PDF Oxu

Siyasət

  • 562

Qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu - ŞƏRH

image

1993-cü ildən bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır. Məhz Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi, beynəlxalq aləmdəki nüfuzu və dövlət idarəçiliyindəki zəngin təcrübəsi sayəsində milli dövlətçiliyin, qüdrətli Azərbaycan dövlətinin və müstəqilliyimizin əbədiliyinin təməli qoyuldu. Həmin dövrdə Ümummilli Lider qətiyyətlə bildirmişdir ki, Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.

1993-cü ilin 3 oktyabr tarixində keçirilən prezident seçkilərində xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Ümummilli Lider andiçmə mərasimindəki nitqində bildirmişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.
Müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması istiqamətində mühüm islahatlar aparıldı. Ümummilli Lider, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, ilk Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli, eyni zamanda, ölkəmizin bu gün dünyada qüdrətli dövlət kimi tanınması məhz Ümummilli Lider Heydər Əliyevin xidmətləridir.
Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsindən biridir. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrilmişdir. Ümummilli Lider bildirmişdir: “Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər - bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir”.
Bu mühüm reallığı da qeyd edək ki, 1993-cü ildə Prezident seçilən Ulu Öndər Heydər Əliyevin təcrübəli və müdrik siyasəti sayəsində qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yarandı və uğurlar əldə olundu. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başlamış və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrilmişdir. Qərbə inteqrasiya yolunu tutan Ulu Öndər Heydər Əliyev ən çətin anlarda belə yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiAzərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi. Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərini sadalamaqla bitməz. Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir. 2003-cü ildən bu xətti bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı tarixi Zəfərinə, suverenliyimizin tam bərpasına qovuşdurdu. Bu gün azad edilmiş bütün torpaqlarımızda Azərbaycan Bayrağının dalğalanmasından qürurluyuq. Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir, soydaşlarımız dogma yurd-yuvalarına qayıdırlar. Prezident İlham Əliyev Ümummilli Liderin arzusunu reallığa çevirdi. Güclü, qüdrətli, qalib Azərbaycan həmişə hədəfimiz olub.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri

Digər xəbərlər