsillərə daha güclü dövlət kimi ötürülməsi bu siyasi fəlsəfənin əsas xəttini təşkil edirdi. Bu baxımdan Heydər Əliyev siyasi kursunun mühüm xüsusiyyəti onun institusional xarakter daşımasıdır. Dövlət idarəçiliyi, hüquq sistemi, iqtisadi siyasət, enerji diplomatiyası, milli ideologiya və xarici siyasət istiqamətində formalaşdırılan strategiya sonrakı mərhələlərdə Azərbaycanın inkişafında davamlı siyasi xətt üçün baza yaratdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində də dövlət müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi potensialın artırılması, beynəlxalq mövqelərin gücləndirilməsi və milli maraqların təmin olunması istiqamətləri ardıcıl şəkildə davam etdirildi. Bu siyasi xəttin nəticəsində Azərbaycan 1990-cı illərin əvvəllərində üzləşdiyi mürəkkəb problemlərdən keçərək dövlət institutları, iqtisadi imkanları, müdafiə potensialı və beynəlxalq əlaqələri baxımından yeni mərhələyə daxil oldu. Azərbaycanın 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü bərpa etməsi, daha sonra suverenliyinin tam təmin olunması dövlətçilik tarixinin yeni mərhələsini formalaşdırdı. Bu baxımdan 1993-cü ildən etibarən həyata keçirilən dövlət quruculuğu siyasətinin strateji nəticələrini Azərbaycanın sonrakı inkişaf mərhələlərindən ayrı təsəvvür etmək mümkün deyil. Bu gün 3 oktyabr 1993-cü il tarixinə nəzər salarkən əsas məqam ondan ibarətdir ki, həmin tarix Azərbaycanın dövlətçilik yolunda siyasi iradənin, milli həmrəyliyin və strateji dövlət idarəçiliyinin yeni mərhələsinin başlanğıcını ifadə edir. Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti dövlət müstəqilliyinin qorunması, milli maraqların müdafiəsi, hüquqi dövlət quruculuğu, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq istiqamətlərində ardıcıl strategiyanın formalaşdırılması ilə səciyyələnir.
Heydər Əliyevin “Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək firavan həyatını özü quracaqdır” fikri onun dövlətçilik konsepsiyasının əsas məğzini ifadə edir. Bu yanaşmada dövlətin taleyinin xalqın iradəsi və milli maraqlar əsasında müəyyənləşdirilməsi ideyası dayanır. 3 oktyabrın tarixi-siyasi əhəmiyyəti də məhz burada özünü göstərir: həmin gün Azərbaycan xalqı dövlətçiliyin qorunması və möhkəmləndirilməsi istiqamətində siyasi seçim etdi. Bu seçim sonrakı illərdə dövlət institutlarının gücləndirilməsi, milli iqtisadiyyatın inkişafı, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və Azərbaycanın suveren inkişaf strategiyasının formalaşması üçün əsas siyasi zəminlərdən birinə çevrildi.
Ulu Öndər Heydər Əliyevin siyasi irsi bu gün də Azərbaycan dövlətçiliyinin mühüm tarixi-siyasi dayaqlarından biri kimi öyrənilir və dövlətçilik düşüncəsinin formalaşmasında əhəmiyyətini qoruyur. Onun müəyyən etdiyi əsas prinsiplər – müstəqillik, dövlətçilik, azərbaycançılıq, milli həmrəylik, hüquqi dövlət, iqtisadi inkişaf və milli maraqlara əsaslanan xarici siyasət – Azərbaycanın müasir siyasi tarixinin mühüm istiqamətlərini təşkil edir.
3 oktyabr 1993-cü il bu baxımdan sadəcə bir seçkinin tarixi deyil. Bu tarix müstəqil Azərbaycanın dövlətçilik salnaməsində yeni siyasi mərhələnin başlanğıcı, milli qurtuluşa aparan proseslərin institusional əsasda davam etdirilməsi və gələcək inkişaf üçün strateji kursun müəyyənləşdirilməsi baxımından xüsusi yer tutur. Ulu Öndərin həmin dövrdə qarşıya qoyduğu məqsəd aydın idi: müstəqil Azərbaycan dövlətini qorumaq, möhkəmləndirmək, inkişaf etdirmək və onu beynəlxalq münasibətlər sistemində layiqli mövqeyə çıxarmaq.
Bu gün Azərbaycanın suveren, müstəqil və beynəlxalq münasibətlər sistemində fəal dövlət kimi mövcudluğu 1993-cü ildən etibarən formalaşan dövlətçilik strategiyasının tarixi əhəmiyyətini bir daha diqqətə çatdırır. Ümummilli Lider Heydər Əliyevin siyasi irsi isə Azərbaycan dövlətçiliyinin inkişaf tarixinin mühüm mərhələlərindən biri olaraq öz aktuallığını qoruyur.
Mehriban Vəliyeva
Milli Məclisin deputatı