PDF Oxu

Siyasət

  • 1 001

Heydər Əliyev irsi müasir Azərbaycanı Zəfər zirvəsinə yüksəldib

image

1993-cü il Azərbaycan tarixinin ən mühüm dönüş mərhələlərindən biri kimi yadda qalıb. Həmin ilin 3 oktyabrında keçirilmiş prezident seçkiləri ölkənin siyasi həyatında yeni mərhələnin əsasını qoydu. Azərbaycan xalqı böyük səs çoxluğu ilə Ümummilli Lider Heydər Əliyevə etimad göstərərək Onu dövlət başçısı seçdi. Ulu Öndər qarşısında olduqca mürəkkəb və məsuliyyətli vəzifələr dayanırdı. Ölkə ciddi siyasi, iqtisadi və sosial böhranla üz-üzə idi, dövlət müstəqilliyinin gələcəyi ilə bağlı təhlükələr mövcud idi.Ulu Öndər Heydər Əliyev andiçmə mərasimində xalq qarşısında mühüm bir vəd verdi: “Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”. Sonrakı fəaliyyət Ümummilli Liderin bu sözlərinin dövlətçilik tarixində konkret nəticələrlə təsdiq olunduğunu nümayiş etdirir.Məhz belə bir mürəkkəb tarixi şəraitdə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın taleyində həlledici rol oynadı. Ulu Öndərin qarşıya qoyduğu əsas məqsədlər dövlətçiliyin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin bərqərar edilməsi, iqtisadiyyatın dirçəldilməsi, ordu quruculuğunun gücləndirilməsi və müstəqilliyin dönməz xarakter almasının təmin olunması idi. Qısa müddətdə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində ölkədə sabitlik bərpa edildi, dövlət qurumlarının fəaliyyəti təkmilləşdirildi və Azərbaycanın davamlı inkişafının siyasi-hüquqi əsasları formalaşdırıldı.Siyasi sabitliyin təmin edilməsi iqtisadi inkişaf üçün də əlverişli şərait yaratdı. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi siyasətinin strateji istiqamətləri müəyyənləşdirildi, bazar iqtisadiyyatına keçid sürətləndirildi, sahibkarlığın inkişafı və xarici investisiyaların cəlb edilməsi üçün yeni imkanlar formalaşdırıldı. Bu siyasətin mühüm nəticələrindən biri 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması oldu. Dünyanın aparıcı enerji şirkətlərinin iştirakı ilə bağlanan bu saziş Azərbaycanın enerji resurslarının beynəlxalq bazarlara çıxarılması üçün geniş imkanlar yaratdı. Sonrakı illərdə Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft kəmərlərinin reallaşdırılması ölkənin enerji strategiyasının mühüm mərhələlərini təşkil etdi. Enerji siyasəti yalnız iqtisadi gəlirlərin artırılmasına deyil, Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsinə və regional əməkdaşlıq imkanlarının artmasına da xidmət etdi. Beləliklə, neft-qaz layihələri ölkənin regional enerji xəritəsində rolunu gücləndirdi.Heydər Əliyevin prezidentliyi dövründə dövlət quruculuğunun hüquqi və institusional əsasları formalaşdırıldı. Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Konstitusiyada demokratik, hüquqi və dünyəvi dövlət prinsipləri, insan hüquq və azadlıqlarının təminatı, hakimiyyət bölgüsü və dövlət idarəçiliyinin fundamental əsasları öz əksini tapdı. Ulu Öndərin “Biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq” fikri dövlət quruculuğu siyasətinin mahiyyətini ifadə edirdi. Sonrakı mərhələdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, Konstitusiya Məhkəməsinin və Ombudsman institutunun yaradılması, ölüm hökmünün ləğvi, senzuranın aradan qaldırılması və digər islahatlar hüquqi dövlət quruculuğunun mühüm istiqamətlərini təşkil etdi.Bu dövrdə milli ideologiyanın formalaşdırılması da dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq məfkurəsi milli həmrəyliyin, dövlətçilik düşüncəsinin və milli-mənəvi dəyərlərin qorunmasının mühüm ideoloji dayağı kimi çıxış etdi. Ulu Öndər azərbaycançılığı dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərləri özündə birləşdirən milli ideologiyanın əsası kimi müəyyənləşdirirdi.Heydər Əliyevin dövlətçilik strategiyasının mühüm istiqamətlərindən biri Azərbaycanın beynəlxalq münasibətlər sistemində müstəqil və fəal mövqeyinin təmin edilməsi idi. Ulu Öndərin formalaşdırdığı balanslaşdırılmış xarici siyasət müxtəlif dövlətlər və beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə imkan verdi. Azərbaycanın dünya birliyinə inteqrasiyası, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı, Böyük İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafı və Xəzərin enerji resurslarının dünya bazarlarına çıxarılması ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə təsir göstərdi.Ulu Öndərin xarici siyasətinin əsas prioritetlərindən biri Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması və ölkənin ərazi bütövlüyünün təmin olunması idi. Heydər Əliyev beynəlxalq platformalarda Azərbaycanın mövqeyini ardıcıl şəkildə müdafiə edir, münaqişənin beynəlxalq hüquq normaları əsasında həllinə çağırırdı. Bununla yanaşı, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini müdafiə edən diplomatik xətt sistemli şəkildə davam etdirildi.2003-cü ildə cənab İlham Əliyevin Prezident seçilməsi ilə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik və inkişaf strategiyasının yeni mərhələdə davam etdirilməsi təmin edildi. Ölkənin sosial-iqtisadi və hərbi potensialının daha da gücləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, infrastrukturun yenilənməsi və dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirildi. Bu siyasətin mühüm nəticələrindən biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi oldu. 2020-ci il Vətən müharibəsi nəticəsində ərazilərin böyük hissəsi işğaldan azad edildi, 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirlərindən sonra isə ölkənin bütün ərazilərində dövlət suverenliyi tam bərqərar oldu.Artıq Azərbaycan postmüharibə dövründə yeni mərhələyə qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq layihələri həyata keçirilir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edir. Eyni zamanda, regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi üçün yeni imkanlar yaranıb. Beləliklə, dövlətçiliyin qorunması və müstəqilliyin möhkəmləndirilməsi ilə başlayan siyasi xətt müasir mərhələdə Azərbaycanın suverenliyinin tam təmin olunması və regionda sülh dövrünün formalaşması istiqamətində yeni məzmun qazanıb.

Bədəl Bədəlov

Milli Məclisin deputatı

Digər xəbərlər